Məhkəmə qərarları › İş №2(125)-3791/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3791/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3791/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutlaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqlarının yaşayışının minimum səviyyəsini ödəmir. Uşaqları dərslərdən əlavə kurslara, məşğələlərə gedirlər. Həmçinin oğlu Çingizxan eynək taxır, dişlərində də problemləri var. Tez-tez həkimə getməli olur və müalicə alır. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil1 bildirmişdir ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəyir, bundan əlavə geyim, telefon, uşaqların ad günləri və s. digər xərclərini də çəkir. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan X10 MMC-nin arayışından görünür ki, Cavabdeh servis menecer vəzifəsində çalışır və əmək haqqı 670 manat təşkil edir. İş materiallarında olan Gəncə Şəhər Mədəniyyət İdarəsi Uşaq Rəssamlıq məktəbinin arayışından görünür ki, X2 Şəhər Uşaq Rəssamlıq məktəbinin İİ sinifində təhsil alır. İş materiallarında olan Gəncə Beynəlxalq xəstəxanasının qəbzlərindən görünür ki, Çingizxana eynək tövsiyyə edilmişdir. İş materiallarında olan İDF Mənzil Servis Mənzil Tikinti Kooperativinin Gəncə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı övladları ilə birlikdə İlin dörd fəsli MMCnin yaşayış binası Gəncə şəhəri, H.Əliyev pr. yerləşən bina 238, məzil 56, 72.08 kvm, iki otaqlı məzildə 2017-ci ildən müvəqqəti olaraq qeydiyyatsız yaşayır. İş materiallarında olan SV dental klinikasının arayışından görünür ki, X3 diş klinikasında distal okkluziya problemindən ortodontik müalicə alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, cavabdehin 670 manat əmək haqqı almasını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5039/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar