Məhkəmə qərarları › İş №2(125)-3954/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3954/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3954/2024 03.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə mənimsənilmiş pulunun cavabdehlərdən müştərək qaydada 10500 dollar və 2000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 150 manatın alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Beyləqanda yaşayır, Cavabdeh2 cəzaçəkmə müəssisəsində cəza çəkən dayısıoğlu Nicatın vasitəsilə tanımışdır və onun deməsinə görə də Ayxana və valideyninə kömək məqsədi ilə pul vermişdir. Cavabdeh1 öz oğlunu cəzaçəkmə müəssisəsindən çıxarmaq üçün pul istədikdə 10500 dollar vermişdir. Cavabdeh2 isə cəzaçəkmə müəssisəsindən çıxandan sonra 2000 manat pul vermişdir ki, kredit götürsün və ona olan borclarını ödəsin. Lakin həmin 2000 manatını da mənimsəmişlər və qaytarmaq istəmirlər. Lakin Cavabdeh2 və atası Cavabdeh1 pulunu dələduzluq yolu ilə mənimsəmişlər. Cavabdeh2 əvvəllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə mahiyyəti mahiyyəti üzrə baxılmış, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək cəzalandırılmışdır. Həmin hökmlə cavabdehin dələduz olması bir daha təsdiqini tapır. Cavabdeh2 və atası tərəfindən onun 10500 dollar və 2000 manat pulunu mənimsəməsi istintaq orqanının, yəni Bakı şəhəri, Yasamal RPİ-nin qərarı ilə tam sübuta yetməsinə baxmayaraq onlar pulu ödəmək istəmirlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Əlizadə tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, ərizədə göstərilən xüsusalları təsdiq edərək göstərmişdir ki, Ayxan Həsənovu 2022-ci lin dekabr ayında sonuncu ilə bir yerdə həbsdə olan qohumu Nicatın vasitəsi ilə tanımış, həmin ərəfədə Ayxan ondan özünün azad olunması məqsədi ilə valideyinlərinə 10500 ABŞ dolları borc verməsini xahiş edərək, həbsdən azad olunduqdan sonra həmin pulu özü qaytaracağını vəd etmişdir. O, razılaşaraq Ayxanın valideyinləri ilə görüşüb onlara 10500 ABŞ dolları pul vermişdir. Bir müddət sonra Ayxan həbsdən azad olunmuş və onunla görüşmüş, daha sonra isə Ayxan özü ondan əlavə 2000 manat pul alaraq əvvəlki borcu ilə birikdə hamısını tezliklə qaytaracağını vəd etsə də sonradan və hal-hazıradək onun pulunu qaytarmamışdır. Material üzrə izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, 2022-ci ilin dekabr ayında cinayət məsuliyyətinə cəlb olunaraq həbsdə saxlanılarkən Nicat adlı digər dustağın qohumu olan İddiaçı özünün valideynlərinə borc pul verməsini xahiş edərək həbsdən azad olunduqdan sonra borcunu qaytaracağını vəd etmişdir. İddiaçı könüllü olaraq razılaşıb onun valideynlərinə 10500 ABŞ dolları pul verdikdən bir müddət sonra o azadlığa çıxmış və Sənanla bir neçə dəfə görüşərək minnətdarlığını həmçinin vermiş olduğu borcu tezliklə qaytaracağını bildirmişdir. Daha sonra İddiaçı əlavə 1600 manat da borc alaraq bütün borclarını tezliklə qaytaracağını vəd etmiş, lakin maddi imkanı olmadığına görə hazıradək borcu qaytara bilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 209-ş-24/3493 nömrəli iddiaçıya cavab məktubundan görünür ki, iddiaçının müraciəti əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Əlizadə tərəfindən araşdırma aparılmış və 04 aprel 2024-cü il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın qanuniliyi və əsaslılığı materialla birlikdə Yasamal rayon prokurorluğunda öyrənilmiş, material üzrə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə əsasən iddiaçıya izah olunmuşdur ki, onun təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ vardır. İddiaçının tanışları Cavabdeh2 və sonuncunun valideynləri ilə aralarında olan pul mübahisələrinin, yəni sonunculara 10500 ABŞ dollar və 2000 manat pul verməsi və həmin pulları geri qaytarmaması xüsusatları ilə əlaqədar Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında 2022-2023-cü illərdə ayrı-ayrı vaxtlarda iki şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh 2022-ci ilin dekabr ayında həbsdə olduğundan Nicat adlı digər dustağın qohumu olan iddiaçıdan özünün valideynlərinə borc pul verməsini xahiş edərək həbsdən azad olunduqdan sonra borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh2 valideynlərinə 10500 ABŞ dolları pul verdikdən bir müddət sonra cavabdeh azadlığa çıxmışdır. Cavabdeh2 sonradan iddiaçıdan əlavə 1600 manat da borc alaraq bütün borclarını tezliklə qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı həmin pul məbləğini Cavabdeh2 vermişdir. İddiaçı 10500 ABŞ dolları məbləğində pulu digər Cavabdeh1 təqdim etsə də, sonuncu yalnız vasitəçi olmuş, həmin pulun verilməsinə dair şifahi qaydada bağlanmış borc müqaviləsinin tərəfi borcalan kimi Cavabdeh2 olmuş, pulun ödənilməsi üçün öhdəliyi iddiaçı qarşısında Cavabdeh2 üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının borc kimi verdiyi pul məbləğini Cavabdeh1 tələb etməsinin heç bir hüquqi əsası yoxdur. O, həmin pul məbləğini də yalnız Cavabdeh2 tələb edə bilər. Bu hal həm məhkəmə iclasında iddiaçının izahatı, həm də iddiaçının müraciəti əsasında Yasamal RPİ-nin 29-cu PŞ-dətoplanmış HK-1/1040 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh2 verdiyi izahatı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda şifahi borc müqaviləsi əsasında borc kimi aldığı pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitlərini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında birinci dəfə 10500 ABŞ dolları məbləğində pulun borc verilməsi barədə, predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış predmetinin məbləği 3.000 manatdan çox olan həmin borc müqaviləsi etibarsızdır və cavabdeh həmin əqd üzrə də aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 heç bir əsas olmadan İddiaçı hesabına 10500 ABŞ dolları məbləği üzrə əsassız varlandığından, eləcə də şifahi müqavilə üzrə 1600 manat məbləğində pulu qaytarmadığından iddia tələbi qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə 10500 ABŞ dolları məbləğində və 1600 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə digər Cavabdeh1 aid hissədə, eləcə də ikinci şifahi müqavilə üzrə 400 manat hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı bu hissələrdə iddia tələbinin əsasını sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Həmçinin, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumundan ibarətdir. İddia əsasən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 10500 (on min beş yüz) ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində) və 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar