Məhkəmə qərarları › İş №2(125)-3871/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3871/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3871/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2022-ci il avqust ayında sosial şəbəkələrdə telefonunu satmaq barəsində paylaşım edib. xx.xx.2022 tarixdə Cavabdeh1 onla əlaqə saxladı və telefonu almaq istədiyini və atasının da (Cavabdeh2 ) xəbəri olduğunu ancaq pulunu borc şəkildə ödəmək istədiyini bildirdi. O telefonu 1900 manata satdığını bildi. Bir az sövdələşəndən sonra 1840 manata razılaşdılar. O cavabdehlərdən öz kimliklərinin surətinə öz xətləri ilə nə qədər pul verdiklərini və necə aya nə qədər verəcəklərini qeyd edib imza atmaqlarını istəyib. Cavabdehlər onla razılaşdılar. xx.xx.2022 tarixdə Cavabdeh1 və Cavabdeh2 oz kimliklərinin surətinə, xətləri ilə ona 400 manat verib **********48502 və **********38216 ımey kodlu ıphone 11 pro (256) telefonunu aldıqlarını və qalan 1440 manatı hər ay 80 manat olmaqla 18 ay verəcəklərini qeyd edib imza atdılar. Cavabdeh1 və Cavabdeh2 80 manat, 70 manat, 90 manat, 160 manat, 80 manat, 80 manat, 80 manat, 80 manat olmaqla 8 dəfə cəmi 720 manat pul veriblər. Qalan 720 manat məbləği verməkdən boyun qaçırdırlar. Hərdəfə müxtəlif bəhanələr tapırlar.Zənglərə cavab vermirlər. Cavabdehlərin belə hərəkət etməsi onu məcbur etdiki o məhkəməyə müraciət etsin, çünki artıq başqa yolu yoxdur,məcbur olub bu mübahisənin həllini məhkəmədə axtardığını bildirdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əlyazma sənəddən görünür ki, 11 avqust 2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 İddiaçı nisyə qaydada mobil telefon almış, həmin malın dəyərindən ilkin olaraq 400 manat verdiklərini və hər ay 80 manat olmaqla 18 aya qaytaracaqları şərti ilə 1440 manat məbləğində borc pul almışdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutlarla bağlı tələblərinə əsasən belə halda cavabdehlərin iddiaçıdan 11 avqust 2022-ci il tarixdə 1840 manat dəyərində nisyə qaydada mobil telefon almaları və həmin mala görə 1440 manat borclu qalmaları işin faktiki halı kimi təsdiq olunur. İddiaçı iddia ərizəsində həmin mala görə olan 1440 manat borcun 720 manat hissəsinin cavabdehlər tərərfindən ödənildiyini, qalan 720 manatın isə ödənilmədiyini bildirmişdir. Cavabdehlər məhkəməyə gəlməmiş, onlara qarçı irəli sürülən iddiaya heç bir etiraz bildirməmişlər. Beləliklə, məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər arasında 11 avqust 2022-ci il tarixdə mobil telefonun nisyə qaydada müqaviləsi bağlanmış, cavabdehlər həmin vaxt iddiaçıdan 1840 manat dəyərində nisyə qaydada mal almışlar və hazırki vaxtadək həmin malın dəyərinin 720 manatını ödəməmişlər. , lakin həmin sənəd üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişlər və aldığı 1440 manat borcu ödəməmişdirlər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan aşağıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdehlər ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 yazılı sənəd üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən, iddiaçının cavabdehlərdən borcun tutulmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 720 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia 720 manat tələbi hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 (yeddi yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar