Məhkəmə qərarları › İş №2(125)-386/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-386/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-386/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə ödənilməmiş borc qismində 2000 manat və ödənilmiş 40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xalası qızıdır. Son vaxtlaradək münasibətlərində yaxınlıq olmuş, məhz buna görə 2022-ci ilin ortalarından başlayaraq ona əmək haqqından tədricən ödəmək və bir müddətdən sonra qızlarının köməyi ilə qaytarmaq şərti ilə 4 dəfəyə 2300 manat, 2024-cü ilin fevralında isə daha 1000 manat, cəmi 3300 manat borc vermişdir. O, bu borcları qızlarının ehtiyacı üçün almışdı. Qızlarının biri Türkiyədə yaşayır, subaydır, digəri Bakı şəhərində yaşayır, ailəlidir, 2 uşağı vardır. X2 Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində xadimə işləyir, 380-400 manat əmək haqqı alır, hərdən mükafatı da olur. Ele hesab etmişdir ki, gec-tez o, borcunu ödəyəcək, özünün aldığı maaş və ərinin maaşı buna imkan verəcəkdir. Zərgülü aldığı borc üzrə məsuliyyətli etmək üçün bir neçə aydan sonra bir neçə dəfə onun maaş kartını almış, hər dəfə kartda olan puldan 150-200 manat götürüb, qalanını özünə vermişdir ki, ehtiyacına xərcləsin. Ona görə də son dəfə 2024-cü ilin fevralında ona 1000 manat verəndə Zərgülün ona cəmi 1400 manat borcu qalmışdır. Yəni 2300 manatdan 900 manat ödəmişdir. Məhz buna görə 2024-cü ilin fevralında ona qızının ehtiyacına görə əlavə olaraq 1000 manat borc vermişdir. Onun maaş kartından 2 dəfə pul götürdükdən sonra Zərgülün ona cəmi 2000 manat borcu qalmışdır. O, hərdənbir müvəqqəti verdiyi maaş kartını qəflətən bağladıb, yeni kart açdırıb, bildirmişdir ki, qızlarından ona kömək yoxdur, ərinin maaşı isə borcun ödənişi üçün yetərli deyildir. Borc məsələsini birdəfəlik qurtarmaq üçün onun Türkiyədə olan qızı Gülvinə ilə söhbətdə anasına borcu sələmlə verməsini, özünün də verdiyi pulu sələmlə götürməsini və sələmçinin onu incitməsini bildirmişdir. Onun və qızının ona kələk gəlmələrini ağlına belə gətirmədiyindən belə etmiş, qızını qorxutmaqla onun istəyini yerinə yetirmişdir. Gülvinə onun səsini yazıb Türkiyədən qayıdan kimi anasına etdiyi yaxşılığın əvəzində həmin yazını polis şöbəsinə verib onu sələmçi kimi damğalamağa, bu mənfur üsulla, yəni şantajla onu borc tələbindən yayındırmağa çalışmışdır. Onların bu namərdliyini görüb hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehə hissə-hissə olmaqla 3300 manat borc vermişdir. Cavabdeh özü 2022-ci ilin sentyabr ayında kartını vermişdir ki, həmin kartdan əmək haqqını çıxarmaqla borcunu geri qaytarsın. Ancaq bəzən kartı özündə də olmuşdur. Cavabdeh hər ay onun evinə gəlmiş, “Ehtiyaclarım var, evin xərci var.” deyərək ondan xahiş etmişdir ki, əmək haqqının bir hissəsini geri versin. 80 manatını götürüb 300 manatını cavabdehin özünə geri qaytarmışdır. 2024-cü ilin avqust ayında isə cavabdeh kartını tamamilə bağlatmışdır. Həmin müddət ərzində çox vaxt kartı onda olmuş, ancaq cavabdehin özündə də olmuşdur. Elə olmuşdur ki, 3 ay kart cavabdehin özündə qalmışdır, Bakıya getdiyinə görə kartı geri almış, sonra yenə gətirib ona vermişdir. Təxminən davamlı olaraq 1 il-6 ay müddətində kart onda olmuşdur. Ancaq yenə də karta yüklənən əmək haqqının hamısını götürməmiş, cavabdeh “ehtiyaclarım var” deyib xahiş etdiyinə görə bir hissəsini ona geri vermişdir. 2 dəfə tam 100 manat pul çıxarmış, qalan vaxtlarda 70, 80, 90 manat pul çıxarmışdır. Cavabdehin banka borcu da olmuş, həmin kartdan bankdan götürdüyü kreditə görə də pul tutulmuşdur. Cavabdeh pulu sələmlə verdiyini deyib ona şər atmışdır. O, cavabdehə sələmlə yox, borca pul vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında göstərdi ki, iddiaçıdan 3300 manat məbləğində sələmlə 100 manata 15 manat olmaqla pul almışdır. 2022-ci ilin sentyabr ayından 2024-cü ilin avqust ayına kimi iddiaçı onun əmək haqqı kartını əlindən almışdır ki, borcu ona geri qaytarsın. Əmək haqqı 383 manat olmuş, mükafat isə 540 manat almış, bəzən 520 manat, bəzən 543 manat olmaqla dəyişkən olmuşdur. Borcun ödənilməsi üçün iddiaçı əvvəlcə demişdir ki, qızıl qoysun, ancaq qızıla imkanı olmadığına görə maaş kartını əlindən almışdır. İldə bir dəfə əmək haqqı kartı yeniləndiyinə görə təzə kart alıb gətirib iddiaçıya vermişdir. Üstünə faizini də əlavə etməklə iddiaçı 300 manat pul götürüb 83 manatını ona geri qaytarmışdır. 2024-cü ilin avqust ayında isə borcun ödənişi başa çatdığına görə kartını bağlatmış, yeni kart almış, yeni kartı isə iddiaçıya verməmişdir. Həmin vaxta qədər borcu ödəyib bitirdiyinə görə kartını geri verməsini iddiaçıdan tələb etmiş, ancaq iddiaçı kartını geri qaytarmamışdır. Uşaqları xəbər tutandan sonra məcbur olub kartı bağlatmışdır. Banka borcu da olmuş, ancaq kartı iddiaçıda olduğuna görə kreditini ödəyə bilməmişdir. “Birkart”dan 1000 manat pul çıxarıb banka faiz borclarını ödəmişdir. İddiaçıya olan borcunu tamamilə ödədiyini göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair qəbzin surətindən görünür ki, cavabdeh iddiaçıdan 3300 manat borc pul aldığını, başına bir iş gəlsə borcu yoldaşı Hafisdən və qızı Gülvinədən ala biləcəyini, bir ilə borcunu qaytaracağını öz imzası ilə təsdiq etmişdir. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim edilmiş Cavabdeh məxsus 510307******2739 nömrəli plastik kart hesabından həyata keçirilən əməliyyatlara dair çıxarışdan görünür ki, göstərilən kart hesabından xx.xx.2022-ci ildə 320 manat, xx.xx.2022-ci ildə 450 manat, xx.xx.2022-ci ildə 481 manat, xx.xx.2022-ci ildə 334 manat, xx.xx.2022-ci ildə 490 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 426 manat, xx.xx.2023-cü ildə 461 manat, xx.xx.2023-cü ildə 380 manat, xx.xx.2023-cü ildə 581 manat, xx.xx.2023-cü ildə 380 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 41 manat, xx.xx.2023-cü ildə 380 manat, xx.xx.2023-cü ildə 373 manat, xx.xx.2023-cü ildə 541 manat, xx.xx.2023-cü ildə 380 manat, xx.xx.2023-cü ildə 541 manat, xx.xx.2024cü ildə 380 manat, xx.xx.2024-cü ildə 380 manat, xx.xx.2024-cü ildə 540 manat, xx.xx.2024-cü ildə 380 manat, xx.xx.2024-cü ildə 541 manat, xx.xx.2024-cü ildə 393 manat, xx.xx.2024-cü ildə 554 manat və xx.xx.2024-cü ildə 393 manat pul vəsati nağdlaşdırılmışdır. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim edilmiş Cavabdeh məxsus 510307******2739 nömrəli plastik kart üzrə pul vəsaitinin nağdlaşdırılmasına dair kamera görüntülərindən müəyyən olunur ki, həmin kart üzrə nağdlaşdırma əməliyyatı iddiaçının və onunla birlikdə başqa bir qadın vasitəsi ilə həyata keçirilməklə sonuncu əməliyyat xx.xx.2024-cü ildə həyata keçirilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş Cavabdeh əmək haqqı və digər gəlirləri barədə arayışdan görünür ki, Cavabdeh əmək haqqı aylar üzrə dəyişkən olmaqla 2022-ci ilin sentyabr ayında 390 manat, oktyabr ayında 590 manat, noyabr ayında 390 manat, dekabr ayında 590 manat cəmi:1960 manat, 2023-cü ilin yanvar ayında 590 manat, fevral ayında 507 manat, mart ayında 548,50 manat, aprel ayında 448,50 manat, may ayında 698,50 manat, iyun ayında 448,50 manat, iyul ayında 648,50 manat, avqust ayında 448,50 manat, sentyabr ayında 448,50 manat, oktyabr ayında 648,50 manat, noyabr ayında 448,50 manat, dekabr ayında 648,50 manat cəmi 6532 manat, 2024-cü ilin yanvar ayında 448,50 manat, fevral ayında 448,50 manat, mart ayında 648,50 manat, aprel ayında 448,50 manat, may ayında 648,50 manat, iyun ayında 465,75 manat, iyul ayında 665,75 manat, avqust ayında 465,75 manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 3300 manat borc verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan aldığı borcu xeyli müddət keçməsinə baxmayaraq tam olaraq qaytarmamış, 2000 manat borcu qalmışdır. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək iddiaçıdan 3300 manat məbləğində sələmlə 100 manata 15 manat olmaqla borc aldığını və borcunu artıqlaması ilə qaytardığını bildirmişdir. Cavabdeh öz etirazının əsası kimi əmək haqqı kartının 2022-ci ilin sentyabr ayından 2024cü ilin sentyabr ayına kimi iddiaçıda olduğunu və həmin dövrlərdə əmək haqqının iddiaçı tərəfindən çıxarılmasını və sonuncunun verdiyi borcu artıqlaması ilə geri alması ilə əsaslandırmışdır. İddiaçının özü də cavabdehə məxsus kartın onda olduğunu mübahisələndirməmiş, krtdan nağdlaşdırdığı pul vəsaitinin bir qismini 2 dəfə tam 100 manat, qalan vaxtlarda 70, 80, 90 manatını borcun əvəzinə çıxaraq yerdə qalan pulun cavabdehə verməsi ilə əlaqələndirmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlilləri işin hallarına uyğun hesab etməyərək qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin əmək haqqı kartında olan puldan hər dəfə 150- 200 manat götürdüyünü göstərsə də, məhkəmə iclasında 2 dəfə tam 100 manat, qalan vaxtlarda 70, 80, 90 manat götürdüyünü qeyd etmişdir. Bununla belə cavabdehə məxsus əmək haqqı kartı üzrə sonuncu əməliyyatın xx.xx.2024-cü ildə iddiaçı tərəfindən həyata keçirilməsini və iddiaçının həmin dövrədək cavabdehə verdiyi borcun sonuncunun əmək haqqı hesabına geri almamasını həqiqətə uyğun hesab etmir. Halbuki, iddiaçı borcu bir il müddətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı cavabdehə verdiyi borc pulun ona qaytarılmamasını iddia etsə də, məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfindən iddiaçıya olan borcun qaytarıldığı müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar