Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4020/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakının dəyərinin qalığı olan 400 manatın və 6 ay müddətində əmlakdan əldən çıxan 840 manata gəlirin, cəmi 1240 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvar ayının əvvəlində Cavabdeh ona müraciət edərək bildirmişdir ki, yas mərasimində çay qaynatmaq üçün 100 litrlik samovar kirayəyə versin. Yas mərasimə 3 günlük samovarın kirayə haqqı 70 manat təşkil edir. Bir neçə gündən sonra samovarın qaytarılması üçün ona artıq yas mərasimi qurtarıb samovarı qaytarıb və 70 manatı ödəməsini söyləsə də, o samovarın artıq olmamasını bildirmişdir. Samovarı ala bilmədiyini görüb bu barədə polisə müraciət etmiş, polisə şikayətindən sonra ona 200 manat, xx.xx.2024-cü il tarixdə isə yenə 200 manat vermişdir. xx.xx.2024-cü il tarixdə yazılı şəkildə bildiriş yazıb və imza etmişdir ki, hissə-hissə ödəyərək may ayının 1 və ya 2-nə borcunu tam ödəyəcək. Hal-hazırda onun 400 manat borcu qalıb, samovarın orta bazar qiyməti 800 manat təşkil edir. Eyni zamanda hər ay 2-3 dəfə yas mərasimlərinə verib hər yas günləri, 3-4 gün ərzində 70 manat kirayə pulu alır. Artıq 6 aydır ki, o, hər ay 140 manat gəlirindən məhrum olmuşdur. Cavabdehin ona əmlakının dəyərinin qalığından 400 manat, əldən çıxmış faydaya görə isə 6 ay müddətinə hər ay üçün 140 manat, cəmi 840 manat və ümumilikdə 1240 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, samovarın dəyərindən cavabdehin cəmi 300 manat borcu qalmışdır, bundan başqa, samovarın istifadəyə verilə bilməməsinə görə əldən çıxmış faydaya dair sübut təqdim edə bilmir. İddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, samovarın dəyərindən 300 manat borcu qalmışdır, bundan başqa, iddiaçı samovarı 10 gün müddətinə hər gün üçün 3 manat olmaqla istifadəyə vermişdi. Cavabdeh hissə-hissə olmaqla samovarın dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 600 manat borcu var. Həmin borcu hissə-hissə qaytaracaq. Borcun 100 manatını mart ayının 5-nə qədər, qalan 200 manatı aprel ayının 1-2si tarixədək ödəyəcək. Borcun 300 manatını isə may ayının 1-2-si tarixində ödəyəcəyini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı ona məxsus olan əşyanı geri qaytarmamasıyla cavabdehin əsassız varlanmasına görə əşyanın dəyərinin tutulmasını xahiş etmişdir. Hər iki tərəf əşyanın dəyərindən 300 manat borcun qalmasını etiraf etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçı tələbinin cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyi hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın qismən cavabdeh tərəfindən etiraf qəbul edilməli, cavabdehdən 300 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı mübahisəli əşyadan məhrum olmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir qismində 840 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı həmin hissədə tələbini təsdiqləyən sübutlar təqdim etməsə də, cavabdəh mübahisəli samovarın istifadəsinə görə 10 gün müddətinə hər gün üçün 3 manat hesablanması barədə razılıq əldə etdiklərini bildirdi. Belə olan halda, mübahisəli əşyanın cavabdehin istifadəsinə verildiyi 2024-cü ilin yanvar ayından sonra qətnamənin qəbul edildiyi vaxtadək (fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr) hər ay üçün (3x10=30) 30 manat hesablanmaqla, 8 ay üzrə (30x8=240) cəmi 240 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hisədə sübuta yetirilmədiyi üçün təmin olunmamalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək əşyanın dəyəri qismində 300 manat və əldən çıxmış fayda qismində 240 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh əşyanın dəyəri qismində 300 manat və əldən çıxmış fayda qismində 240 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4020/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4020/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver