Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3930/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə müvafiq qaydada xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 32000 manat məbləğindən ödənilməmiş qalan 20000 manat və 190 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20190 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş 3M-250 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı cavabdehə 32000 manat məbləğində pul borc verir, cavabdeh isə 32000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh ilə notarial qaydada 32000 manat məbləğində borc müqaviləsi bağlamışlar və o, 32000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh borc pulu ondan alıb lombarda olan kredit borcunu bağlayacağını bildirmişdir. Müqavilə bağlanarkən belə razılaşmışlar ki, muqavilədə nəzərdə tutulan 12 ay vaxt tamam olana qədər hissə-hissə ödənişlər edərək bütün borcu bağlayacaq və vaxt bitənə kimi borcu ona tam ödəyəcəkdir. Lakin borc muqaviləsinin vaxtının bitməsinə baxmayaraq cavabdeh borcu geri qaytarmamış və ödəməmişdir. İlkin mərhələdə borcun bir qismini ödəmiş və 20000 manat (iyirmi min manat) borcu qalmışdır. Lakin sonradan dəfələrlə ona borc müqaviləsinin müddətinin bitməsini bildirməyinə və xəbərdarlıqlar etməyinə baxmayaraq cavabdeh borc muqaviləsinə uyğun olmaqla ona olan borcu ödəməkdən boyun qaçırtmış və öncədən razılaşdıqları qaydada onun cavabdehə borca verdiyi pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edərək ödəməmişdir və ödəmir. Halbuki, öncədən borcun hər ay ödənişlər edilərək müqavilə müddəti bitənə kimi hissə-hissə qaytarılması barədə şifahi razılaşmışlar. Cavabdehə dəfələlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o borcu ödəməkdən boyun qaçırır. O isə hal-hazırda ev tikdirir və bununla əlaqədar xeyli xərcə düşmüşdür, tikinti materialları satan mağazalara xeyli borcu yaranmışdır. Borc ucbatından işsiz qalmışdır. Hazırda borclarını qaytara bilməkdə xeyli çətinlik çəkir. Öhdəsində xəstə anası vardır. Dolanışığı çətinləşmişdir. Həmin 20000 manata çox ehtiyacı vardır. Ondan borc alan cavabdeh haqqında sonradan bilmişdir ki, o, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə dələduzluq etmək üstündə 2004-cü ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Borc verən zaman onun bu barədə məlumatı olmamışdır. Bu barədə borc götürənin özü, yəni cavabdeh ona məlumat verməmişdir. Cavabdeh onun bunu bildiyi halda cavabdehə borc verməyəcəyini bilə-bilə ondan məqsədli şəkildə gizlətmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə 32000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh həmin borcundan 12000 manatını qaytarsa da, qalan məbləği, yəni 20000 manat məbləğində pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə etdi ki, kredit müqaviləsinin olması müqavilədə nəzərdə tutulan borc məbləğinin cavabdehə verilməsi mənasına gəlmir. Sözügedən borc məbləği cavabdehə verilməmiş, cavabdeh həmin pulu almamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, eləcə də cavabdehin vəkilini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç min manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Belə ki, müqaviləyə əsasən 32000 manat pulun xx.xx.2023-cü il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmiş, 32000 manat puldan 12000 manatının qaytarıldığını bildirərək cavabdehdən 20000 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdehin vəkili izahatında cavabdehin iddiaçı ilə kredit müqaviləsi bağladığını qeyd etsə də, həmin kredit müqaviləsi üzrə pulun cavabdehə verilmədiyini bildirmiş, lakin bunu təsdiq edən, həmçinin iddianı aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 20000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xərci 150 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumuna görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3930/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3930/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver