Məhkəmə qərarları › İş №2(125)-3827/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3827/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3827/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, 2549micGNDJ/14 nömrəli, xx.xx.2014-cü il tarixli əsas kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 992,7 ABŞ dolları əsas borc, 436,3 ABŞ dolları faiz borcu, cəmi 1429 ABŞ dolları pul vəsaitinin, 0,30 manat xidmət haqqının və 44,30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə X4 (borcalan) və Cavabdeh (zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2549micGNDJ/14 nömrəli “kredit və zaminlik” müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə 30000 manat məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2014-cü il tarixli 2549micGNDJ/14 nömrəli əlavə kredit müqaviləsinə görə Bank borcalana 18 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə ödəmək şərtilə 3750 ABŞ dolları məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi, zamin isə bu müqavilə üzrə borcalanın Bank qarşısında öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. 2549micGNDJ/14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə əsasında borcalan xx.xx.2016-cı il tarixədək (həmin tarix daxil olmaqla) hər ay 266 ABŞ dolları, sonuncu ay 246,2 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. X1 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində “Ürəyin travması, qabırğaların çoxsaylı sınığı” səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit və zaminlik müqaviləsinin şərtlərinə əsasən borcalan və zamin öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, borcalan il xx.xx.2017-ci il tarixdə ölmüşdür. Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalda qeyd edilən iş üzrə vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmış və vərəsəlik işi açılmadığı müəyyən edilmişdir. Buna görə də, cavabdehin Banka 992,7 ABŞ dolları əsas borc, 436,3 ABŞ dolları faiz borcu, cəmi 1429 ABŞ dolları pul vəsaiti borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.7 və 2.7.1-ci bəndlərinə əsasən “Borcalan” kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə beş təqvim günündən çox pozduqda “Bank” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Notariat X2 axtarış zamanı mərhum X4 açılmış vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, cavabdehin 2549micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə Banka 992,7 ABŞ dolları əsas borc, 436,3 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1429 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona 2549micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə Maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini X1na vermişdir, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Həmçinin, zamin də borcalanla birgə qeyd edilən vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, zamin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44,30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,30 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2549micGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 992,7 ABŞ dolları əsas borc, 436,3 ABŞ dolları faiz borcu, 5,97 manat cərimə olmaqla, cəmi 1429 (bir min dörd yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 44,60 (qırx dörd manat, altmış qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar