Məhkəmə qərarları › İş №2(125)-4065/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4065/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4065/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 20000 manat pulun və 150 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə özü üçün iş qurmaq adı ilə ondan 2000 manat borc pul almışdır. Bununla bağlı öz əli qəbz yazıb ona vermişdir. Hətta yanında olan Talıbov Sübhan adlı şəxs də zamin kimi qəbzi imzalamışdır. Cavabdeh ona borclu olduğu puldan hər ay 1000 manatını geri ödəməyi öhdəsinə götürmüşdü. Lakin cavabdehə borc verdiyi vaxtdan 2 ay keçməsinə baxmayaraq, cavabdeh hər ay ödəməyi vəd etdiyi 1000 manatı ona ödəməmişdir. Cavabdeh öhdəliyini 2 ay ərzində pozduğuna görə, o, pulunun bütövlükdə geri qaytarılmasını ondan tələb etdi. Lakin cavabdeh pulunu könüllü olaraq ona qaytarmadı. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 bildirdi ki, iş materiallarına əlavə olunmuş qəbzdəki imza ona məxsusdur və o qəbzi şahid qismində imzalamışdır, belə ki, Cavid qəbzi imzaladıqdan sonra Elnur ona borc pul verdi, o, borcun verilməsinə şahiddir, daha sonra Elnur Cavidin pulu geri qaytarmadığını ona bildirmişdi. Üçüncü şəxs iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, Əliyev X2 Elnurdan 20000 manat borc almışdır, hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlərdə gecikmələr olduğu halda istənilən dövlət orqanlarına müraciət edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı iş üzrə cavabdeh 20000 manat borcu xx.xx.2025-ci ildən hər ay 1000 manat olmaqla iddiaçıya ödəməyi qəbzlə öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyin icra edilmədiyinə əsaslanaraq cavabdehdən bütövlükdə 20000 manat borcun qaytarılmasını tələb etsə də, tələbin əsaslandığı qəbz borcun hissə-hissə qaytarılmasını nəzərdə tutduğundan icra olunması tələb edilən öhdəliyin bir hissəsinin hələ icra vaxtı çatmamışdır. Cavabdehin borcdan hər ay 1000 manat qaytarmaq öhdəliyini nəzərdə tutan qəbzin verildiyi xx.xx.2025-ci ildən indiyə qədər 7 ay keçmişdir. Yəni, cavabdehin vaxtı çatmış və icra edilməmiş öhdəliyinin ümumi həcmi 7000 manatdır. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, hər hansı ödəniş edilməsini, daha az borcun qalmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır. İddiaçı bütün məbləğin tutulmasını tələb etsə də, bunun üçün əsasların olmasına istinad etməmiş, müvafiq qəbzdə iddiaçının borcun vaxtından əvvəl tam qaytarılmasını tələb etmək hüququnu nəzərdə tutan şərtlər müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən, hesab edir ki, iddia hazırkı halda yalnız 7000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzi qismində 90 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar