Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3793/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh2, digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara saxlamaq üçün verdiyi 60000 manat və ödədiyi dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Vüqar oğlu, İmmi isə gəlinidir. Bir müddət bundan əvvəl o əmlak satmışdır, əlində 60000 manat pul var idi. O, 60000 manat puluna maşın almaq istəyirdi. Ona görə də pulunu saxlamaq üçün oğluna vermişdir. Ancaq pul lazım olanda cavabdehlərdən istəyərkən onlar pulu verməkdən imtina etmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, Moskvada olarkən orada yerləşən evini sataraq, üç oğlunun hər birinə ev almışdır. 2013-cü ildə oğlu Vüqarın adına torpaq alaraq orada qeyri-yaşayış sahəsi tikdirmişdir, həmin vaxt Rusiya Federasiyasının vətəndaşı olaraq Rusiyada yaşadığından, həmçinin həyat yoldaşı ağır xəstə olduğundan torpağı oğlu Vüqarın adına almalı olmuşdur. Bundan sonra 2022-ci ilin yanvar ayında 60000 manat məbləğində pul qarşılığında qeyri-yaşayış sahəsini satmış, alan şəxs Cavabdeh2 beh kimi 3000 manat, digər Cavabdeh1 isə 57000 manat pul vəsaiti vermişdir, o, 60000 manat pulu görməmişdir. Cavabdehlər sonra həmin pulu az-az xərcləmişlər. Həmin pulun 13000 manatını oğlu Vüqarın işinə görə, 15000 manatını Göygöl rayonunun Üçbulaq kəndində oğlu Vüqarın tikdirdiyi evə görə xərcləmişdir. Qalan 32000 manat pulun 2000 manatını da ona bağışlayır və hazırda 30000 manatını tələb edir. Həmin pul onun kəfən puludur, hazırda dolanışıq xərclərini qarşılaya bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bildirmişdi ki, iddiaçı onun atasıdır, sözügedən torpaq sahəsi onun öz adına olmuş, həmin torpaq sahəsini öz vəsaiti hesabına almışdır. Ümumiyyətlə, iddiaçı Göygöl rayonunun Üçbulaq kəndində tikilən evə 15000 manat pul xərcləndiyini bildirsə də, ora xərclənən məbləğ deyiləndən qat-qat azdır. Qeyri-yaşayış sahəsini 60000 manata satmış, həmin pulun 3000 manatını sənədləşməyə, 1600 manatını isə Rusiyadan gəliş-gediş xərclərinə sərf etmişdir. Həmçinin oranı satarkən 3000 manat beh verilmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, həmin əmlak Cavabdeh1 məxsus olmuşdur, iddiaçının tələbi formal və əsassızdır, həmçinin iddiaçı iddia tələbini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, iddiaçı onun qayınatası, digər cavabdeh Vüqar isə onun həyat yoldaşıdır. Sözügedən qeyri-yaşayış sahəsi Vüqarın öz adına idi, oranın satılmasını iddiaçının bacısı qızı təşkil etmişdir, çünki həmin vaxt nə iddiaçı, nə də digər cavabdeh Azərbaycanda olmamışlar. İddiaçı ona beh kimi verilmiş 3000 manat pul vəsaitini vermişdir ki, həmin pulu o saxlasın. O da 3000 manat məbləğindəki pulu evə qoymuşdur. Məhkəmə, iddiaçını, Cavabdeh2, digər Cavabdeh1 nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1918 nömrəli, xx.xx.2013-cü il tarixli “Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Gəc zavoduna gedən yolun kəsişməsinin şimal-şərq tərəfində ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamına əsasən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Gəc zavoduna gedən yolun kəsişməsinin şimal-şərq tərəfindəki 500,0 kv.m boş torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa ediləcək ticarət obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən müddəların və iddianın dəlillərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı oğlu və gəlini olan cavabdehlərdən özünə məxsus qeyri-yaşayış sahəsinin satışından əldə edilən pul vəsaitini tələb edir. Lakin iddiaçı həmin qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, onun satışından əldə edilən pul vəsaitini cavabdehlərə verməsini təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3793/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3793/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver