Məhkəmə qərarları › İş №2(125)-3874/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3874/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3874/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, vəkil X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30894 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayından bu günədək olan dövr ərzində ondan 30.894 manat məbləğində qızıl-zinət əşyalarını götürmüş və buna dair əl yazma ilə qızılın formasını və dəyərini yazaraq əlavə etmişdir. Cavabdehlər ana və oğuldur, həmin qızılları cavabdehlər birlikdə götürmüşdür. Sonradan cavabdehlərin ona verdiyi məlumata əsasən cavabdehlər həmin qızılı (Gəncə şəhərində yerləşən "xxxx" adlı Lombarda qoyduqlarını bildirmişlər. Həmin qızılların mövcudluğu ilə bağlı həmin lombarda müraciət etdikdən sonra ona bildirmişlər ki, yalnız qızılları girov qoyulmuş şəxsə qaytara bilərlər. Həmçinin bildirmişdir ki, qızıl əşyalarının dəyəri və borcluların yazışmaları barədə Votsap yazışmalarını diskdə məlumat olaraq sübut növü kimi təqdim etmişdir. O, cümlədən başqa adamlardan götürərək cavabdehlərə verdiyi qızılların pulunun artıq bir qismini qaytara bilmədiyi üçün kredit götürərək borclarını ödəmişdir. Buna dair kredit müqaviləsini və sənədlərini də iddia ərizəsinə əlavə edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X4 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Elnarəni 2 ildən artıqdır ki, tanıyır. Belə ki,evində kirayəşin qalmışdır və aralarında qızıl-zinət alış-verişi olmuşdur. İddiaçının ona 30.894 AZN borcunun olması barədə iddiası yalandır. O, Polis Şöbəsində izahat yazarkən bildirmişdir ki, onun Elnarəyə cəmi 16.000 AZN borcu vardır. Onun Elnarədən aldığı, götürdüyü qızıllar halhazırda kredit bankdadır. O, bu barədə Polisdə izahatda göstərmişdir və həmin sənədlər ərizəyə əlavə edilmişdir. Bu səbəbdən də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, Elnarəni 2 ildən artıqdır ki, tanıyır. Belə ki, evində kirayəşin qalmışdır və aralarında qızıl-zinət alış-verişi olmuşdur. İddiaçının ona 30.894 AZN borcunun olması barədə iddiası yalandır. Elnarəyə cəmi 12.000 AZN borcu vardır. Həmin borcdan hissə-hissə ödənişlər etsə də, ödədikləri borcundan çıxılmamışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli GN0147396-2022 saylı çərçivə kredit və girov müqaviləsindən görünür ki, kredit Evi QSC ilə İddiaçı arasında bağlanmış çərçivə kredit və girov müqaviləsinə əsasən Kredit Evi QSC 60 ay müddətinə 4875 manat məbləğində bərpa olunan kredit xəttini İddiaçı verir. İşdə olan xx.xx.2022-ci il tarixli GN0147396-2022 saylı çərçivə kredit və girov müqaviləsinə əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli GN0147396-2022 saylı çərçivə kredit və girov müqaviləsi üzrə kredit xəttinə təminat olaraq İddiaçı tərəfindən çəkisi 81,60 qram olan, cəmi 4132,20 manat məbləğində qızıl-zinət əşyaları qoyulmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı, tanışı Cavabdeh1 tərəfindən aldadılaraq 31000 manat pulunu ələ keçirməsi faktı kifayət qədər sübut və ya dəlillərlə öz tədiqini tapmamış, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı əvvəllərdən tanıyır. O, ünvan 2 ünvanını satmış, Elnarənin qonşuluğundan fərdi yaşayış evi almışdır. Həmin evi təmir etdirən zaman o, məcbur olub Elnarənin yaşadığı evdə ayı 170 manata kirayə qalmışdır. İddiaçı yaşadığı evdə kirayə yaşadığı vaxtlarda Bakı şəhər Sədərək ticarət mərkəzindən cehiz əşyaları alıb Gəncə şəhərində müxtəlif şəxslərə satmaqla ailəsini dolandırmışdır. Həmin vaxtlarda İddiaçı ona qızıl zinət əşyalarını sata bilib-bilməməsini soruşmuşdur. O, İddiaçı ilə razılaşmış, bundan sonra Elnarə ona bir dəst qızıl sırğa, bir ədəd qızıl üzük vermiş, o, həmin əşyaları 1250 manata Elnarə ilə razılaşıb götürmüşdür. Bundan sonra İddiaçı ona müxtəlif vaxtlarda müxtəlif çeşitdə qızıl-zinət əşyaları vermiş, o, həmin qızıl-zinət əşyalarını müxtəlif qiymətlərə sataraq Elnarənin pulunu ödəmişdir. Son vaxtlar İddiaçı götürdüyü qızılları satmaqda çətinlik çəkdiyi üçün həmin qızılları fərdi qaydada sata bilməmiş, Gəncə şəhər Atatürk prospektində fəaliyyət göstərən "xxxx" QSC-nə qoyaraq oradan pul götümüşdür. O, qeyd olunan lombarda ümumilikdə 455.30 qram qızıl zinət əşyaları qoymuşdur. Həmin qızıl zinət əşyalarını oğlu Cavabdeh2 adına rəsmləşdirilmişdir. Hazırda onun İddiaçı 31000 manat pul borcu olmadığını, apardığı hesablamalara əsasən onun İddiaçı 16000 mənat pul borcunun olduğunu bildimişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı şikayəti üzrə Gəncə şəhər BPİ 2ci polis şöbəsində araşdırma aparılıb tərəflər arasındakı münasibətlərin mülki xarakterli olmasına və toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 3 mart 2023-cü ildə CPM-in 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında İddiaçı cavabdehlərin ona 31000 manat borcu olduğunu qeyd etsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçıya 12000 manat borcları olduğunu bildirsələr də, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh1 izahatından görünür ki, polis şöbəsində Cavabdeh1 İddiaçı 16000 manat borcu olduğunu etiraf etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi 16000 manat hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 münasibətdə iddiaçı ona qızıl-zinət əşyaları satması barədə sübut təqdim etmədiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 16000 manat məbləğində pul tutularaq iddiaçıya verilməldir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 184 manat dövlət rüsumunun 92 manatı Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16000 (on altı min) manat pul və ödənilmiş 184 manat dövlət rüsumunun 92 manatı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar