Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-402/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə müəyyən dostluq münasibətləri olmuşdur. 2017-ci ilin sentyabr ayında cavabdeh ona bildirmişdir ki, onun «Hyundai Elantıa» markalı avtomobili var, avtomobil VTB Banka borca görə girovdadır, aylıq ödənişləri edə bilmədiyinə görə avtomobili satmaq istəyir. O, ondan avtomobili hansı şərtlər əsasında satmaq istədiyini soruçmuş, bildirdi ki, ilkin ödəniş kimi 3500 manat verilsə, avtomobili satar. Avtomobili almaq istədiyini bildirmiş və xx.xx.2017-ci ildə cavabdehlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat kontoruna getmişlər və orada cavabdeh avtomobilə görə ona etibarnamə vermişdir. O, ona pulu sonra verəcəyimi bildirmişdir. Avtomobili altı ay idarə etdikdən sonra onu satmaq qərarına gəlmiş və onu X10 5500 manata satmışdır. Əliyev Zöhrabdan aldığı pulun 3500 manat hissəsini Cavabdeh vermiş, qalan iki min manat hissəsini isə avtomobilə görə nisyə götürdüyü ehtiyat hissələrinə görə ödəmişdir. X1 ona qarşı məhkəmədə iddia qaldıraraq avtomobilin mülkiyyətçisinin avtomobili ondan aldığını bildirmiş və ödədiyi 5500 manat pulu tələb etmişdir. Həmin iş üzrə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, avtomobil X8 adına rəsmiləşdirilmişdir. X11 avtomobilə görə bank borcunu ödəməmiş, bank da pulu kredit götürən X6 tələb etmişdir. Şirinov Fazil isə avtomobili ehtiyat açardan istifadə etməklə küçədən götürərək banka təhvil vermişdir. X2 ona qarşı iddia qaldıraraq ödədiyi məbləği tələb etmişdir. Binəqədi rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ona qarşı iddiası təmin edilmiş və ondan X9 xeyrinə 5500 manat pul tutulması qət edilmişdir. Bu səbəbdən də, o, həmin avtomobilə görə ödədiyi 3500 manat pulu Cavabdeh geri tələb edir. Belə ki, X9 qeyd olunan avtomobillə bağlı polis orqanlarına etdiyi şikayət əsasında Binəqədi RPİ-də aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Cavabdeh öz izahatında etiraf etmişdir ki, «Hyundai Elantra» markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin sentyabr ayında İddiaçı adlı şəxsə 3500 manata satmışdır. Bununla da cavabdeh ondan avtomobilə görə pul aldığını etiraf etmişdir. Odur ki, cavabdehdən həmin məbləğ alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı 3500 manat alaraq “Hyundai Elantra” markalı, **-VF-*** markalı avtomobili satdığını və alqı-satqıya dair müqavilə bağlamadığını bildirdi. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Polis idarəsinə verdiyi izahatın təsdiqlənmiş surətindən görünür ki, “Hyundai Elentra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 4000 manata 2016-cı ilin əvvəlində X4 almışdır. Aralarında olan danışığa görə Cavabdeh cədvəl üzrə hər ay 260 ABŞ dolları ödəniş etməli idi. Həmçinin razılaşmaya görə krediti ödədikdən sonra avtomaşın Cavabdeh qalmalı idi. Lakin maddi vəziyyəti pisləşdiyi üçün Cavabdeh 2017-ci ilin sentyabr ayında Hüseynağa adlı şəxsə avtomobili etibarnamə ilə 3500 manata satmış və “VTB” bankına qrafik üzrə Hüseynağa özü ödəniş etməli idi. Buna baxmayaraq, Hüseynağa heç bir cədvəl açdırmamış və avtomobilə görə “VTB” banka ödəniş etməmişdir. Cavabdeh avtomobili İddiaçı satarkən VTB banka borclu olması barədə məlumat vermişdir və onun özü ilə banka getmişdir. Təxminən avtomobilin banka 10.500 ABŞ dolları borcu qalmışdır. Cavabdeh avtomobili mülki etibarnamə ilə İddiaçı satarkən bu barədə X7 oğlu Həmidə və Bank VTB-yə məlumat verdiyini bildirmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2018-ci il tarixli 264/2023 saylı məktubundan görünür ki, “Hyundai Elantra” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixdən hal-hazıradək X3 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə iddiaçı mübahisəli avtomobilin alğı-satqısı üzrə cavabdehə ödədiyi 3500 manat pulun tutulmasını xahiş etmişdir. Lakin mübahisəli avtomobilin mülkiyyət hüququnun cavabdehə məxsus olması, daha sonra iddiaçıya keçməsi və (ya) həmin avtomobilin alğı-satqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Əvvəla, avtomobilə dair cavabdehə məxsus olmayan mülkiyyət hüququ aralarında bağlanmış müqavilə əsasında iddiaçıya keçə bilməzdi. Bundan başqa, tərəflər mübahisəli avtomobilin alğı-satqısına dair öz aralarında razılığa gəldiklərini bildirsələr də, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli avtomobilə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Belə ki, cavabdehin mülkiyyətində olmayan avtomobilə dair sərəncam verməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmamış alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz olan etibarsız əqddir. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, yəni mübahisəli avtomobilin dəyəri qismində iddiaçının ödədiyi 3500 manat pul cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əqdin etibarsızlığının nəticələrinin tətbiqi üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olsalar da, mübahisəli avtomobil cavabdehə qanuni əsaslarla məxsus olmadığı üçün həmin daşınar əşyanın iddiaçı tərəfindən geri qaytarılması barədə qərar qəbul edilə bilməz. Bundan başqa, məhkəmə araşdırması zamanı sübut növləriylə cavabdehə verilməsi təsdiqlənən 3500 manat pulun iddiaçıya tam və ya qismən geri qaytarılmasını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin iş mtaeriallarına əlavə edilmiş yazılı izahatlarına əsasən, avtomobil digər şəxsin sahiblik və istifadəsinə verildiyi zaman Bank qarşısında öhdəliklərin icrası barədə şifahi razılıq əldə edildiyi bildirilsə də, mübahisəli avtomobilin Bank qarşısında öhdəliklərin icrasının təminatı qismində yüklü edilməsi və (ya) həmin müqavilə üzrə hüquq və vəzifələrin yazılı qaydada ötürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-402/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-402/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver