Məhkəmə qərarları › İş №2(125)-4196/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4196/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4196/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3400/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 03 iyun 2017-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (yüz əlli) manat miqdarında aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-3400/2020 nömrəli qətnaməsi ilə 03 iyun 2017-ci il tarixdə doğulmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğinin artırılaraq hər ay 250 manat məbləğində və 50 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir, cavabdeh bu barədə ona dəstək göstərmir. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, tələb əsassızdır. Belə ki, o, 06 may 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq yeni ailə həyatı qurmuşdur. Həyat yoldaşı 36 həftəlik hamilədir, yəni hamiləliyinin 9-cu ayındadır. Yaxın günlərdə övladı dünyaya gələcək. Doqquz aydır ki, həyat yoldaşının hamilə olduğu üçün əlavə maddi əziyyət içindədir. Anası, qardaşı və yoldaşı ilə birlikdə 4 nəfər 2 otaqlı kirayə mənzildə qalırılar. Qardaşı 11-ci sinifdə oxuyur, yaxın günlərdə ali məktəbə imtahan verəcək. Heç birinin daimi işimiz yoxdur. Vaxtaşırı günəmuzd iş olanda cüzi qazancı olur. Əlindən gələni edir ki, hamilə həyat yoldaşının və özünün dolanışığını təmin edə bilsin. İddiaçı ilə ümumi övladının saxlanması üçün ondan 150 manat alimentin tutulması qət edilib. Bu məbləği belə ödəmək onun üçün çətindir. Bir miqdar aliment borcu yarandığı üçün onu inzibati qaydada həbs etmək istəyirdilər. Hakim bildirdi ki, borcundan 300 manat verməsən, inzibati qaydada həbs olunacaqsan. Məcbur qalıb həyat yoldaşının qızıl-zinət əşyasını girov qoyub pul götürüb və 300 manatı ödəmişlər. Həmçinin hər ay əlavə 50 manat ödəməli olduğunu bildirdilər. Faktiki olaraq çox çətin maddi durumdadır. Bilmir bu haqsızlığa qarşı nə etsin, hara müraciət etsin. Belə də iş olarmı? Əksinə, əslində alimentin azaldılmalıdır. Çünki ailə vəziyyətində dəyişiklik olub, yeni nikaha daxil olmuşdur və övladı dünyaya gəlmək üzrədir. Onun maddi ehtiyacları artıb, qazancı isə yox səviyyəsindədir! Həyat yoldaşının və bu günlərdə doğulacaq körpənin saxlanması xərcləri də nəzərə alınmalıdır! Aydındır ki, həyat yoldaşı hazırda hamilə olduğu üçün və uşaq doğulandan sonra xeyli müddət işləyə bilməyəcək, onların maddi təminatı onun üzərindədir. Ona görə də aliment artırılmalı deyil, azaldılmalıdır! Alimentin artırılması tələbi tamamilə əsassızdır! Alimentin artırılaraq 150 manat müəyyən edildiyi 2(043)-3400/2020 saylı qətnamədən sonra onun yeni rəsmi nikaha daxil olmağını, həyat yoldaşının hamiləliyinin 9-cu ayında olmasını və yaxın günlərdə övladının dünyaya gələcəyini, kirayə mənzildə yaşamağını, daimi iş yerinin olmamasını nəzərə alaraq iddiaçının iddiasını təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilən alimentin məbləği (150 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən təxminən 3 il keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3400/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar