Məhkəmə qərarları › İş №2(125)-4063/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4063/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4063/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3733,58 AZN əsas, 218,69 AZN faiz, 0,33 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3952,60 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 59,53 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 AZN 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 3804 AZN məbləğində kredit verilmişdir, (kredit müqaviləsinin 1-ci maddəsi) Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 22 may 2024 tarixinə "xxxx" KB ASC-yə 3733,58 AZN əsas, 218,69 AZN faiz, 0,33 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3952,60 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23-EM nömrəli əsas kredit və bank hesabı və 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcverən borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minimum 1 (bir) ay maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2023-cü il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. Kredit məbləğinə hesablanmış faizlər və kredit ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit müqavilələri üzrə kredit prosedurlarına görə komissiya maksimum 3 (faiz) müəyyən olunur. Bu müqaviləyə görə borcverən 60 ay müddətinə, xx.xx.2028 tarixinədək illik 22 faiz ödəmək şərti ilə 3804 (üç min səkkiz yüz dörd) məbləğdə krediti 6 ay güzəşt müddəti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 22.06 faiz təşkil edir. "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Kredit müqaviləsi üzrə Kreditor tərəfindən borcluya xx.xx.2028 il tarixinədək 60 ay müddətinə 6 ay güzəşt müddəti ilə, kreditdən istifadəyə görə illik 22 faiz ödənilməsi şərti ilə 3804 manat məbləğində kredit verilir. Borclu kreditor qarşısında kredit müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. Zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kreditor Borclu tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də Zaminə qarşı Kredit Müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. 22 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 22 may 2024-cü il tarixə borcalan Cavabdeh1 474micGNDJ/23 nömrəli kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu 3733,58 AZN əsas, 218,69 AZN faiz, 0,33 AZN cərimə, 0 AZN komisyon haqqı olmaqla, cəmi 3952,60 AZN müəyyən edilmişdir. 20 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün Banka 20 fevral 2024-cü il tarixinə 3733,58 AZN əsas, 132,67 AZN faiz, 0,51 AZN cərimə, cəmi 3866,76 AZN borcu vardır. Bank tərəfindən cavabdehə 3 iş günü müddətində müqaviləni ləğv etmək təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc və zaminlik müqaviləsinə uyğun olaraq, Cavabdeh1 və Cavabdeh2 tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" KB ASC cavabdehlərdən borcun tam ödənilməsi xx.xx.2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə cavabdehlərin "xxxx" KB ASC-yə borcu ödənilməmiş əsas borc qismində 3733,58 AZN, faiz borcu qismində 132,67 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23-EM nömrəli əsas kredit və bank hesabı və 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli əlavə kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin təminatı olaraq 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" KB ASC Cavabdeh1 ilə 20 fevral 2023-cü il tarixli, 474micGNDJ/23 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh1 "xxxx" KB ASC-yə borcu ödənilməmiş əsas borc qismində 3733,58 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132,67 AZN təşkil etmişdir. Buna görə də Cavabdeh1 "xxxx" KB ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" KB ASC-nin Cavabdeh1 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" KB ASCnin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 3733,58 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132,67 AZN məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə 3733,58 (üç min yeddi yüz otuz üç manat əlli səkkiz qəpik) AZN əsas borc, 132,67 (bir yüz otuz iki manat altmış yeddi qəpik) AZN faiz borcu, 0,33 (sıfır manat otuz üç qəpik) AZN cərimə borcu olmaqla, cəmi 3866,58 (üç min səkkiz yüz altmış altı manat əlli səkkiz qəpik) AZN məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 0,40 AZN xidmət haqqı və dövlət rüsumunun 58,66 (əlli səkkiz manat altmış altı qəpik) AZN hissəsi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3733,58 (üç min yeddi yüz otuz üç manat əlli səkkiz qəpik) AZN əsas, 132,67 (bir yüz otuz iki manat altmış yeddi qəpik) AZN faiz və 0,33 (sıfır manat otuz üç qəpik) AZN cərimə borcu olmaqla, cəmi 3866,58 (üç min səkkiz yüz altmış altı manat əlli səkkiz qəpik) AZN borc və 0,40 AZN xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 58,66 (əlli səkkiz manat altmış altı qəpik) AZN hissəsi tutularaq, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar