Məhkəmə qərarları › İş №2(125)-4149/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4149/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4149/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12600 manat pul vəsaitinin və ödənilmiş 127,80 manat dövlər rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, cavabdehə 02 fevral 2015-ci il tarixli notariat müqaviləsi ilə qaytarmaq məqsədilə 27000 manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bir müddət sonra borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(043)-7237/2017 saylı, 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 27000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları məşğul olmuşdur. Bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq o, qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən iki dəfə həmin məhkəmənin qərarı əsasında o inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, sahibliyində olan ticarət obyektlərini müxtəlif şəxslərə icarəyə verməklə oradan yüksək məbləğlərdə icarə haqları alsa da, qətnamə ilə müəyyən edilmiş borcunu ödəməkdən qərəzli şəkildə imtina etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən cavabdeh barəsində cinayət təqibinin başlanması haqqında təqdimat verilmişdir. Yəni xx.xx.2021-ci il tarixə kimi heç bir ödəniş ödənilməmişdir, ödənilməmiş borcun miqdarı 27000 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cavabdehin barəsində cinayət işi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı cavabdehə ona dəyən zərəri ödəməsi üçün kifayət qədər vaxt verilsə də, heç bir ödəniş etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökümü Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından görünür ki, onun 27000 manat pulum 2015-ci ilin fevral ayından şifahi borc müqaviləsinə əsasən cavabdehdədir. Cavabdeh 2015-ci in fevral ayından hazırki tarixədək olan dövr üçün 27000 manatın 5 faizi məbləğində pul ödəməlidir. Belə ki, göründüyü kimi onun pulu 9 il 4 ay müddətdir ki, əsassız yerə cavabdehdə qalmaqdadır. Yuxarıda şərh olunanlara əsasən cavabdeh ona 27000 manatın 1 illik faizi 1350 manat olmaqla, cəmi 12600 manat (9 il 4 ay x1350=12600 manat) pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə etdi ki, uzun müddət cavabdeh və atasının baş mühasibi işləmişdir, cavabdehin atasının vəfatından sonra cavabdehə iş qurması üçün köməklik etmiş, ona Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanmış 02 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 27600 manat məbləğində pul vermişdir. Cavabdeh pulu götürdüyü gündən bugünədək heç bir ödəniş etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarına görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 7237/2017 nömrəli, 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin icrasının Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-114/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 01 noyabr 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin məhkəmə xərclərinə dair məsələ həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(104)-168/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(125)-114/2022 saylı hökmünun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin A.Ə- 229469/2021 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 27000 manat məbləğində pul tutularaq X1na ödənilməlidir. İcra vərəqəsi xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə göndərilmişdir. Borclu Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış, izahatında qeyd etmişdir ki, icra sənədi üzrə olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh əmlak vəziyyəti araşdırılmış, gəlir və əmlak aşkar edilmişdir. Borclu Cavabdeh ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında Gəncə Şəhər Məhkəməsinə təqdimat göndərilmiş və həmin məhkəmənin 8(043)-186/2018 saylı, xx.xx.2024-cı il tarixli qərardadı ilə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərardad çıxarılmış, borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 354/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 15 gün müddətində həbs edilmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə, onun barəsində xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cı il tarixli 550147 saylı axtarışı işinin açılması müəyyən edilmişdir, xx.xx.2020-ci il tarixdə Cavabdeh polis əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə,borclu Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə izahat verərək borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 225/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətində həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Cavabdeh məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. X1 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Cavabdeh 27000 manat borcundan ödəniş etmədiyini və buna görədə borclunun barəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi açılması üçün İcra Baş İdarəsinə təqdimatla müraciət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Cavabdeh AR Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə, onun barəsində xx.xx.2024-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Gəncə şəhər 2-ci Polis Şöbəsinə göndərilmişdir. İşin halları ilə müəyyən edilir ki, Gəncə şəhəri 5 saylı notariat kontorunda iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı xx.xx.2015-ci il tarixədək qaytarmaq şərti ilə 27000 manat məbləğində pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 nömrəli, 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən qətnaməsi və hökmü ilə, eləcə də işin digər materialları ilə sübuta yetir ki, Cavabdeh xx.xx.2015-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan götürdüyü 27000 manat məbləğində pulu hazırkı vaxtadək qaytarmamışdır. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ödənilməli olan borcun vaxtında ödənilməməsi ilə ona zərər vurduğunu iddia edərək gecikdirilmiş vaxt üçün yaranmış borcun – xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 12600 manat məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 12600 manat borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən tərəflər arasında 02 fevral 2015-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi üzrə 27000 manat borcunu cavabdeh xx.xx.2015-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin ötən 8 il 10 ay müddətində qeyd olunan öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla belə, məhkəmə borc müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixində bitdiyini, borc məbləğinin 27000 manat təşkil etdiyini, cavabdehin hər hansı bir ödənişin edilməsi ilə bağlı sübut təqdim etmədiyini, məhkəməyə xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə müraciət edildiyini nəzərə alaraq hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət üçün 27600 manatın illik 5 faizi həcmində faiz hesablanmalıdır. Bu səbəbdən iddia qismən təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni cəmi 8 il 10 ay üçün illik 5 faizlə hesablanmaqla (8 il müddətinə illik beş faiz 10800 manat (27000 x 5=135000; 135000:100=1350; 1350x8=10800) və 10 ay müddət üçün 1125 manat (1350:12=112,5; 112,5 x10=1125) olmaqla) cəmi 11925 manat faiz borcu cavabdehdən tutularaq idddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 125,78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (beş) faizi dərəcəsi ilə hesablanmış 11925 (on bir min doqquz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzində 125,78 (bir yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar