Məhkəmə qərarları › İş №2(125)-3822/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3822/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3822/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məlumatın təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun barəsində yazmış olduğu şər və böhtan xarakterli məlumatların təkzib edilməsi, cavabdehlərin onu tanıyan qohumlar qarşısında üzr istəməsi, ona dəymiş mənəvi zərərə görə 5000 manat, müalicə xərcləri üçün maddi ziyana görə 1000 manat pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt ünvanları natamam qeyd olunmuşdur. Belə ki, ünvan yerində “Gəncə şəhəri, Abbas Səhhət küçəsi” qeyd olunduğundan cavabdehlərin yaşayış yerinin müəyyən edilməsi və poçt göndərişlərinin çatdırılması mümkün deyildir. İddiaçı iddia ərizəsində cavabdehlərin faktiki yaşadığı və qeydiyyat ünvanını ayrı-ayrılıqda göstərməli olduğu halda göstərməmişdir. Eyni zamanda iddiaçı öz ünvanını da natamam şəkildə qeyd etmiş, həmin ünvanın qeydiyyat və ya faktiki yaşayış ünvanı olmasını göstərməmişdir. İddia tələbi iki cavabdehə qarşı irəli sürülsə də, iddia ərizəsində cavabdehin iddiaçı barəsində polis şöbəsinə ərizə ilə müraciət edib onun barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığı göstərilmişdir. Bu halın cavabdehlərdən hansına aid olması və digər cavabdehin iddiaçı barədə həqiqətə uyğun olmayan hansı məlumatları hansı üsulla yayması iddia ərizəsində göstərilməmişdir. Həmçinin, ərizəyə cavabdehlərin sayına uyğun olaraq iddia ərizəsinin surətləri əlavə edilməmişdir. Cavabdehlər iki nəfər olduğu halda iddia ərizəsinə bir surət əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məlumatın təkzib edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar