Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4056/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 81,13 manat əsas və 46,33 manat cərimə borcu olmaqla, cəmi 127,46 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Unibank" KB ASC-nin xx.xx.2021-ci il tarixli, 02/21-Ə saylı bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanın “Ödəniş Kartları” adlı 5-ci bölməsinin 2.8-ci bəndinə əsasən Bank “Müştərinin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Qeyd edilən ofertanın “Müştərinin vəzifələri” adlı maddənin 3.4.2-ci bəndinə əsasən müştəri tərəfindən "Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X2 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin ofertanın 2.8-ci maddəsinə əsasən Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri” “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30(otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30(otuz)% məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixli xxxxxxx saylı ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş bank xidmətlərinin təqdim edilməsi haqqında xx.xx.2021ci il tarixli 02/21-Ə saylı ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh Bank tərəfindən açılmış hesab üzrə borclu tərəfindən texniki overdrafta yol verilmiş və həmin overdraft məbləğindən ödənişlər edilməmişdir. Sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günki günə Borclunun Kreditor qarşısında 127,46 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Mülki işin materiallarında olan, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış, xx.xx.2021-ci il tarixli müqavilənin 2.8-ci maddəsinə əsasən Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri” “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30(otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30(otuz)% məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, bank müştərini xəbərdar etmədən Kartın fəaliyyətini dayandıra bilər. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir. Lakin, cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək, müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst iradəsinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən faktiki halları ondan ibarətdir ki, cavabdah özünə məxsus olmayan, texniki səhv nəticəsində kartına keçmiş pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmış, bundan sonra müqavilə ilə nəzərdə tutulan müddət ərzində həmin vəsaiti iddiaçı Bankın hesbına qaytarmalı olduğu halda, müqavilə üzrə bu öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Ona görə də, cavabdehin əsassız olaraq əldə etdiyi, iddiaçı Bankın mülkiyyəti olan 127,46 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 81,13 manat əsas və 46,33 manat cərimə borcu olmaqla, cəmi 127,46 manat borc və ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30,40 manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 81,13 (səksən bir) manat 13 qəpik əsas borc və 46,33 (qırx altı) manat 33 qəpik cərimə borcu olmaqla, cəmi 127,46 ( bir yüz iyirmi yeddi) manat 46 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 30,40 (otuz) manat 40 qəpik məbləğində pul alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4056/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4056/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver