Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3990/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə, İddiaçı X4 qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 qarşı vurulmuş zərərin əvəzi qismində 6.400 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ** NV *** dövlət qeydiyyat nişanlı, «Discover» markalı avtomobil nasaz olduğu üçün çox yağ sərf etdiyindən xx.xx.2025-ci il tarixdə cavabdeh X4 təmir etdirmək üçün aparmışdır. Həmin vaxt kitabça (yağ soyuducusu) adlanan detalı avtomobildə olmuş, E.E.Nəsibzadədən həmin ehtiyat hissəsini dəyişməyi xahiş etmişdir. E.E.Nəsibzadə kitabçada (yağ soyuducusunda) qüsur olduğunu bildirmişdir. Onlar kitabçaya (yağ soyuducusuna) baxdıqda onun kənarının az miqdarda qələmin arxası qədər hissədə içəri batdığını görmüşlər. Bundan sonra o, mağazaya geri qayıtmış, bununla bağlı satıcı ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı satıcı yeni kitabça (yağ soyuducusu) axtarmış, satışda yeni kitabça (yağ soyuducusu) olmadığını demiş, ona satdığı kitabçada (yağ soyuducusunda) qüsur olmadığını bildirmiş, narahat olmamağı ona tapşırmışdır. Buna görə də o, E.E.Nəbizadəyə yaxınlaşıb gətirdiyi həmin detalı avtomobilin mühərrikinə yerləşdirməyi xahiş etmişdir. Bundan sonra avtomobil normallaşmış, 10 gün sonra avtomobil yenidən əvvəlki vəziyyətə düşmüşdür. O, yenidən E.E.Nəsibzadənin yanına getmiş, mühərrikin hissələri yoxlanılmışdır. O, yaşadığı Tərtər rayonuna geri qayıtmış, mühərrikin hissələrini götürməyi E.E.Nəbizadəyə bildirmişdir. Onun avtomobilinin mühərrikini E.E.Nəbizadə götürmüşdür. Prokladkanı (contanı) da o, Ruslan adlı şəxsdən 180 manata almışdır. Həmin ehtiyat hissəsini E.E.Nəbizadə götürmüşdür. Bundan sonra onun mühərriki yığılmışdır. O, avtomobili gəlib təhvil almış, E.E.Nəbizadə problem olmayacağını ona bildirmişdir. Bundan 10 gün sonra yağın və suyun bir-birinə qarışdığını bildirmişdir. Gəncə şəhərinə gəldikdən sonra yağı və suyu dəyişmişlər. E.E.Nəbizadə avtomobili sürsə problem olmayacağını bildirmişdir. Bundan 3 gün sonra yenidən problem yarandığına görə o, yenidən qalovka (silindir başlığı) alıb, E.E.Nəbizadənin yanına getmiş, qalovkanı (silindir başlığını) dəyişməyi xahiş etmişdir. E.E.Nəbizadə isə qalovkanı (silindir başlığını) dəyişmişdir. Onun aldığı prokladkanı (contanı) alıb, avtomobilin prokladkanın (contanın) birini avtomobilin mühərrikinin üstünə qoymuşdur. Digərini isə özünə götürmüş, köhnə prokladkanı (contanı) üstündə saxlamışdır. E.E.Nəbizadənin təqsirli hərəkəti nəticəsində ona 6.400 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehdə müraciət etsə də heç bir nəticə əldə etməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində ona məxsus avtomobil təmiri sexində mühərrik və avtomobilin digər hərəkət detallarının təmiri ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə İddiaçı avtomobilin təmiri üçün yaxınlaşmışdır. Həmin vaxt yağın suya qarışmamasını tənzimləyən kitabça (yağ soyuducusu) adlanan detalı təqdim edib, həmin detalı dəyişməyi xahiş etmişdir. O, dəyişilmək üçün verilən kitabçada (yağ soyuducusunda) əzik olduğuna görə İddiaçı detalın qüsurlu olduğunu, belə olan halda həmin detalla mövcud qüsurun aradan qalxmayacağını demişdir. Lakin İddiaçı detalın dəyişməsini tələb etdiyinə görə həmin detalı dəyişdirmişdir. Daha sonra İddiaçı mühərriki sökməyi xahiş etmişdir. O, kitabçanın (yağ soyuducusunun) qüsurlu olduğuna görə dəyişilməli olduğunu bildirsə də, İddiaçı kitabçanı (yağ soyuducusunu) dəyişdirməmiş, mühərriki sökməyi tələb etmişdir. Buna görə də o, mühərriki sökmüş, yoxladıqdan sonra İddiaçı şəxsən özünün alıb gətirdiyi prokladkanı (contanı) qoymuş, mühərriki yığmışdır. Mühərriki yığıb, avtomobili təhvil verdikdən sonra İddiaçı getmiş və bir-iki gün sonra ona zəng vuraraq eyni hadisənin təkrarlandığını bildirmişdir. H.Ç.Mirəzyev yenidən onun yanına geri qayıtmışdır. Həmin vaxt H.Ç.Mirəzyev qalovka (silindir ucları) gətirib dəyişməsini xahiş etmişdir. O, qalovkanın (silindir uclarının) yoxlanıldığını və qüsursuz olduğunu, qüsurun kitabçadan (yağ soyuducudan) qaynaqlandığını desə də İddiaçı qalovkanın (silindir uclarının) dəyişilməsini tələb etmişdir. Qeyd olunan səbəbdən İddiaçı sözləri və xahişi əsasında mühərrikin qalovkasını (silindir uclarını) dəyişmişdir. O, qalovkanın (silindir uclarının) dəyişmə səbəbini soruşduqda, İddiaçı Bakı şəhərində başqa ustanın mühərriki pis vəziyyətə qoyduğunu bildirmişdir. Daha sonra İddiaçı avtomobildəki qüsurun aradan qalxmadığını bildirdikdə, o, kitabçanın (yağ soyuducusunun) dəyişdirilməli olduğunu ona izah etmişdir. İddiaçı başqa yerdə kitabçanı (yağ soyuducusunu) dəyişib, ona qüsurun prokladkadan (contadan) yarandığını demişdir. X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfələrin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, avtomobil ustasıdır və çilingər kimi fəaliyyət göstərir, avtomobillərin əyləc, amortizator, peredok, yağını, suyunu dəyişməklə məşğul olur. Əvvəllər, o, avtomobilin mühərrikini yığsa da sonradan dərin anlayışı olmadığına görə mühərriklə əlaqədar müraciət edən müştəriləri başqa ustaya yönəldir. Tərtər rayonunda Səbuhi, Zaur, Sənan adlı mühərrik ustaları tövsiyyə etdiyi ustalardır. İddiaçı əvvəllər də Tərtər rayon sakini kimi tanısa da, 2-3 il müddət ərzində usta-müştəri münasibətində olmuşlar. İddiaçı «X16» markalı avtomobili olmuşdur. İddiaçı ilk dəfə onun yanına gələn zaman yağ və suyun bir-birinə qarışdığını bildirmişdir. Həmin avtomobilə ilk öncə o, daha sonra Zaur usta baxmışdır. Avtomobilin mühərrikinin düzəldilməsinin uzun müddət çəkəcəyindən işi qəbul etməmişdir. Zaur usta və o, proqlakdikanın yandığını bildirmişdir. Lakin mühərrik açılsa dəqiq problemin aşkar olunacağını izah etmişlər. İddiaçı 2024-cü ilin sonu 2025-ci ilin əvəllərində Gəncə şəhərinə gedib, avtomobilə baxarkən yenidən su və yağın qarışdığını görmüşlər. Daha sonra H.Ç.Mirəzyev ona proqlakdikanın hər ikisinin köhnə olduğunu, qalobkanın isə düzəldiləcəyini, digərinin isə düzəldilmədiyini bildirmişdir. İddiaçı avtomobil ehtiyat hissələrini ona müraciət edərkən özü almış və ona təqdim etmişdir. O, Bakı şəhərindəki usta ilə danışmamış, avtomobilin proqlakdikasının dəyişilməsində, eləcə də proqlakdikanı üzərində görməmişdir. Bakı şəhərində də yeni kitabça qoyulduğunu görməmişdir. O, İddiaçı Gəncə şəhərindəki kitabçanın qoyulmamasının səbəbini soruşmuşdur. İddiaçı Bakı şəhərindəki ustanın işinə cavabdeh olması üçün kitabçanın dəyişməyin lazım olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, təxminən 2020-2021-ci ildən 2025-ci ilin mart ayınadək X7 məxsus avtomobil təmir sexində usta köməkçisi işləmişdir.Onlar həmin təmir sexində avtomobillərin mühərrikini və başqa digər hissələrini təmir etmişlər. İddiaçı təxminən 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində «X16» markalı avtomobili mühərrikində yaranmış problemlə əlaqədar sexə yaxınlaşmışdır. İddiaçı avtomobilin mühərrikinin yağının suya qarışması ilə bağlı müraciət etmişdir. Həmin avtomobilə baxış keçirdikdən sonra yağ filterlərinin korpusunda yəni radiatorda qüsur diaqnozu qoyulmuşdur. İlk dəfə yalnız radiator dəyişilmişdir. Həmin radiatoru İddiaçı özü alıb gətirmiş, radiatorda qüsur olduğunu bildirmiş, bundan sonra İddiaçı satıcı ilə danışmış və daha sonra həmin radiatoru (kitabçanı) avtomobilin üzərinə qoymağı tələb etmişdir. İddiaçı avtomobilin radiatorunun (kitabçanın) dəyişilməsindən təxminən 1-2 gün sonra yenidən müraciət etmiş, onlar mühərrikin sökülməsi və qalobkanın yoxlanılması qərarına gəlmişlər. İddiaçı qalovkanı yoxlatdıqdan sonra geri qaytarmış, qalovkanı yenidən avtomobilin mühərrikinə qayıtdıqdan sonra eyni problem təkrarlanmışdır. Bundan sonra İddiaçı özü yeni qalovka alıb gətirmiş, həmin qalobkan mühərrikin üstünə yığmışlar. İddiaçı getmiş, 1-2 gün sonra geri qayıtmış, bu dəfə heç bir iş görməmişdir. O və E.E.Nəbizadə hər dəfə problemin radiatordakı (kitabçadakı) qüsurla əlaqədar olduğunu iddiaçıya izah etmişlər. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 57-2/2-M-7838/11/25 nömrəli məktubdan görünür ki, sonuncuya tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan X10 tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, 2025-ci ilin yanvar ayında işlədiyi avtomobil təmir sexinə adını sonradan bildiyi Hafiz adlı şəxs «Discover» markalı avtomobilini təmir etdirmək üçün gətirmişdir. O, həmin avtomobilin sahibi ilə məslətləşdikdən sonra həmin avtomobili təmir etmişdir. Həmin avtomobildə müxtəlif çatışmamazlıqlar olub lakin onları təmir etmişdir. Lakin avtomobilin mühərrikinin kitabçasının qüsurlu olduğundan avtomobil qaydasında işləməmişdir. Sonradan avtomobilin sahibi Bakı şəhərinə gedərək mühərrikin kitabçasını dəyişib və köhnə profilaktikanı qoymuşlar.Həmin şəxs avtomobilə aid ehtiyat hissələrinin alıb özləri yenidən yığmışdır. O, həmin avtomobilə köhnə heç bir ehtiyat hissəsi qoymamışdır və heç bir ziyan vurmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1 və 762.2-ci maddələrinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1 və 763.2-ci maddələrinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən əlavə nəqliyyat xərcləri ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 768.1.1-768.1.3-cü maddələrinə görə podratçı sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məlumatın davamsız və ya yararsız olacağı halda; podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda sifarişçini xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 768.2-ci maddəsinə görə əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxmağa mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi iddiaçı öz tələblərinin, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli, belə təqdim etmə birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər başa çatmalıdır. Yalnız sübutlar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduqda və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda, həmin sübutların məhkəmə baxışı gedişində qəbul edilməsi mümkün hesab edilə bilər. Göründüyü kimi qanunverici sübutetməni tərəflərin özünə aid etməklə, onların təqdim edilməsini müəyyən zamanla məhdudlaşdırmışdır. Hazırki halda İddiaçı X4 qarşı podrat müqaviləsi üzrə görülmüş işin qüsuru ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X9 iddianı qəbul etməmişdir. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X1 Elxan Eyyub oğlunun məhz İddiaçı təqdim etdiyi ehtiyyat hissələri əsasında işlər gördüyünü, işə başlamamışdan əvvəl təqdim edilən kitabça (yağ soyuducu) adlandırdıqları yeni ehtiyyat hissəsindəki qüsurla əlaqədar avtomobildəki nasazlığın aradan qalxmayacağının E.E.Nəsibzadə tərəfindən İddiaçı izah edildiyini, lakin İddiaçı həmin ehtiyyat hissəsinin dəyişdirilməsini tələb etdiyini bildirmişdir. Həmçinin İddiaçı öz izahatında E.E.Nəsibzadənin kitabça (yağ soyuducu) adlandırılan yeni ehtiyyat hissəsindəki qüsurla əlaqədar onu xəbərdar etdiyini və ehtiyyat hissəsini aldığı satıcının narahatçılığa əsas olmadığını bildirdiyini göstərmiş, iddia tələbinin əsası kimi dəyişdirilməsi üçün E.E.Nəsibzadəyə təqdim etdiyi 2 ədəd prokladkanın (contanın) bir ədədinin avtomobilin köhnə ehtiyyat hissəsi ilə dəyişdirilməsi, digər bir ədədinin isə E.E.Nəsibzadənin özündə saxlaması ilə əsaslandırmışdır. İddiaçı təhvil verilmiş işdə sonradan qüsurların yaranmasını, həmin qüsurların məhz podratçının – X3 işi lazımi səviyyədə görməməsi, habelə iddia tələbinin əsası kimi istinad etdiyi 2 ədəd prokladkanın (contanın) bir ədədinin E.E.Nəsibzadə tərəfindən köhnə ehtiyyat hissəsi ilə dəyişdirilməyərək, şəxsi məqsədlər üçün götürülməsi ilə əlaqədar olmasını və məmulatdakı qüsuru öz vəsaitləri hesabına aradan qaldırmalarını sübut etmə vəzifələri yaranmışdır. Lakin İddiaçı tərəfindən tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı X4 qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3990/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3990/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver