Məhkəmə qərarları › İş №2(125)-3787/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3787/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3787/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat borc və 30 manat dövlət rüsumu olmaqla, 1030 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh, Gəncə şəhəri “Abbas Səhət” xəstəxanasının yaxınlığında yerləşən “Avropa qapılar” adlanan sex-mağazada işləyirdi. Təxminən ilin əvvəllərində o, özünəməxsus evin qapılarını dəyişdirmək qərarına gəlmiş və dostlarının məsləhəti ilə cavabdeh işləyən yerə getmişdir. Aralarında olan razılığa görə cavabdeh ona 3 yeni qapı verməli və 2 ədəd evdə olan qapıları təmir etməliydi, bu işləri ona qısa müddətə, yəni 3-4 günə təhvil verməliydi. O, razılaşdıqları gün cavabdehə 600 manat beh vermiş, bir neçə gün sonra xx.xx.2024-cü il tarixdə kürəkəni X5 cavabdeh ilə görüşüb ona 400 manat pul vermişdir. Bundan sonra o, dəfələrlə cavabdehlə əlaqə saxlasa da, o hər dəfə bir bəhanə gətirib nə qapını, nə də ki pulu qaytarmamışdır. Onunla cavabdeh arasında “whatsapp” yazıları, həmçinin cavabdehin səsli mesajları vardı. Son günlər isə cavabdeh ümumiyətlə telefonunu söndürüb. O artıq evinə başqa yerdən qapılar alıb qoymuşdur və ona görə qapıya artıq ehtiyac yoxdur. Buna görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi o, cavabdehlə istifadəsində olan ***-***-**-** nömrəsindən dəfələrlə “whatsapp” vasitəsi ilə cavabdehin istifadəsində olan ***-***-**-** nömrə ilə danışmışdır, ondan borcu ödəməsini həm yazılı mesaj, həm də səsli mesaj ilə tələb etmişdir, cavabdeh isə hər dəfə eyni qayda ilə ona cavab verərək müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, 2024-cü ilin əvvəlində cavabdehlə 2100 manat müqabilində onun mənzilində üç yeni qapı quraşdırılması və iki qapının isə təmir edilməsi barədə razılığa gəlinmişdir. Cavabdehə cəmi 1000 manat pul vermiş, lakin cavabdeh işini icra etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünün istifadəsində olan +**********00 nömrəsi ilə cavabdehin istifadəsində olan +**********23 nömrəsi arasında telefon danışığını əks etdirən 1 ədəd “CD” disk və 7 ədəd “Whatsapp” sosial platformasına aid yazışmaları əks etdirən fotoşəkillər, eləcə də Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı təqdim etmişdir. İş materiallarında olan Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Mənzili köhnə təmirli olduğu üçün həmin mənzilini təmir etdirib Gəncə şəhərinə köçmək istəmişdir. Mənzilini təmir etdirdikdən sonra qapılarını da dəyişdirmək istəmişdir, ona məsləhət etmişdirlər ki, Avropa qapıları adlanan yerdən qapıları al, orada daha keyfiyyətlidir. Təxminən 1 ay bundan qabaq o da X1 yaxınlığında yerləşən “Avropa qapıları” adlanan yerə yaxınlaşanda orada Ruslan adlı müdürlə tanış olmuşdur. Ruslan ona qapıların qiyməti haqqında ümumi məlumat vermişdir. Sonra o Ruslandan 3 ədəd qapını ölçməsi üçün onunla birlikdə onun ünvan 2 ünvanındaki mənzilinə getmişdirlər. Ruslan ünvan 3 ünvanında onun qapılarını ölçdükdən sonra orada onunla qiymətdə razılaşmışdırlar. Həmin vaxt Ruslan qapılarını almaq və həmin evdə olan qapılarını təmir etmək üçün beh məqsədi ilə ondan pul istəmişdir, onun da üzərində 600 manat pul olmuş, o bütün pulunu ona vermişdir. O Ruslana ünvan 1 ünvanında pulu verdikdən 3-4 gün sonra ona (***-***-**-**) mobil nömrəsindən zəng edərək ondan əlavə 400 manat pul istəmişdir. O da Ruslana Şəmkir rayonunda olduğunu demiş, o isə gəlib ondan Şəmkir rayonundan pul götürə biləcəyini bildirmişdir. Sonradan Ruslana yeznəsi X3 Gəncə şəhərində yaşadığını, ona deyəcəyini, pul verəcəyini demişdir. O Sənana zəng edib Ruslana 400 manat verməsini istəmişdir və Ruslanın telefon nömrəsini Sənana demişdir. Sənan Ruslanla danışdıqdan sonra ona Gəncə şəhərində H.Əliyev prospektində 400 manat pul vermişdir. Sonra Ruslanla 5 gündən sonra telefonla danışmış və ona yaxın zamanda qapıları gətirəcəyini bildirmişdir. Ondan sonra o Ruslanı dəfələrlə yığsa da, Ruslan telefonuna cavab verməmişdir, sonra yenidən “Avropa qalları” adlanan yerə getmiş, orada tapmamışdır. Ruslan ona 2 günə qapıları gətirəcəyini bildirmişdir. Ondan 2 gün sonra o Ruslanla telefonla əlaqə saxlamağa çalışsa da, Ruslan onun nömrəsini blok etdiyi üçün buna nail ola bilməmişdir. O bu hadisədən sonra bir neçə dəfə də onunla əlaqə saxlamağa çalışsa da, o, yenə də onun zənglərinə cavab verməmişdir, təxminən 3 gün sonra onun fəaliyyət göstərdiyi mağazaya getmiş və mağazanın içərisinin boş olduğunu, fəaliyyətinin dayandırılmasını aşkar etmişdir. Qərarda qeyd edilir ki, material üzrə araşdırma zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlanılmış, müraciətlə bağlı olduğu yer soruşulmuş və izahat verməli olduğu izah edilmişdir. Cavabdeh hazırda Bakı şəhərində olduğunu, Bakı şəhərində olduğu üçün izahat vermək üçün Gəncə şəhərinə gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh İddiaçı 5 ədəd qapı düzəltməsi üçün ona 1000 manat pul verdiyini, onun 2 ədəd qapı düzəldərək İddiaçı təhvil verdiyini, lakin Xanların qapıları bəyənməyərək geri qaytardığını, pulunu geri istədiyini, onun da maddi vəziyyəti ilə əlaqədar pulu qaytara bilmədiyini, lakin ən qısa zamanda qaytaracağını bildirmişdir. Buna görə Cavabdeh izahatını almaq mümkün olmamışdır. Beləliklə, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində İddiaçı Cavabdeh qapı sifarişi üçün 1000 manat pul vermiş, sonuncu tərəfindən sifarişə uyğun olaraq hazırlanmış qapılar İddiaçı tərəfindən bəyənilmədiyindən geri qaytarılmışdır. Qərara əsasən Cavabdeh əməlində Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, tərəflərə aralarında olan mülki məsələnin həlli ilə bağlı olaraq mülki iddia qaydasında məhkəməyə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür. Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllə müəyyən edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1 və 76.2-ci maddələri). İşin şərh edilən faktiki hallarından da göründüyü kimi, tərəflər arasında 2024-cü ilin əvvəlində şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı mənzilində təmir işlərinin aparılması ilə əlaqədar cavabdehə sifariş etmiş, aralarında olan razılığa görə 2100 manat müqabilində cavabdeh iddiaçının mənzilində 3 yeni qapı quraşdırmalı, 2 ədəd qapıları isə təmir etməli idi. Cavabdeh nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci təşkil edir. Belə ki, Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin yuxarıda qeyd edilən hallarından, iddiaçının məhkəmə baxışı zamanı verdiyi izahatından, eləcə də işin tədqiq olunmuş digər materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzdun bir hissəsini – 1000 manat pulu ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi icra etməmişdir. Belə ki, Gəncə şəhəri 1-ci Polis şöbəsində toplanmış material üzrə araşdırma zamanı Cavabdeh İddiaçı 5 ədəd qapı düzəltməsi üçün ona 1000 manat pul verdiyini, onun 2 ədəd qapı düzəldərək İddiaçı təhvil verdiyini, lakin Xanların qapıları bəyənməyərək geri qaytardığını, pulunu geri istədiyini, onun da maddi vəziyyəti ilə əlaqədar pulu qaytara bilmədiyini, lakin ən qısa zamanda qaytaracağını bildirmişdir. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 1000 manat muzdun ödənilməsi, onun müqabilində isə cavabdehin öz öhdəliyini tam icra etməməsi, yəni sifariş üzrə işi istənilən qaydada icra etməməsi sübuta yetirilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə xərcinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar