Məhkəmə qərarları › İş №2(125)-3938/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3938/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3938/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı yaşıllıqlara dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşıllıqlara dəymiş ziyanla bağlı 500 manat məbləğin Cavabdeh tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, idarə əməkdaşları tərəfindən ünvan 2i ərazisində mövcud olan heyvanların alqı-satqısı həyata keçirilən ərazidə ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 13 (on üç) ədəd qeyri-kənd təsərrüfat təyinatlı Söyüd cinsli ağacların kəsilərək məhv olunması faktı aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı qeyri-qanuni ekoloji rəy olmadan kəsilmiş ağacların 2 ədədinin köküstə yaş olması müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı Cavabdeh barəsində fiziki şəxs qismində xx.xx.2021 -ci il tarixli icrası məcburi olan MN:1119294 saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və xx.xx.2021-ci il tarixli 72247 saylı akta əsasən 500 (beş yüz) manat ziyanla bağlı iddia hesablanmışdır. Qəbul edilmiş inzibat tənbeh vermə haqqında cərimə qərarı vətəndaş tərəfindən şəxsən götürülmüş və qüvvədədir. İzahatında ağacı qanunsuz olaraq müvafiq rəy olmadan kəsməsinə səbəb kimi ərazinin xüsusi mülkiyyətinə aid olmasını göstərmişdir. Nəticədə, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli «Yaşıllıqların götürülməsi Qaydası” haqqında 321 saylı Qərarının tələblərini pozaraq inzibati xəta törətmiş və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” haqqında 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarının 4-cü maddəsində göstərilmiş 1 nömrəli əlavə ilə təsdiq edilmiş normativlərə əsasən yaşıllıqlara dəymiş ziyan hesablanaraq 500 (beş yüz) manat olmuşdur. Yaşıllıqlara dəymiş ziyanı könüllü şəkildə qəbul etsə də, heç bir ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 30 ildir ki, ağac əkməklə məşğuldur, 1500-ə yaxın ağac əkmiş və onların suvarılması üçün həmin əraziyə su çəkmişdir. ünvan 2i ərazisində mövcud olan heyvanların alqı-satqısı həyata keçirilən ərazidə Söyüd ağacları quruduğuna görə kəsilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli Cavabdeh izahatından görünür ki, ünvan 2i ərazisində mövcud olan heyvanların alqısatqısı həyata keçirilən ərazidə qurumuş ağacları kəsməsinin əsası kimi həmin ərazinin onun xüsusi mülkiyyətində olmasını qeyd etmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli, 72247 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 2i ünvanında yerləşən heyvanların alqı-satqısı həyata keçirilən əraziyə Cavabdeh razılığı və iştirakı ilə baxış keçirilən zaman 11 ədəd quru vəziyyətdə olan və 2 ədəd yaş vəziyyətdə olan, ümumilikdə 13 ədəd söyüd ağaclarının 1 metr hündürlükdən kəsilərək məhv edilməsi aşkar edilmişdir. Həmçinin həmin ərazinin Cavabdeh xüsusi mülkiyyətində olması ilə əlaqədar sənədlər üzrə araşdırma aparılarkən həmin sənədlərin «Yaşıllıqların Mühafizəsi» haqqında Azərbaycan Respublikası Qanununa və «Yaşıllıqların götürülməsi qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarının 1.1-ci maddəsinin tələblərinə əsasən yaşıllıqların götürülməsi üçün icazəni istisna edən kateqoriyaya aid olmaması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 72247 nömrəli akta əlavə edilmiş hesabatdan görünür ki, Cavabdeh tərəfindən qanunsuz olaraq 2 ədəd yaş vəziyyətdə olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 500 manat təşkil etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh ünvan 2ində yerləşən heyvanların alqı-satqısı həyata keçirilən ərazinin onun xüsusi mülkiyyətində olmasını əsas gətirərək, həmin ərazidə 11 ədəd quru vəziyyətdə və 2 ədəd yaş vəziyyətdə olan söyüd ağaclarını qanunsuz olaraq kəsərək məhv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Deliktlə əlaqədar yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 500 (beş yüz) manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul tutularaq iddiaçı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Adı: X1, Kodu: 210005 VÖEN:********** Müxbir hesab:AZ 41 NABZ **********0000003944, S.W.İ.F.T. CTREAZ 22, Alan müştəri: 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab: AZ 90 CTRE ********************, VÖEN: **********, Büdcə gəlirlər təsnifat kodu: 142582, Büdcə səviyyəsinin kodu: (Fond) 3 hesabına ödənsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar