Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4114/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldadılma yolu ilə ona satdığı avtomobilə görə ödənilmiş 5000 manat məbləğində kompensasiya məbləğinin Cavabdehdan alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o İddiaçı, Cavabdeh ilə 2024-cü ilin may ayında FİAT TOFAŞ markalı, sarı rəngli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı məqsədilə razılaşdı. Cavabdeh bu nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirərək, avtomobili ona nisyə qaydada 5000 manat müqabilində satacağını dedi. Razılaşmaya əsasən, ilkin olaraq xx.xx.2024-cü il tarixdə 1100 manat nağd ödəniş etdi və cavabdeh onun istəyi ilə avtomobili idarə etmək üçün etibarnaməni dostu X1 adına rəsmiləşdirdi. Sonrakı aylarda hər ayın 14-də 300 manat olmaqla ümumilikdə 8 ay müddətində 2400 manat ödəmişdir. Qalan 1200 manat məbləği isə xx.xx.2025-ci il tarixdə terminal vasitəsilə birdəfəlik ödəmişdir. Beləliklə, o ümumilikdə cavabdehə 5000 manat ödəməklə avtomobilin tam qiymətini ödəmişdir. Bundan sonra avtomobilin adında rəsmiləşdirilməsi üçün cavabdehdən xahiş etsə də, o müxtəlif bəhanələrlə bundan yayındı və əlaqəni tamamilə kəsdi.Aparılmış araşdırmalardan sonra məlum oldu ki, avtomobil cavabdehə deyil, X2ma məxsusdur və cavabdeh bu avtomobili yalnız idarə etmək hüququ ilə etibarnamə əsasında icarəyə götürmüşdür. Sevda xanım avtomobilin ona məxsus olduğunu və cavabdehin bu nəqliyyat vasitəsini satmaq hüququ olmadığını bildirdi. O, həmçinin cavabdehin ona 2500 manat borcu olduğunu və borc ödənilmədən avtomobilin adında rəsmiləşdirilməsinə razılıq verməyəcəyini bildirdi. Çıxılmaz vəziyyətdə qaldığımdan, Sevda xanımın təklifi ilə üçüncü şəxs Elçin adlı şəxslə razılaşıb avtomobili satılaraq adında rəsmiləşdirmək üçün əlavə 1500 manat ödəmişdir. Yəni ümumilikdə o bu avtomobil üçün 6500 manat vəsait xərcləmişdir. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən ona verilən avtomobildə alqı-satqıdan qısa müddət sonra ciddi texniki nasazlıqlar aşkar olunmuş və o bu nasazlıqların aradan qaldırılması üçün əlavə xərcə düşmüşdür.Yuxarıda qeyd edilən hallardan aydın olur ki, cavabdeh ona faktiki olaraq hüququna malik olmadığı bir əmlakı satmaqla aldatma yolu ilə maddi ziyan vurmuşdur. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən əqdin etibarsızlığına, həmçinin 311-ci və 386-cı maddələrinə uyğun olaraq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə əsas verir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda həmin avtomaşın onun adına daşınar əşya kimi rəsmi reyestrdə qeydə alınmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ona qarşı irəli sürülən iddia tələbinə etiraz ərizəsi verərək, etirazda göstərmişdir ki, iddiaçı ona qarşı Gəncə şəhər Məhkəməsində iddia qaldırıb ondan maşına görə ödənilmiş 5000 manat pulun geri qaytarılmasını xahiş edir. Aşağıdakılara əsasən ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. Belə ki, iddiaçı iddia edir ki, guya alqı-satqıdan sonra maşında ciddi texniki nasazlıqlar aşkar olunmuş guya bu nasazlıqların aradan qaldırılması əlavə xərcə düşmüşdür. Bunu qəbul etmir. Belə ki, o maşını 1 il 6 ay olar ki, cavabdehə satmışdır. Bu müddət ərzində iddiaçı maşını istifadə etmiş keçən müddət ərzində maşında nasazlığı ilə bağlı ona heç bir məlumat verməmişdir. Bildirir ki, istifadə edilən maşında hər bir halda nasazlıq ortaya çıxa bilər. Əgər nasazlıq 15-20 gün müddətində ortaya çıxmış olsa idi ona cavabdehlik daşıyardı. Ancaq maşın 1 il 6 ay sürüb sonra iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Maşının alınıb dayanacağa qoyulmayıb. Maşın daima istifadə edilib. Belə olan halda ona iddia qaldırmağın hüquqi əsası yoxdur. Ondan maşın aparakən yoxlayıb aparıblar. Yəni ona qarşı maşınla bağlı heç bir irad bildirilməmişdir. Belə olan halda ona qarşı iddia qaldırmaq tamamilə əsassız haldır.İddiaçı maşına görə verdiyi 5000 manatı tələb edir. Sual olunur, bəs ona məxsus maşın 1 il 6 ay ərzində istifadəsi ilə bağlı xərci kim ödəməlidir. İddiaçı pulu tələb edirsə onda 1.6 ay ərzində ona məxsus istifadə etməsinə görə aylıq pulunu verməlidir. O, maşını iddiaçıya işlək vəziyyətdə vermişdir. İddiaçı maşında qısa müddətdən sonra nasazlıq olduğunu yazır. Halbuki nasazlıq müəyyən olunana kimi iddiaçı ona və ya maşın yiyəsinə müraciət edərdi. O üstündən 1 il 6 ay keçəndən sonar ona müraciət edib. Bu da bir daha onu subut edir ki, iddiaçının ona qarşı iddia qaldırıb pul iddia qaldırıb pul tələb etməsinin hüquqi əsası yoxdur. Onu da qeyd edir ki, o həmin İddiaçı satdığı maşını Bakı şəhərində Elçin adlı oğlandan almışdır. Daha sonra İddiaçı dostu Elnur ilə birlikdə həmin maşını onlara satmağını istəmişdir. O da bununla razılaşmışdır. Onlara bunun üçün Bakıya getmələrini maşın sahibi ilə görüşmələrini bildirdi. Onlar isə vaxtlarının olmadığıı ona verəcəklərini onun vasitəsi ilə göndərmələrini bildirdilər. O da bu haqda maşın sahibinə məlumat Verdi və onların ona verdiyi 1100 manatı maşın sahibi olan Elçinə verdi. Daha sonra onların ona verdiyi hər ay 300 manatı Elçinə göndərərək həmin pulun qəbzinidə şəklini də onlara atmışdır.Daha sonra maşın alan ilə satıcının arasında baş verən sövdələşmələrdən məlumatı olmamışdır.Eyni zamanda iddiaçı iddiasında göstərdiyi 1200 manat pulu ona ödəməsini göstərmişdir. Hansıkı həmin məbləğ 1200 manat olub həmin puluda onun kartıma atmışdır. Elə həmin 1000 manat puldan da o 300 manatı İddiaçı öz işlədiyi çayçıda özünə geri ödəmişdir.Həmin puldan belə olan halda onun ona verdiyi pul 1200 manat deyil 700 manat olmuşdur. Onların maşın yiyəsinə ayda 300 manat olmaqla 2 ay ödənişləri yəni 600 manat borcları qalmışdır. Bundan sonra maşın yiyəsi ilə onların arasında nə baş verdiyindən məlumatı yoxdur. Məhkəmədə Cavabdeh iştirak etmiş ona qarşı irəli sürülən iddia tələbinə vermiş olduğu etirazın dəlillərinə uyğun izahat vermiş, sonda iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa bu halda iddia haqlı sayıla bilməz və iş üzrə sonrakı araşdırmaların aparılmasına zərurət qalmır. Çünki, bunun iş üçün əhəmiyyəti olmayacaqdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflərin izahatları ilə işin halları kimi, müəyyən olunur ki, iddiaçı cavabdehin vasitəçiliyi ilə 2024-cü ilin may ayında rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyanı- əvvəllər istifadə edilmiş, qarantiya müddəti olmayan 56BX323 qeydiyyat nişanlı avtomaşını nisyə qaydada əldə etmiş, həmin tarixdən avtomaşın onun faktiki sahibliyinə və istifadəsinə verilmiş, daha sonra nəqliyyat vasitəsinin dəyərini tam ödədikdən sonra həmin nəqliyyat vasitəsinə mülkiyyət hüquqları əldə etmişdir. Hazırda iddiaçı əldə etdiyi nəqliyyat vasitəsinin çəkmiş olduğu xərclər dəyərində olmadığını iddia edir və bu əsasla da cavabdehdən nəqliyyat vasitəsinin dəyəri olan 5000 manat pulun cavabdehdən alınıb ona verilıməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara çəkilmiş xərcin ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalaın alğı-satqısı ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1--ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 586.1-ci maddəsinə əsasən, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 648.2-ci maddəsinə əsasən, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə belə nəticəyə gəlir ki, nisyə qaydada satılmış avtomaşının mülkiyyətçisi olmayan cavabdehə qarşı irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur və ona görə də irəli sürülən iddia əsassız olduğundan təmin edilməməlidir. İrəli sürülən iddia tələbi əsassız sayıldığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddiaçı tərərfindən çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4114/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4114/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver