Məhkəmə qərarları › İş №2(125)-4206/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4206/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4206/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1163/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay 250 manat ( iki yüz əlli ) manat sabit pul məbləğində Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə o, məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(125)- 1163/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh başlayaraq, hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-309/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Gəncə şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(125)-309/2025 nömrəli qərardadını belə əsaslandırmışdır ki, “İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(125)-1163/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə mediyasiya prosesi nəticəində bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmiş tərəflərin birgə nikahından xx.xx.2015ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh başlayaraq, hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)1163/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh 22 mart 2022-ci il tarixdən başlayaraq, hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin onun xeyrimə tutulması qət edilmişdir. Cavabdeh 700 manatdək pensiya alması, bundan başqa hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində işləyib N manatdan çox əmək haqqı və başqa gəlirlərini, yəni gəlirlərinin olmasına baxmayaraq, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1163/2024 nömrəli qətnaməsində qeyd edilən 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin uşağın saxlanması üçün yetərli deyildir. Uşaq böyüdükçə ehtiyacları çoxalır, uşağı tək saxlamaqda çətinlik çəkir. Ona görə də hər ay sabit pul məbləğində tutulan aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Onu da qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl o, mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin qarşı tərəf mediasiya prosesində iştirak etmədiyindən barışıq əldə olunmamışdır. Mediasiya xərcləri 55 (əlli beş) manat məbləğində pul onun tərəfindən tam şəkildə ödənilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh işə baxılan dövrdə iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, iddiasını müdafiə edir, uşağın saxlanılması üçün onun maddi imkanı yetərli deyil. Belə ki, heç bir yerdə işləmir. Cavabdehin maddi imkanı isə artmışdır. Belə ki, cavabdeh hazırda işləyir. Həmçinin o pensiya da alır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiada qeyd olunan aliment məbləği ilə razılaşmır. Belə ki, N nömrəli hərbi hissədə işləyir. O, işlədiyi üçün 742 manat maaş alır və 826 manat da yaşa görə pensiya alır. Buna baxmayaraq digər nikahından olan ailəsi üçün aliment də ödəyir. Buna baxmayaraq qətnamə ilə müəyyən olunan 180 manat alimentin 20 manat artırılmasına etiraz etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-1163/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında 22 mart 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış “barışıq sazişi” tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması 22 mart 2022-ci il tarixdən başlayaraq X1 yetkinlik yaşına çatana qədər müəyyən edilməsinin təsdiq edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00832 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. EMİS məlumatlarından görünür ki, Cavabdeh 742 manat maaş alır. Həmçinin o, 826 manat yaşa görə pensiya alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının; 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: - 8.11-ci bəndinə görə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur) - “8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun; 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı ilə Cavabdeh ilə 2015-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X3 anadan olmuşdur. Ailə qurduqları ilk günlərdə mehriban yaşamışlar. Lakin, sonradan Cavabdeh ilə xasiyyətinin uyğun gəlməməsi səbəbindən ayrılmalı olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh işlədiyi üçün 742 manat maaş alır və 826 manat da yaşa görə pensiya alır. Belə olan halda cavabdehin gəlirlərinin artdığı müşahidə olunur. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin sonrakı artımlarda nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində alimenti ödənilməsi ağlabatan məbləğ olduğundan həmin hissədə təmin edilməli və uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia alimentin tutulması hissəsində qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(125)-1163/2024 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin məbləği artırılmalı, 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsi ilə 30 iyun 2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin artırılma müddəti ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Həmçinin Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməlidir. Cavabdeh 46.40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(125)-1163/2024 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin məbləği artırılsın. Cavabdeh 10 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilsin. Cavabdeh 46.40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar