Məhkəmə qərarları › İş №2(125)-3892/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3892/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3892/2024 31.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı istifadə edilmiş elektrik enerjisi ilə əlaqədar yaranmış borcun əvəzi qismində 510 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi K.Y.Məlikova iddia tələbinin həcmininin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istifadə edilmiş elektrik enerjisi ilə əlaqədar yaranmış borcun əvəzi qismində 463 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi K.Y.Məlikova məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1045 nömrəli Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təchiz edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə 2.821 manat 91 qəpik məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən Cavabdeh dəfələrlə müraciət olunmuşdur. X3 əməkdaşları Gəncə şəhərində, F.Xoyski küçəsi, 36-da yaşayış elektrik enerjisi istehlakçıları tərəfindən «EEİQ»-na riayət edilməsi vəziyyətini yoxlayarkən Cavabdeh yaşadığı fərdi yaşayış evinin elektrik uçot dəstinə baxış keçirilmişdir. Baxış keçirilən zaman abonent tərəfindən enerji sərfiyyatının göstərişini qəsdən azaltmaq məqsədi ilə sayğadan «kənar xətt» aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı Cavabdeh barəsində «EEİQ»-nin tələblərinə uyğun olaraq, RM seriyalı 229511 nömrəli akt tərtib edilmişdir və həmin akt dövriyyə cədvəlində öz əksini tapmışdır. «Qərb» RETS-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən Cavabdeh barəsində tərtib olunmuş akta əsasən «Qaydalar»ın 8.17-ci bəndinin tələblərinə uyğun hesabat aparılmışdır. Sonradan Cavabdeh "xxxx" ASC «Qərb» RETSİ-nə ünvanlanmış ərizəsi komissiyada araşdırılmış, araşdırma zamanı Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi müəyyən edilmiş və həmin hal nəzərə alınaraq, abonentin debitor borcundan 1.358 manat 36 qəpik dürüstləşmə aparılmış və Cavabdeh debitor borcu 865 manat 55 qəpik saxlanılmışdır. Cavabdeh tərəfindən aparılmış ödənişlər nəticəsində ödənilməmiş debitor borc 463 manat qalmışdır. Sonda K.Y.Məlikova iddianın təmin olunmasını məhkəmədə xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı tam həcmdə etiraf etdiyini və etirafın hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, R seriyalı 229511 nömrəli aktın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, F.Xoyski küçəsində yerləşən 36 nömrəli mənzilə gedən elektrik xəttinin üzərində quraşdırılmış sayğaca «EEİQ»-na uyğun olaraq, baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğacın giriş xətti zədələnərək birbaşa kənar xətt götürülmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli icra vərəqinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, F.Xoyski küçəsində yerləşən 36 nömrəli mənzildə elektrik sayğacından qoşulma ilə əlaqədar 2.821 manat 91 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan **********33013 abonent kodu üzrə Cavabdeh borcuna dair arayışdan görünür ki, komisiyanın xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh borcuna dürüstləşmə aparılmış və xx.xx.2021-ci il tarixli, R seriyalı 229511 nömrəli akt əsasında hesablanmış borcun 1.358 manat 36 qəpik məbləğində hissəsi silinmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" ASC-nin abonentidir. xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, F.Xoyski küçəsində yerləşən 36 nömrəli mənzilə gedən elektrik xəttinin üzərində quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın giriş xəttinin zədələnərək birbaşa kənar xətt götürüldüyü müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixli, R seriyalı 229511 nömrəli akt tərtib edilmiş, vurulmuş zərərin əvəzi qismində həmin akt əsasında 2.821 manat 91 qəpik məbləğində borc hesablanmışdır. Sonradan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh borcuna dürüstləşmə aparılmış və xx.xx.2021-ci il tarixli, R seriyalı 229511 nömrəli akt əsasında hesablanmış borcun 1.358 manat 36 qəpik məbləğində hissəsi silinmişdir. "xxxx" ASC Cavabdeh qarşı istifadə edilmiş elektrik enerjisi ilə əlaqədar yaranmış borcun əvəzi qismində 510 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi K.Y.Məlikova iddia tələbinin həcmininin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istifadə edilmiş elektrik enerjisi ilə əlaqədar yaranmış borcun əvəzi qismində 463 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tam həcmdə etiraf edilmiş və etirafın hüquqi nəticələrinin məlum olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə də Cavabdeh tərəfindən iddianın etirafı qəbul olunmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, F.Xoyski küçəsində yerləşən 36 nömrəli mənzilə gedən elektrik xəttinin üzərində quraşdırılmış sayğaca xx.xx.2021-ci il tarixdə keçirilmiş baxış zamanı sayğacın giriş xəttinin zədələnərək birbaşa kənar xətt götürüldüyü müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş «Elektoenergetika haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mülki işin müəyyən olunmuş yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 463 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 463 (dörd yüz altmış üç) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 493 (dörd yüz doxsan üç) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar