Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4239/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 745,28 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1531,68 manat olmaqla, ümumilikdə 2276,96 manat borc pulun və ödənilmiş 43 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 500 manat, faiz borcu üzrə 155,53 manat və cərimə üzrə 89,75 manat olmaqla, cəmi 745,28 manatın və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1000 manat, faiz borcu üzrə 531,68 manat olmaqla, cəmi 1531,68 manat borc pulun, həmçinin ödənilmiş 43 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bir ədəd Samsung A52 markalı telefonun nisyə alğı-satqısı barədə 026-21 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 700 manat olan əşya 36 faiz dərəcəsi ilə 12 ay müddətinə hər ay 70,32 manat şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2022-ci il tarixinədək hər ay 70,32 manat ödəməli idi. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bir ədəd İWATCH markalı telefonun nisyə alğı-satqısı barədə 029-21 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən ümumi dəyəri 1200 manat olan əşya 36 faiz dərəcəsi ilə 18 ay müddətinə hər ay 87,25 manat şərti ilə satılmışdır. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2022-ci il tarixinədək hər ay 87,25 manat ödəməli idi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyul 2021-ci il tarixli 026-21 №-li alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 700 manat olan 1 ədəd yeni Samsung A52 modelli olan mobil telefonu, 09 avqust 2021-ci il tarixli 029-21 №-li alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 1200 manat olan 1 ədəd yeni İWATCH modelli qol saatı olmaqla, ümumilikdə hər iki müqavilə üzrə ümumi dəyəri 1900 manat olan 1 ədəd mobil telefon və 1 ədəd İWATCH modelli qol saatını cavabdehə satmışdır. 1-ci müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh ümumi borcundan 200 manat ödəmişdir. Hal-hazırda, xx.xx.2024-cü il tarixli maliyyə arayışa əsasən cavabdehin 1-ci müqavilə üzrə ümumi borcu 745,28 manat təşkil edir. 2-ci müqavilə üzrə malın ödənişi müqavilənin 1 saylı əlavəsinə "Ödəniş cədvəlinə" uyğun olaraq 36 % vurularaq bərabər hissələrlə 18 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2-ci müqavilənin ödəniş sənədlərinə əsasən cavabdeh ümumi borcundan 200 manat ödəmişdir. Hal-hazırda, xx.xx.2024-cü il tarixli maliyyə arayışa əsasən cavabdehin 2-ci müqavilə üzrə ümumi borcu 1531,68 manat təşkil edir. Hər iki müqavilə üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 2276,96 manat təşkil edir. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirməsi və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halına görə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə görə satıcı müqavilələrdə göstərilən əşyaları alıcının mülkiyyətinə verməyi, alıcı əşyaları qəbul etməyi və borcu ödəniş cədvəlinə əsasən zamanında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləni birtərəfli qaydada ləğv edir və borcun vaxtından əvvəl qaytarılmasını tələb edir. Hər iki müqavilənin 2-ci bəndinə görə müqaviləyə əsasən ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtlı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır. Cərimə faizləri bu müqavilələrin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Hər iki müqavilənin 5-ci bəndinə əsasən alıcı ödəniş cədvəlində nəzərdə tutulmuş əsas məbləğin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətləri pozulduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,10 faizi məbləğində cərimə ödəyir. Ödəniş gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ödəniş sənədlərinə əsasən sözügedən müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə hər iki müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq bildirişin rəsmi qaydada verildiyi tarixdən 3 gün ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddia tələbinə, iddiaçının verdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına, arayışa, müqavilələrə və ödəniş cədvəllərinə əsasən xx.xx.2024-cü il tarixinə, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu - əsas məbləğ üzrə 500 manat, faizlər üzrə 155,53 manat və cərimə üzrə 89,75 manat olmaqla, cəmi 745,28 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu - əsas məbləğ üzrə 1000 manat, faizlər üzrə 531,68 manat olmaqla, cəmi 1531,68 manat olmaqla, ümumilikdə 2276,96 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında və lazımınca icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş əsas və faiz üzrə öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcu və hesablanmış faiz məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddianın xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 25 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 500 manat əsas borc, 155,53 manat faiz borcu və 25 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1000 manat əsas borc, 531,68 manat faiz borcu olmaqla, ümumilikdə 2212,21 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 42,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 500 manat əsas, 155,53 manat faiz borcu və 25 manat cərimə və xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1000 manat əsas, 531,68 manat faiz borcu olmaqla, cəmi 2212,21 (iki min iki yüz on iki manat iyirmi bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,12 (qırx iki manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4239/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4239/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver