Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3937/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11 aprel 2009-cu ildə anadan olmuş uşaqları X2 dair kəsilmiş ayda 150 manat məbləğində alimentin 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla qaldırılaraq ayda sabit pul məbləği ilə 250 manat aliment müəyyən edilməsi və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, onunla bir yerdə yaşamaq dözülməz hala çevrilmiş və aralarındakı ailə münasibətləri pozulmuşdur. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş Məhəmməd onun himayəsində qalmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra alimentin artırılması iddiasi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-516/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 150 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməklə alimentdən başqa uşağın saxlanılması üçün heç bir maddi və mənəvi dəstək göstərmir, təyin olunmuş 150 manat aliment isə uşağın maddi tələbatını qarşılamır. Uşaq böyüdükcə məsrəfləri də artır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Daimi yaşayış ünvanı yoxdur, kirayədə yaşayır və uşağı qohumların köməkliyi ilə çətinliklə böyüdür, onun ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh isə marşrut xəttində sürücü işləyir, gəliri yaxşıdır, müharibə veteranı olaraq ayda 80 manat təqaüd alır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, sürücü işləyir artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçının isə özünə məxsus gözəllik salonu vardır, bundan əlavə təqaüd alır və kirayədə yaşamır. 5 ildir ki, uşağı ona göstərmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 288935 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5165/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləği ilə 150 manat məbləğində müəyyən edilmiş və Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1-01372 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5165/2018 qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləği ilə 150 manat məbləğində müəyyən edilmiş və Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş 150 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 5165/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi ) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediyasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh mediyasiya xərci olan 55 manat tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5165/2018 nömrəli qətnaməsi əsasında tutulan 150 manat alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 55 (əlli beş) manat mediyasiya xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3937/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3937/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver