Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3868/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan bir uşaq – 29 iyul 2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2906/2014 nömrəli 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anasının yanında saxlanılmışdır. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 dekabr 2014-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1573/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə, müəyyən olunmuş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, cavabdehdən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, uşaq böyüdükcə maddi çətinlikləri artmışdır və məhkəmənin müəyyən etdiyi alimentin məbləği hazırki şəraitlə bağlı uşağın saxlanması üçün yetərli deyil. Yaşayış minimumunun artırılması alimentin artırılması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işsizdir, cavabdehin ödədiyi 150 manat aliment uşağın saxlanması üçün kifayət etmir, həmçinin uşağın sağlamlığında problemləri mövcuddur, belə ki, uşaq xəstədir və allergiyası var. Uşaq dərsləri ilə bağlı əlavə hazırlıqlara gedir. Cavabdehin əlavə iş yeri var, belə ki, peç düzəltdikləri dəmir sexləri mövcuddur, evi və maşını olmasına baxmayaraq, onlar öz adına deyil. Odur ki, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, başqa ailəsi və həmin evliliyindən 1 uşağı var, fevral ayından etibarən Dost Xidmətində yaşıllaşdırmada işləyir, cəmi 345 manat maaş alır, maaşın yarısı, yəni 170 manat məbləğində aliment ödəməyə imkanı var, odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan aydın olur ki, cavabdeh "xxxx" MMC-də Gəncə şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, aylıq əmək haqqı 345 manatdır. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Cavabdeh əmək haqqı barədə arayış təqdim etsə də, əmək haqqının əvvəlki və sonrakı məbləği, bu məbləğin arasındakı fərq barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı izahatında və ərizəsində alimentin sabit pul məbləğində tutulmalı olmasını tələb etmişdir. Həmçinin, cavabdeh izahatında yeni ailə qurduğunu və uşağının olmasını göstərsə də bu barədə, eləcə də ailə qurması nəticəsində maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, hazırki iş üzrə alimentin sonuncu dəfə artırıldığı - 2019-cu il üçün bu məbləğ 160 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancını, cavabdehin tələb edilən miqdarda alimenti ödəməyə qismən razılığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu hal üzrlü olmadığından iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1573/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3868/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3868/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver