Məhkəmə qərarları › İş №2(125)-3876/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3876/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3876/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, 2141nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 6891,49 manat, faiz borcu üzrə 325,76 manat, cərimə üzrə 2,8 manat olmaqla, cəmi 7220,05 manat pul vəsaitinin, dövlət rüsumuna görə 92,21 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə Qədimov İlham Kamal oğlu (borcalan) arasında 2141nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana xx.xx.2024-cü il tarixinədək illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan xx.xx.2024-cü il tarixi də daxil olmaqla hər ay 398 manat, sonuncu ay isə 385,33 manat ödəməli idi. X1 Kamal oğlu xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “beyin damarlarının digər dəqiqləşdirilməmiş” səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, borcalan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Qədimov İlham Kamal oğlunun vərəsəsinin Cavabdeh (cavabdeh) olduğu müəyyən edilmişdir. Cavabdehin Banka 6891,49 manat əsas borcu, 325,76 manat faiz borcu, cərimə üzrə 2,8 manat olmaqla cəmi 7220,05 manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə borcalan arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. İddiaçı ilə borcalan arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə görə Bank borcalana 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 10000 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə 5 təqvim günündən çox pozduqda, Bank kredit və ona hesablanmış faizlərin qalıq məbləğini borcalandan vaxtından əvvəl tələb edə bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 30% miqdarında cərimə tətbiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qədimov İlham Kamal oğlunun adına Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-167 reyestr nömrəsi ilə "xxxx" MMC-də miqdarı 20 manat olan nizamnamə kapitalına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qədimov İlham Kamal oğlunun vərəsəsi arvadı – Cavabdeh müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, 2141nkGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə Banka 6891,49 manat əsas borc, 325,76 manat faiz borcu və cərimə üzrə 2,8 manat olmaqla, cəmi 7220,05 manat borc yaranmışdır. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə borcalanın ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi tələb olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə əlaqədar məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona borcalanın vərəsəsi müəyyən olunduğu üçün 2141nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun tam olaraq 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank borcalana xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın cavabdehə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Qədimov İlham Kamal oğlunun ölümündən sonra cavabdeh onun vərəsəsi kimi tanındığından, hazırda iddiaçının tələb etdiyi məbləğin qəbul edilmiş miras əmlakın dəyərindən yüksək olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddiaçı mərhum Qədimov İlham Kamal oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsəsi - Cavabdeh tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə borcalanın hüquqi varisi kimi müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, bankın xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2023-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə 2141nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6891,49 manat əsas borc, 325,76 manat faiz borcu və 2,80 manat cərimə olmaqla, cəmi 7220,05 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92,21 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2141nkGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6891,49 manat əsas borc, 325,76 manat faiz borcu və 2,80 manat cərimə olmaqla, cəmi 7220,05 (yeddi min iki yüz iyirmi manat beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 92,61 (doxsan iki manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar