Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4147/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15000 manat pulun və ödənilmiş 136 manat dövlət rüsumunun, ümumilikdə 15136 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X7 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evini 81000 manata satdığı üçün qudaları X5 və X1 yanında cavabdehlə razılaşaraq xx.xx.2022-ci il tarixdə 40000 manat pulu beh kimi vermişdir. Həmin vaxt evin divarı boyasız, çardaqsız, təmirsiz olmuşdur. Qalan pulu da təmirdən sonra verəcəyi barədə cavabdehlə razılaşmışdırlar. Həmin vaxt cavabdeh özü ona demişdir ki, onun öz ustaları vardır, materialların və ustanın əl haqqı pulunu verəcəyi təqdirdə özü təmir etdirəcəkdir. Cavabdehə ayrı-ayrı vaxtlarda çardaq üçün 7000 manat, kombi sistemi üçün 2800 manat, evin arxasında olan 1 sot torpağın qonşudan alınması üçün 1000 manat, 1 maşın mişar daşı üçün 820 manat, evin həyətindəki balaca su hovuzu, plastik hamam və tualet qapıları üçün 1100 manat, mansara çıxan pilləkən üçün 1000 manat, darvaza üçün 1900 manat üstəgəl balkonun altındakı dəmir üçün pul xərcləmişdir. Hətta cavabdehin qapısında onun materialı vardır. O, usta pulunu həmişə Hafizə vermişdir. Bir müddət sonra evə gedəndə görmüşdür ki, Hafiz onu aldadır, evin təmirində irəliləyiş yoxdur. Cavabdehdən niyə evin hazır olmadığını soruşduqda isə müxtəlif bəhanələr gətirərək 15-20 gün vaxt istəmişdir. 2 ay sonra yenidən evə getmiş və yenə görmüşdür ki, cavabdeh evi təmir etdirməmişdir. 2022ci ilin dekabr ayında cavabdeh onun evə verdiyi 40000 manat pulu geri qaytararaq evi ucuz qiymətə satdığı üçün geri qaytarmaq istədiyini ona demişdir, ancaq evin təmiri üçün xərclədiyi 15000 manat pulu qaytarmaqdan yayınmışdır. Dəfələrlə təmir üçün xərclədiyi 15000 manat pulu cavabdehdən tələb etmiş, ancaq qaytarmamışdır. Sonra məcbur qalıb polisə şikayət etmiş və Gəncə şəhər 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona izah edilmişdir ki, onlar arasında olan mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, mübahisəli evə iddiaçı tərəfindən 15000 manat xərc çəkilmişdir. Cavabdeh tərəf məbləği qəbul etmir, lakin müəyyən təmir işlərin görüldüyünü qəbul edir. Tərəflər arasında olan razılığa əsasən iddiaçı pulu verməli, cavabdeh də evi təmir etməli idi. Cavabdeh bir neçə dəfə bir neçə şəxsi aldatmış, evin də satışını yubatmışdır. Cavabdeh evi daha baha, yəni 91000 manata satmaq üçün başqa adamla razılıq əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddiası tamamilə əsassızdır. O, iddiaçını Cahangir adlı maklerin vasitəsi ilə tanımışdır. İddiaçı ilə razılığa gələrək özünə məxsus olan torpaq sahəsində tikintisini davam etdirdiyi iki mərtəbəli, mansarlı evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı də tikinti başa çatdıqdan sonra həmin evi 81000 manat məbləğində pula satın almağı öhdəsinə götürmüşdür. İddiaçı ona beh kimi 40000 manat pul vermişdir. İddiaçı çardağın təmiri üçün 7000 manat xərc çəkməmişdir. Materialın pulu şərikli olmuşdur, 4600 manatını iddiaçı, qalanını isə özü tamamlamışdır. Həmçinin iddiaçı kombi sisteminə 1200 manat xərc çəkmişdir. Evin həyətinin barısını özü çəkdirmiş, Səyəddin də 1 maşın mişar daşı gətirtmiş, ancaq pulu sürücüyə vermişdir. Hamam və tualet üçün plastik qapı olmamışdır, iddiaçı özü söküb sonra da tikdirmişdir. Mansardada pilləkən tikdirməyib, həmin pilləkən ev Səyəddinə satılanda olmamış, özü o pilləkəninin altını 250 manata yığdırmış, taxta materialını da özü almışdır. Səyəddin balkonu təmir etdirməyib, qapıda da materialı yoxdur. Qonşunun torpağını almaq üçün söhbət olub, ancaq pul verməmişdir. Evdə olan isti döşəmənin təmir xərclərini də özü çəkmişdir, hətta usta kv.mlə hesablayanda onlarla dalaşmışdır ki, ele hesabladıqda baha olur. Döşəmənin təmiri yekunlaşanda iddiaçı ona demişdir ki, “Oğlum Rusiyadan zəng elədi ki, ata mən döşəməni mərmərlə istəyirəm.” belə olduqda o, təkcə ustanın əl haqqının 500 manat, materialla birlikdə isə 2820 manat pul etdiyini Səyəddinə demişdir. Səyəddin 1000 manat əlavə köməklik edə biləcəyini demiş, o isə razılaşmamışdır. Sonra Səyəddin ona zəng edərək Bağmandan ev tapdığını və pulu qaytarmasını istəmişdir. İddiaçının verdiyi 40000 manat puldan 25000 manatı xərclənməmiş hazır vəziyyətdə olmuşdur, 15000 manatı isə borc, xərc tapıb, behi iddiaçıya qaytarmışdır. 2022-ci ilin noyabr ayının 23-də evə İsmayıl adlı yeni müştəri gəlmişdir, behi də dekabr ayının 23-25-i arası Səyəddinə qaytarmışdır. Evə çəkilən ümumi xərc təxmini 12000 manatdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində isə ona külli miqdarda maddi ziyan dəymişdir. O, iddiaçının istəyinə uyğun olaraq onun istədiyi üslubda evdə müvafiq dəyişikliklər etdirmişdir. Zövqlər müxtəlif olduğu üçün onun istədiyi üslubla tikmiş olduğu evə hazırda yeni bir müştəri tapmaqda böyük çətinliklə üzləşmişdir. İddiaçı isə şəhərin başqa qəsəbəsindən, yəni Bağmanlar qəsəbəsindən başqa ev tapdığını və həmin evi almaq üçün vermiş olduğu behi geri tələb edərək ona ikiqat ziyan vurmuşdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Hafizi evin satıcısı kimi, Səyəddini isə evin köhnə alıcısı kimi tanımışdır. 2022ci ilin noyabr ayında makler vasitəsilə Hafizin evinə baxmağa gəlmişdir. Hafiz ona demişdir ki, ev satılıb, qaytarılıb. Hafiz evi ona 91000 manata təklif etmişdir, o isə beh kimi 28000 manat, 3000 manat sonra da 4000 manat olmaqla, ümumilikdə 35000 manat pul vermiş, 8000 manat da əlavə xərc şəkmişdir. Ancaq Hafiz evi 20 günə təhvil verməli olduğu halda təhvil verməmişdir. Səyəddini də evin yanında görmüşdür, həmin evin təmiri üçün xərclədiyi pulu alacağı olduğunu ona demişdir. Evi niyə qaytardığını soruşduqda isə Səyəddin evin satışının yubadıldığını, ev sahibinin verdiyi sözə əməl etmədiyini bildirmişdir. X4 nə qədər pul almalı olduğunu bilməmişdir. O, evi alanda evin çardağı olmuşdur. Hafiz evi 80000 manatdan artıq qiymətə satmışdır Səyəddinə. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, iddiaçı Səyəddin qudasıdır. Hafizi də ev alqı-satqısına görə tanımışdır. Evi almaq üçün Səyəddin Hafizə beh kimi 40000 manat pul vermişdir. Evin təmiri üçün də hər dəfə az-az olmaqla, ümumilikdə 15000 manat Hafizə pul vermişdir. Sonra isə cavabdeh onlara 40000 manat pulu qaytarmışdır, amma təmir üçün verdikləri 15000 manat pulu qaytarmamışdır. Çardağın təmiri üçün 5000 manat pulu Hafizə məhz onun özü aparıb vermişdir. Çardağın tikintisi üçün ümumi neçə manat pul xərcləndiyini isə bilmir. Evi Hafiz özü təmir etdirdiyi üçün bütün təmir işlərinin pulu Hafizə verilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Səyəddin qudasıdır, Hafizi də evi alanda tanımışdır. Cavabdeh evi Səyəddinə 81000 manata, 20 günə tam təmirli vəziyyətdə satacağını demişdir. Onlar elə həmin vaxt təmirin 20 gün yox, 1-2 ay çəkəcəyini demişdirlər. 2 ay sonra evə baxmağa getdikdə Hafiz ustanın qaçıb işləmədiyinə görə təmiri yekunlaşdıra bilmədiyini demişdir. X10 ümumi 53000 manat pul vermişdir. Çardağı təmir etdirməyə isə behdən əlavə pul vermişdir. Ümumi təmirə nə qədər xərc çəkildiyini bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Səyəddini həmkəndlisi kimi, Hafizi isə evində usta kimi işləyəndə tanımışdır. Hafizin öz yaşadığı evi təmir etmişdir, sonra onu evinin qarşısında tikdirdiyi evi təmir etmək üçün çağırmışdır. Hafiz evi satdığını, evin yeni sahibinin çardaq qurmaq istədiyini demişdir. Evin yeni sahibi də Səyəddin idi. Evdə ilk olaraq çardağı tikməyə başlamışlar, sonra eyvanın altının dəmirini düzəltmiş, isti döşəmə çəkmişdir. Evin ikinci mərtəbəsindən mansara çıxan pilləkənin dəmir konstruksiyasını yığmış, qaynaq və bənna işlərini də görmüşdür. Çardaq üçün əl haqqı istədikdə isə Hafiz evin sahibi gəldikdə pulu ondan alıb verəcəyini demişdir. Çardağa görə 1400 manat əl haqqı almışdır. Çardağın material pulu isə təxmini 6000 manat olardı. Pilləkən üçün 500 manat əl haqqı almış, onun material pulu isə 400-500 manat arası olardı. Səyəddin təmir işlərinin gec getməyindən şikayətlənmişdir, hətta nahar fasiləsində evə getməsinlər deyə bir neçə dəfə onlara 10 manat yemək pulu vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Hafizin öz evinin çardağını təmir etmişdir, həmin vaxtdan Hafizi tanımışdır. Səyəddini isə Hafizin satdığı evin çardağını düzəldəndə tanımışdır. Bir gün Hafiz evin yeni sahibinin onlara yemək pulu verdiyini dedikdə bilmişdir ki, evin yeni sahibi Səyəddindir. Çardağı qurmaq üçün onlar evə gələndə artıq material alınmışdır. Çardağa görə əl haqqı olaraq Hafizdən 1400 manat pul almışdır, ancaq pulu istəyəndə Hafiz “Qoy evin yiyəsi gəlsin, pulu mənə versinki, mən də sizə verim.” demişdir. O, pulu həmişə Hafizdən almışdır. Pul istəyəndə Hafiz Səyəddini gözləmişdir. Ev sahibi Səyəddin olduğuna görə pilləkənin xərcini də Səyəddin çəkmişdir. Pilləkəninin dəmirini yığmaq üçün 800-900 manat xərc çəkmək lazımdır. Ümumi çardağa çəkilən xərci bilməmişdir, ancaq materialın bazar qiyməti təxmini 4000-5000 manat olardı. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi barədə razılaşma olmaqla cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 81000 manata iddiaçıya satmağı razılaşmış, bunun müqabilində iddiaçıdan beh olaraq 40000 manat məbləğində pul almışdır. Bununla yanaşı evin yerdə qalan təmirinin və çardağının iddiaçının (alıcının) zövqünə uyğun olaraq təmir edilməsi üçün cavabdeh təmir işlərinin iddiaçının hesabına aparılmasını öz üzərinə götürmüşdür. Lakin tərəflər arasından olan alqı-satqı razılaşması baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 40000 manat behi iddiaçıya qaytarmış, tikinti təmir işlərinin aparılmasına görə iddiaçıdan aldığı 15000 manat pulu qaytarmamışdır. Cavabdeh həmin pulu qaytarmamasını müxtəlif səbəblə əlaqələndirərək gah çəkilən xərcin yarı dəyərinin onun tərəfindən xərcləndiyini, gah da 12000 manat xərcləndiyini və alqı-satqı razılaşmasının cavabdeh tərəfindən pozulmasını göstərərək ona zərər dəyməsi ilə əlaqələndirmişdir. Cavabdehin özünün ifadəsindən və şahid ifadəsindən də görünür ki, cavabdeh 2022-ci ilin noyabr ayında evi başqa bir müştəriyə satmağa razılaşmış və həmin ilin dekabr ayında iddiaçıdan aldığı 40000 manat behi iddiaçıya qaytarmışdır. Alqı-satqı razılaşmasının pozulmasında iddiaçının təqsiri olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər də evin təmirinə görə onlara ödənilən əl haqqının iddiaçının vəsaiti hesabına ödənildiyini göstərmişlər. Digər tərəfdən cavabdeh torpaq sahəsinin alınması ilə bağlı iddiaçı ilə razılaşmaları olduğunu mübahisələndirməmişdir. Göründüyü kimi tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan həmin evə görə 40000 manat məbləğində pul və təmir xərclərinə və torpaq alqısına görə 15000 manat almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı satqı müqaviləsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmişdir. Pulun 40.000 (qırx min) manat hissəsini almış, yerdə qalan 15000 (on beş min) manat pulu cavabdeh qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri və şahid ifadələrini sübut növü kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında evin alğı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında evin alqı-satqısına və təmirinə dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 15000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən evin alınması və təmirinə görə cavabdehə 15000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq cavabdehdən 15000 (on beş min) manat pul alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə iş üzrə ödənilmiş 136 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 136 (bir yüz otuz altı) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4147/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4147/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver