Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4198/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(043)-2100/2018 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X3 və 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onunla cavabdeh arasında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən onun cavabdehlə birgə nikahından 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X6 və 17 iyul 2009-cu il tarixdə anadan olmuş X5 onun himayəsinə verilmişdir. Bundan əvvəl isə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(043)-2100/2018 nömrəli qətnaməsi ilə həmin uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Lakin hazırda uşaqlar daha da böyümüş və buna görə də onun xərcləri artmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Buna görə də, aliment məbləğinin artırılmasında zərurət yaranmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini hər ay vaxtında ödəyir. Hazırda o hər uşağa görə 160 manat, cəmi 320 manat ödəyə bilər. Buna görə də, o iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(043)-2100/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 04 aprel 2018-ci il tarixdən etibarən X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 yanvar 2019cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsi qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahdan 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X3 və 17 iyul 2009-cu il tarixdə anadan olmuş X2 İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2018-ci ildə yaşayış minimumu haqqında» 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2018-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, habelə cavabdehin hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(043)-2100/2018 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(043)- 2100/2018 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X3 və 17 iyul 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4198/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4198/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver