Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4201/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 100 manat məbləğində alimentin miqdarının artırılaraq cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(104)-2573/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(040)- 458/2018 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək 20 yanvar 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay sabit pul məbləğində 50 (əlli) manat məbləğində aliment tutularaq ona verilməsi və alimentin tutulmasının başlanğıcının 07 mart 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdehlərin hər birindən 50 manat məbləğində tutulan alimentlə azyaşlı Səadətin maddi təminatını təmin etmək mümkün deyil. Azyaşlı Səadət məktəbdə oxuyur və halhazırda 9 yaşı var. Hamıya məlumdur ki, uşaq böyüdükcə onun maddi tələbatı da artır. Səadət üçün tələb olunan dərs ləvazimatları, geyim əşyaları və eləcə də qida məhsulları gündən-günə bahalaşır. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti cavabdehlər vaxtında ödəyirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X7 Filialının 02 may 2023-cü il tarixli arayışından məlum olur ki, cavabdehlərin hər biri 2-ci dərəcəli müddətsiz əlilliyə görə 327,22 manat əmək pensiyası alır. Cavabdehlər nəvələri Səadətin sağlam böyüməsində maraqlıdırlar və ona görə də aldıqları pensiya məbləğinin bir hissəsinin Səadət üçün ayrılmasına etiraz etməzlər. Belə ki, Səadətin həqiqətən yardıma ehtiyacı var. Uşağın atası X2 axtarışda olması və uşağın saxlanması üçün aliment ödəməməsini, uşağın gündəlik tələbatının artmasını, cavabdehlərin yaşa görə pensiya və maddi yardım almaqla, zəruri vəsaitə malik olmalarını nəzərə alaraq baba və nənədən aliment tutulması qanunamüvafiqdir. Səadət dərs hazırlıqlarına, musiqi məktəbinə getməlidir və bununla əlaqədar maddi dəstəyə ehtiyacı var. Göstərilənlərə əsasən iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 yanvar 2014-cü il təvəllüdlü X1 atası X3 və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2573/2018 nömrəli 28 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(040)-458/2018 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək 20 yanvar 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay sabit pul məbləğində 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi və alimentin tutulmasının başlanğıcının 07 mart 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X7 Filialının 02 may 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 hər birinə 2-ci dərəcəli müddətsiz əlilliyə görə 327,22 manat əmək pensiyası təyin olunmuşdur və qanunamüvafiq ödəniş aparılır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 16 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Kəlbəcər rayonu Hacıkənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində 1500 ailəlik qəsəbədə yerləşən 16 nömrəli binanın 8 nömrəli mənzilində yaşayır. İş materiallarına əlavə olunmuş Kəlbəcər Rayon Polis Şöbəsinin 15 iyun 2023-cü il tarixli məktubundan görünür ki, X3 mülki-hüquqi öhdəliklərin icrasından yayındığı üçün xx.xx.2016-cı il tarixdə Kəlbəcər RPŞ tərəfindən axtarışa verilmiş və B.İsgəndərov ölkə ərazini tərk etdiyindən onun barəsində dövlətlərarası axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərdən nəvələri X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birindən hər ay sabit pul məbləği ilə 50 manat aliment tutulur. S.İsgəndərlinin atası X3 axtarışda olduğu üçün ondan tutulmalı olan aliment ödənilmir. Cavabdehlər hər biri müddətsiz ikinci dərəcə əlilliyə görə 327,22 manat pensiya alırlar. Beləliklə müəyyən edilir ki, cavabdehlərin nəvələrinə maddi yardım göstərmək üçün zəruri maddi vəsaiti vardır. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2018ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxt ərzində ölkə üzrə yaşayış minimumu xeyli artmış, cavabdehlərə isə pensiya təyin olunmuşdur. Bu isə tərəflərin maddi vəziyyətində dəyişiklik kimi qiymətləndirilməlidir. Lakin iddiaçının tələb etdiyi aliment məbləği (hər cavabdehdən 100 manat) tərəflərin maddi vəziyyətindəki bu dəyişikliyə mütənasib olmadığından, iddia qismən təmin olunmalı, 20 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay cavabdehlərin hər birindən 75 manat aliment tutulmalı və bu miqdarda alimentin tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(104)-2573/2018 saylı qətnaməsi ilə 20 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. 20 yanvar 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay sabit pul məbləği ilə 75 (yetmiş beş) manat alimentin tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4201/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4201/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver