Məhkəmə qərarları › İş №2(125)-388/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-388/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-388/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 4500 manat, faiz borcu üzrə 693,7 manat və cərimə borcu üzrə 25 manat olmaqla, cəmi 5218,7 manat pul vəsaitinin, bank xidmət haqqına görə 0,40 manat və dövlət rüsumuna görə 71,94 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh (cavabdeh və ya borcalan) xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalayaraq iddiaçı Banka təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta” ilə tanış olaraq aksept etmiş, ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqdə göstərilən məbləğdə və müddətə kredit xəttinin ayrılmasını xahiş etmişdir. “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta”nın 5.1-ci bəndinə və hesabdan çıxarışa əsasən Bank borcalana istehlak məqsədilə mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faiz dərəcəsinədək bir neçə dəfə 10000 manatadək və 60 ayadək kredit limiti ayırmış, ona bank hesabı (cari, kredit) açılmış və ödəniş kartı təqdim edilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. SMS məlumatlara dair elektron portaldan çıxarışdan və hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh SMS sifarişi ilə 4500 manat məbləğində pul vəsaiti 35 ay müddətində qaytarmaq və illik 27,6 faiz borcu hesablanmaq şərti ilə ona məxsus bank hesabına köçürülmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 28 iyul 2023-cü il tarixə Banka 4500 manat əsas borcu, 693,7 manat faiz borcu yaranmış, ona 25 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 5218,7 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Banka 5218,70 manat borcu var, döyüş bölgəsində xidmət edən hərbçi olduğundan məhkəmə iclasında iştirak edə bilmir, borcunu xx.xx.2024-cü il tarixdən hər ay 250 manat olmaqla ödəmək istəyir, odur ki, ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə, hesabdan çıxarışa və SMS bildirişlərə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta”nın 5.5.1-ci bəndinə görə ərizə anket imzalanmaq bu oferta aksept olunmuş sayılır. Borcalan ərizə anketi imzaladıqdan sonra üzərinə öhdəlik götürmüş sayılır. Müqavilənin 5.7.1-ci və 5.7.4-cü bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun borcalan tərəfindən Banka qaytarılmasının dövriliyi tərəflər arasında bu müqavilə ilə müəyyən olunur. Əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. Həmin müqavilənin 5.7.11.1-ci bəndinə əsasən borcalan tərəfindən bir dəfəyə minimal ödənişin gecikməsi 3 (üç) təqvim günündən artıq davam etdiyi halda Bank kredit xəttindən istifadəni məhdudlaşdıra, 120 (yüz iyirmi) təqvim günündən artıq davam etdiyi halda isə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və borcu tam həcmdə tələb edə bilər. Həmçinin müqavilənin 5.7.13-cü və 5.7.14-cü bəndlərinə görə «Borcalan» minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, “Bank” aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birdəfəlik cərimə (dəbbə pulu) də tətbiq edir: birinci təqvim ayı – 5 (beş) manat; ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün – 10 (on) manat. Borcalanın gecikdirilmiş ödənişlərinin silinməsi ardıcıllığı bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq müəyyən olunur və həyata keçirilir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehin Banka 4500 manat əsas borc, 693,7 manat faiz borcu, 25 manat cərimə olmaqla, cəmi 5218,7 manat borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka ümumilikdə 5218,7 manat borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi təklif olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və öhdəliyi pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, bankın “bank xidmətlərinə dair ümumi oferta” müqaviləsindən xx.xx.2023cü il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 71,94 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 manat əsas borc, 693,7 manat faiz borcu və 25 manat cərimə borcu olmaqla, cəmi 5218,7 (beş min iki yüz on səkkiz manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 72,34 (yetmiş iki manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar