Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-388/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və mal götürülən zaman zamin duran Cavabdeh2 “Nisyə alqı-satqı” müqaviləsi əsasında mağazadan götürdükləri dəyəri 2506(iki min beş yüz altı) manat olan “Qri”(24-lük) kondisonerin ödənilməmiş qalan hissəsinin və dəyəri 302(üç yüz iki) manat olan “Rodmi Hod” markalı telefonun ödənilməmiş qalan hissənin yəni cəmi 2808(iki min səkkiz yüz səkkiz) manatın, mağazaya dəymiş ziyana görə dəbbə pulu kimi müqavilədə qeyd edilmiş 300 (üç yüz) manatın və məhkəmə xərci olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tutulub, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Gənclər küçəsi ev 24 "a”-da yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mağazaya gələrək, Gəncə şəhəri Aydınbəyov küçəsi bina 61, mənzil 57-də yaşayan Cavabdeh2 zamin qoyaraq, mağazadan “Nisyə alqı-satqı” müqaviləsinə əsasən,dəyəri 2506(iki min beş yüz altı) manat olan “Qri”(24-lük) kondsoneri və dəyəri 302(üç yüz iki) manat olan “Rodmi Hod” markalı telefonu götürmüşdür. Mağazadan malı götürdükdən sonra 1 (bir)ay qismən ödəniş edilmişdir. Beləliklə də cavabdehin mağazaya 2808(iki min səkkiz yüz səkkiz) manat borcu qalmışdır. Yəni “Nisyə alqı-satqı” müqaviləsinin şərtinə əməl edilməmişdir. Qeyd etmişdir ki, borclu işləyir, borcu ödəməyə imkanı var. Tərəflərindən tələb edilməsinə baxmayaraq cavabdehlər ödənişi yerinə yetirməmişlər. Mağazaya ödənilməli olan borcun ödənilməsi ilə bağlı olaraq, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Belə ki, cavabdehlər müqavilənin şərtlərinə könüllü əməl etmək istəməmişlər. Borcu ödəmək fikirləri yoxdur. Nisyə götürülmüş mallara görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəymişdir. Beləliklə mağazaya cavabdehlər bu gün də ziyan vurmaqda davam edirlər. Müqavilə bağlanan zaman cavabdehlərə qeydlər bölməsinə müqavilənin şərtlərini düzgün əməl etməyəcəkləri təqdirdə 300(üç yüz) manat dəbbə pulu ödəyəcəkləri barədə də xəbərdarlıq edilmiş və bu barədə müqaviləyə imza atmışlar. Bundan başqa cavabdehlərin hərəkətləri üzündən məhkəməyə iddia tələbi ilə müraciət etməli olduğundan məhkəmə xərci də ödəməyə məcbur olmuşdur, həmin məbləğin də cavabdehlərdən alınıb, onun xeyrinə verilməsini istəyir. Bütün bunlara görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər ona olan 2808 manat borcdan 60 manat ödədikləri üçün cavabdehlərdən 2748 manat pulun, mağazaya dəymiş ziyana görə dəbbə pulu kimi müqavilədə qeyd edilmiş 300 (üç yüz) manatın və ödənilmiş dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxalmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin arasında nisyə alqı-satqı münasibəti olmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Cavabdeh2 zamin qoyaraq, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazasından “Nisyə alqı-satqı” müqaviləsinə əsasən, dəyəri 2506(iki min beş yüz altı) manat olan “Qri”(24-lük) kondisoneri və dəyəri 302(üç yüz iki) manat olan “Rodmi Hod” markalı telefonu nisyə almışdır. Cavabdeh iddiaçıya borcundan cəmi 60 (altmış) manat pulu qaytarmışdır. Hazırda onun iddiaçıya 2748 (iki min yeddi yüz qırx səkkiz) manat borcu vardır. İddiaçı cavabdehin qalan borcundan heç bir ödəniş etmədiyini qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər nisyə alqı-satqı münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh, yəni zamin Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə bağlanmış “Nisyə alqı-satqı” müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından göründüyü kimi cavabdehlər “Nisyə alqı-satqı” və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçıya borcu yaranmışdır. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 300 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsi üzrə dəbbə pulunun 300 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2748 (iki min yeddi yüz qırx səkkiz) manat əsas, 50 manat cərimə alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyindən, ödənilmiş 48 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2748 (iki min yeddi yüz qırx səkkiz) manat əsas, 50 manat cərimə və 48 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-388/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-388/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver