Məhkəmə qərarları › İş №2(125)-3877/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3877/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3877/2024 09.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, «X4» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Faxrəddin qızına qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə «X4» ASC Cavabdeh Faxrəddin qızına qarşı xx.xx.2018-ci il tarixli, 359sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat 09 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 82 qəpik, cəmi 1.006 manat 91 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 359sGNDJ/18 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «X4» ASC X2 ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə 15.000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5 faiz (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İş materiallarında olan «X4» ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcu əsas borc qismində 1.000 manat 09 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 82 qəpik, cəmi 1.006 manat 91 qəpik məbləğində təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 337176 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il taixli, 193 nömrəli məktubunun surətindən görünür ki, X1 vərəsəsi bacısı Cavabdeh Faxrəddin qızıdır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Faxrəddin qızına borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla X1 «X4» ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.000 manat 09 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 82 qəpik məbləğində borcunun yarandığı, X1 ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh Faxrəddin qızı tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Əsgərov Zirəddin Faxrəddin oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh Faxrəddin qızı vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh Faxrəddin qızı xx.xx.2018-ci il tarixli, 359sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat 09 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 82 qəpik, cəmi 1.006 manat 91 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X4» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Faxrəddin qızından «X4» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli, 359sGNDJ/18 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 (bir min) manat 09 (doqquz) qəpik, 02 may 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 (altı) manat 82 (səksən iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 47 (qırx yeddi) qəpik, cəmi 1.037 (bir min otuz yeddi) manat 38 ( otuz səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar