Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4002/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 avqust 2019-cu il təvəllüdlü X1 və 05 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş, 23 oktyabr 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu evlilikdən 26 avqust 2019-cu ildə X5 və 05 mart 2021-ci ildə X6 anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, onunla bir yerdə yaşamaq dözülməz hala çevrilmiş və ailə münasibətləri pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1891/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Zəhra və Ömər onun himayəsində qalmaqla onlara hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, uşağına maddi və mənəvi dəstək göstərmir, uşaqların saxlanılması üçün kəsilmiş sabit pul məbləğində cəmi 200 manat aliment isə 2 uşağın maddi tələbatını qarşılamır. Uşaqların məsrəfləri yetərincə artmışdır. Uşağın təlim-tərbiyəsi ona çox çətindir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşaqlarına atası və qardaşının köməkliyi ilə çətinliklə baxır, ümumiyyətlə onların ehtiyaclarını qarşılaya bilmir. Atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Aldığı təqaüd və pensiya özünün müalicəsinə yetərli deyil. Uşaqların yaşı az olduğundan işləyə bilmir, heç bir gəliri yoxdur. Cavabdeh isə Prezident təqaüdü və pensiya alır, geniş həyətyanı sahəsi və təsərrüfatı var, mal-qara saxlayır, aylıq gəliri 1000 manatdan (tək pensiya və təqaüdü 800 manatdan yuxarıdır), yüksəkdir. Cavabdeh 200 manat alimentdən savayı uşaqlara başqa maddi köməklik göstərmir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək tələb olunan 500 manat məbləğində alimenti ödəməyə imkanının olmadığını, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Cavabdeh iddianı qismən etiraf etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 avqust 2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X2r. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1891/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 26 avqust 2019-cu il təvəllüdlü X1 və 05 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 20 aprel 2023-cü il tarixli arayışdan görünür ki, tərəflər keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər ilkin mediasiya sessiyasının keçirilməsindən sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1891/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən keçən dövr ərzində özünün və ya cavabdehin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi barədə sübutlar təqdim etməmişdir. Buna baxmayaraq cavabdeh iddianı qismən etiraf edərək hər ay hər uşaq üçün 150 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir, hər hansı başqa şəxslərin hüquq və mənafelərini pozmur. Ona görə də cavabdehin iddianı qismən etiraf etməsi qəbul edilməli, iddia qismən təmin olunmalı, 26 avqust 2019-cu il təvəllüdlü X5 və 05 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, 300 manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya prosesini davam etdirmək barədə razılıq əldə olunmamışdır. Qeyd olunan normanın tələbinə uyğun olaraq ilkin mediasiya üçün çəkilmiş xərc tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin 27,50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1891/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 26 avqust 2019-cu il təvəllüdlü X5 və 05 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. 26 avqust 2019-cu il təvəllüdlü X5 və 05 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 27,50 manat (iyirmi yeddi manat, əlli qəpik) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4002/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4002/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver