Məhkəmə qərarları › İş №2(125)-4042/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4042/2024

18.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4042/2024 18.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması” tələbinə dair məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evin giriş-çıxış yolunun tikinti materalları və tullantılardan cavabdehlərin öz hesabına təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətidədir. (texniki pasport və çıxarışın surəti əlavə edilir.) Cavabdehlər onun mülkiyyətində olan evin giriş darvazasının qarşısına tikinti materialları və s. materiallar tökməklə evə giriş-çıxışı mümkünsüz edirlər. Qanunsuz olaraq onun darvazasının qarşısında öz həyət divarlarından qanunsuz qapı açmaqla həyətin zibillərini həmin qapıdan çıxararaq onun evinin qarşısına atırlar. Bundan başqa şəxsi istifadələrində olan avtomobilləri evin giriş-çıxışında saxlamaqla maneə yaradırlar. Dəfələrlə müraciət etsələr də yolun açılması avtomobillərin giriş darvazasının qarşısında saxlanmasını aradan qaldırmırlar. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Ancaq heç bir tədbir görülməmiş məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində yaranmış vəziyyət onun mülkiyyətindən sərbəst və maneəsiz şəkildə istifadə etməsinə imkan vermir. Odur ki, mülkiyyətində olan evin girişçıxış yolunun tikinti materialları və tullantılardan cavabdehlərin öz hesabına təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını iddia edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında hal-hazırda yaşayış yoxdur. Cavabdehlər tərəfindən iddiaçıya maneələr yaradılmış, belə ki, iddiaçıya məxsus evin qarşısına tikinti materialları tökmüşlər. Daha sonra həmin tikinti materialları cavabdehlər tərəfindən götürülsə də, cavabdehlər şəxsi istifadələrində olan avtomobilləri evin giriş-çıxış qapısında saxlamaqla iddiaçının öz şəxsi mülkiyyətindən istifadə etməsinə əngəl olmuşlar. Həmçinin iddiaçının darvazasına yaxın dalanda qanunsuz əl qapısı açmaqla iddiaçının evinə gediş-gəlişinə məhdudiyyət yaratmışlar. Həmin dalan iddiaçı və cavabdehin mülkiyyətində olmamaqla dövlət mülkiyyətindədir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, qanunsuz hərəkətlərinə son qoymağı tələb etmiş, iradını bildirib, etiraz etsə də, cavabdehlər buna məhəl qoymamış və hüquqazidd hərəkətlərini davam etdirmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının hazırki iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının bağlanmasını tələb etdiyi və öz həyət divarlarına bitişik olan qapı 1980-ci ildən mövcuddur və 27 ilə yaxın müddətdir ki, orada yaşayırlar. Həmin qapı iddiaçının mülkiyyətində sərbəst yaşamasına hər hansı bir maneəçilik yaratmamaqla qapının açıldığı yerin iddiaçıya heç bir aidiyyatı yoxdur və boş ərazidir. İddiaçının evinin qarşısında tikinti materialları olan daş, qum və s. əvvəllər olsa da, həmin tikinti materialları onlar tərəfindən götürülmüş və halhazırda iddiaçının evinə giriş-çıxışa maneə törədəcək heç bir əngəl mövcud deyildir. Həmçinin mülkiyyətlərində olan avtomobillərini çox vaxt öz qapılarının astanasında, orada saxlamaq mümkün olmadıqda isə boş yerdə saxlayırlar ki, həmin ərazi kifayət qədər geniş olmaqla iddiaçının evinə gedib-gəlməsinə heç bir maneə törətmir. Ümumiyyətlə iddiaçı uzun müddətdir ki, həmin iddia etdiyi ərazidə yaşamır. Odur ki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək, mübahisəli əraziyə yerində müayinə apararaq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 11 avqust 2021-ci il tarixli, **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanının ½ hissəsi İddiaçı, ½ hissəsi isə X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 378 nömrəli, 28 iyun 2018-ci il tarixli Sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105 nömrəli ünvanda yerləşən Cavabdeh2 istifadəsində olan 559.2 kvadratmetr torpaq sahəsi və orada inşa edilmiş aşağıdakı sahələrdən ibarət olan fərdi yaşayış evi rəsmiləşdirilməsi və Cavabdeh1 adına qeydiyyata alınması ümumi sahəsi 183.6 kvadratmetr, o cümlədən yaşayış sahəsi 95.3 kvadratmetr, zirzəmi 48.2 kvadratmetr, Heydər Əliyev prospekti, 105 nömrəli ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qeydiyyata alınması və mülk sahibinin mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Xahiş edilməsi qərara alınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, nümayəndəliyin əməkdaşları tərəfindən İddiaçı şikayətçi olduğu qonşusunun qapının qarşısına tökdüyü daş-qumu yığışdırmalı olduğu bildirilmişdir. İddiaçı başqa iddialarına baxmaq onların səlahiyyətlərində olmadığı üçün vətəndaşa məhkəməyə müraciət etmədi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, 11 avqust 2021-ci il tarixli, **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanının ½ hissəsi İddiaçı, ½ hissəsi isə X1 xüsusi mülkiyyətindədir. Hal-hazırda İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan evə giriş-çıxışa maneə yaradıldığını iddia etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə yerində müayinə aparılan zaman müəyyən edildi ki, ünvan 4 ünvanına gedən yol açıq olmaqla ora giriş-çıxış üçün heç bir maneə yaradılmamışdır. Həmin yolda heç bir tikinti materialları və tullantı yoxdur. Bundan başqa iddiaçının evinə gedən yol kifayət qədər enli olmaqla iddiaçının evinə gedib-gəlməsi üçün tam şərait mövcuddur. Bundan başqa cavabdeh həmin yola iddiaçıya heç bir maneə yaratmayacaq formada giriş qapısı açmışdır. Həmin giriş qapısı yalnız insanların cavabdehə məxsus həyətə girib-çıxması üçündür. Ümumiyyətlə mübahisəli ərazi kifayət qədər geniş olmaqla orada hətta bir neçə avtomaşının saxlanması üçün imkan vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə tərəfindən hazırki mübahisənin tam düzgün və obyektiv araşdırılması, yəni cavabdehlər tərəfindən maneələrin törədilməsi faktının mövcud olub-olmamasının müəyyən məqsədi ilə mübahisəli əraziyə yerində müayinə (baxış) keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq olunan yaşayış evləri bir-birinə bitişik şəkildə, yanaşı sahələrdə yerləşirlər. Hər iki yaşayış evinə giriş küçə tərəfdəndir. İddiaçıya məxsus ünvan 1 ünvanının qarşısında cavabdehlər tərəfindən tökülmüş tikinti materialları - daş, qum, həmçinin hər hansı tullantı mövcud olmamaqla cavabdehlər tərəfindən götürülmüş və maneə aradan qaldırılmışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında öz izahatında bu faktı təsdiq etmişdir. Eyni zamanda iddiaçının bağlanmasını tələb etdiyi və cavabdehlərin öz həyət divarına bitişik olan qapı iddiaçının mülkiyyətində olan evin gedişgəliş yolunu, küçəyə çıxışını bağlamamaqla yanaşı, evdən istifadə hüquqlarını məhdudlaşdırmır, o cümlədən qapının açıldığı ərazi tərəflərin mülkiyyətində deyildir. Həmçinin iddiaçı və cavabdehlərin evinin yerləşdiyi ərazi kifayət qədər geniş olmaqla hər hansı nəqliyyat vasitəsinin saxlanılmasının tərəflərin öz mülkiyyətindən sərbəst və müstəqil istifadə etməsinə maneə törədəcək hal kimi baxış zamanı müəyyən edilməmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən evin giriş-çıxış yolunun tikinti materalları və tullantılardan cavabdehlərin öz hesabına təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunmasını xahiş etdiyi təqdirdə, cavabdehlər tərəfindən maneələrin törədilməsini sübut etmək onun vəzifəsi idi, lakin o, həmin vəzifəni icra etməmiş və yerində müayinə (baxış) zamanı da hər hansı bir maneə aşkar edilməmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması və evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar