Məhkəmə qərarları › İş №2(125)-3857/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3857/2023

05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3857/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1177.60 manat pul vəsaitinin və 31.78 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “KİA OPTİMA” markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il noyabrın 23-də Cavabdeh2 etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “KİA OPTİMA" markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Qazax Gürcüstan yolunun 26-cı km-də “HYUNDAİ HD72” markalı, **-ZC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təhlükəsizlik səddinə zərər vurulmuşdur. Vİ TAĞİM YPX-in xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü (Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş Şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Vİ TAĞİM YPX-in xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Vİ TAĞİM YPX-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3143 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ HD72” markalı, **-ZC-*** dövlət nömrə nişanlı avtomobillə 920 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 920 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X1 Xidməti” MMC-nin xx.xx.2020-ci il tarixli arayışına əsasən 2020-ci il noyabrın 23-də baş vermiş yol-nəqliyyat hadisəsində yol təsərrüfatına 257,60 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 257,60 manat məbləği zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “KİA OPTİMA” markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək Cavabdeh1 verildiyindən və Cavabdeh2 tərəfindən “KİA OPTİMA” markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır. Odur ki, məhkəmədən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1177.60 manat pul vəsaitinin və 31.78 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi xx.xx.2020-ci il tqarixdə Cavabdeh2 etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “KİA OPTİMA" markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Qazax Gürcüstan yolunun 26-cı km-də “HYUNDAİ HD72” markalı, **-ZC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təhlükəsizlik səddinə zərər vurulmuşdur. Vİ TAĞİM YPX-in xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Vİ TAĞİM YPX-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqsiri olması DYPİ-nin İXP inzibati xəta haqqında qərarda öz əksini tapmışdır. "xxxx" ASC Mersedes Benz E350 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1177.60 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 1177.60 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1177.60 manat pul vəsaiti və 31.78 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1177.60 (bir min yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat pul vəsaiti və 31.78 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev İş № 2(125)-3857/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 05 iyun 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxaraq, qətnamə qəbul etdi. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar