Məhkəmə qərarları › İş №2(125)-4183/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4183/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4183/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000(altmış doqquz min) manat pulun 1/2 hissəsi olaraq 34.500 (otuz dörd min beş yüz) manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə o, birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən mənzili əldə etmiş, mənzili yüksək səviyyədə təmir etdirmişlər. Cavabdeh mənzili satıb onun adına həyət evi almaq adı ilə onu mənzilin satılmasına razı salmışdır. İlkin olaraq Cavabdeh bir neçə həyət evinin şəkillərini ona göstərərək guya onun rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat qaydasında bağlanılan alqı-satqı müqaviləsi əsasında mənzil satılmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000(altmış doqquz min) manat pulu götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. Cavabdeh ilə övladı X14 təzə evi aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşmiş və evi onun razılığı və xəbəri olmadan X7 oğlu Cavabdeh adına almış, bundan sonra onu evə buraxmamışlar. Lakin, cavabdeh tərəfindən özgəninkiləşdirilmə əməliyyatlarının aparılmasında məqsəd, evin ərarvad arasında əmlak bölgüsünün predmeti olmaması və onunla birlikdə yaşamaq istəməməsidir. Belə ki, elə həmin ərəfədə, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzili satıb oğluna ev aldığını bildirəndə onun evi kimə almasından xəbəri olmuşdur. Onu evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hazırda ona qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair Gəncə şəhər Məhkəməsində iddia qaldırılmışdır. Göründüyü kimi, bütün həyatı boyu işləyib əziyyətlə mənzil alıb, mənzili əsaslı təmir etdirəndən sonra cavabdeh onu aldadıb ondan razılıq alıb evi satmışdır. Satılan mənzilin dəyərinin yarısı ona ödənilməlidir. O, hər iki diz implantı etdirmiş, xəstə adamdır, onun imkansızlığından və köməksizliyindən istifadə etmişdir. Hazırda da yaşamağa başqa evi, mənzili olmadığı halda onu evdən çıxardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır, ünvan 1 mənzil iddiaçının razılığı əsasında satılmışdır. Həmin əmlakın satlşından əldə edilən vəsait hesabına nəvələrinin adina mənzil əldə etmişlər. İddiaçının da həmin mənzildən istifadə etməsi nəzərdə tutlmuşdur, ancaq iddiaçı öz ailə üzvləri ilə yola getmir və problemlər yaradır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m olan 4 otaqlı mənzili 69000 manata X1. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzilə dair arayışın verilməsi barədə 05 yanvar 2023-cü il tarixli, ********** 3-21-3-33/1-00002/2023 saylı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Kirovabad şəhər X19 29 noyabr 1984-cü il tarixli, 18 nömrəli protokolu ilə verilmiş xx.xx.1986-cı il tarixli, 48 nömrəli Order, Gəncə şəhəri icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli, 12-2223 nömrəli Formal arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006cı il tarixli, 12-2222 nömrəli kooperativ mənzilə dair ödənişin tam ödənilməsi barədə Arayışı (qeydiyyatda olanlar: Cavabdeh, İddiaçı, X10, X6, X8, X14), İddiaçı Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11156 saylı reyestrdə, X9 Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12296 saylı reyestrdə, X2 şəhəri 7 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12297 saylı reyestrdə, X3 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11157 saylı reyestrdə, X7 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11155 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizələrinə, DƏDRX Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarından çıxarışa Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) Cavabdeh adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2007-ci il tarixli, **********03-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2253/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Qırmızıkənd ərazisi, yeni qaydalarla ünvan 4 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2083/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1978-ci il tarixdə 1438 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X11 dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini 3000 manata Cavabdeh satmışdır. Beləliklə, mülki işin müəyyən edilən faktiki hallarına görə, tərəflər xx.xx.1978-ci il tarixdə rəsmi nikah başlamışlar və birgə nikah dövründə ünvan 1 mənzili əldə etmişlər. Qanunvericiliyin tələblərinə əsasən həmin əmlak tərəflərin ümumi birgə əmlakı olmuşdur. Cavabdeh tərəflərin ümumi birgə əmlakı sayılan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m olan 4 otaqlı mənzili xx.xx.2023-cü il tarixdə 69000 manata X1. İddiaçı həmin əmlakın özgəninkiləşdirilməsinə razılq vermişdir. Cavabdeh həmin əmlakın satışından əldə edilmiş vəsait hesabına öz adlarına heç bir əmlak əldə etməmişdir. (tərəflərin məhkəməyə verdikləri məlumatlara görə həmin əmlakın satışından əldə edilmiş vəsait hesabına nəvələrinin adına əmlak əldə edilmişdir). Nəticə etibarı ilə iddiaşı onun mülkiyyət hüquqularının çatdığı əmlakın satışından əldə edilmiş vəsaitdən heç bir pay əldə etməmişdir. Bundan sonra nəvəsi Cavabdeh adına mülk kimi qeydə alınmış yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2253/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmişdir. Hazırda nəvəsi Cavabdeh qanuni nümayəndəsi-atası (tərəflərin birgə nikahından olan övladları) İddiaçı kompensasiya verilməklə, onun Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Qırmızıkənd ərazisi, yeni qaydalarla ünvan 4 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia qaldırmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətincə hazırki vəziyyətdə cavabdehin iddiaçıya qarşı olan rəftarı tərəflərin birgə nikahda olduqları zaman əldə etmiş olduqları, onların ümumi birgə mülkiyyətindən iddiaçının heç bir pay əldə etməməsinə yönəlmiş rəftar kimi qiymətləndirilməlidir. Başqa sözlə desək, cavabdehin hərəkətləri nəticəsində iddiaçı ona çatası (69000 manat:2)=34500 manatdan məhrum olmuşdur və hazırki vəziyyətdə iddiaçı həmin məbləğdə pulun ona ödənilməsini yalnız cavabdehdən tələb edə bilər. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarındakı ifadə etdiyi hüquqi mövqeni önə çəkib, işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə birgə nikah dövründə alınmış ünvan 1 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000 manat pulun 1/2 hissəsi olaraq 34.500 (otuz dörd min beş yüz) manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000 (altmış doqquz min) manat pulun 1/2 hissəsi, yəni 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195 (bir yüz doxsan beş) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar