Məhkəmə qərarları › İş №2(125)-4255/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4255/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4255/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3800 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 58 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh1 2023-cü ilin avqust-sentyabr aylarında 4000 manat məbləğində borc pul vermişdir. Aralarında olan sövdələşməyə əsasən Cavabdeh1 həmin borc məbləğini elə həmin ilin dekabr ayında qaytarmağı öz öhdəliyinə götürmüşdür. Dediyi tarixdə pulu ödəməyini tələb etsə də, həmin borcdan cəmi 200 manat məbləğində pulu qaytarmış, qalan borc məbləğini isə qaytarmaqdan müxtəlif cür bəhanələr gətirərək yayınmışdır. Qalan pulu tələb etsə də, pulunu qaytarmayaraq onunla sözlü mübahisəyə girdiyi üçün ondan polis orqanına şikayət etmiş və polisdə olan araşdırma nəticəsində izahatı alınmış Cavabdeh2 pulun ona çatdığını, əsl borclu şəxsin onun özü olduğunu bildirmişdir. 2023-cü ilin dekabr ayına kimi bütün pul məbləğininin qaytarılmasını ümid etməyinə baxmayaraq, cəmi 200 manat məbləğində pulunun geri qayıtması onu məcbur etmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etsin. Eyni zamanda yuxarıda adları qeyd edilən cavabdehlərin əməllərində cinayət tərkibinin olmaması barədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli HK141758 saylı qərarı ona təqdim edildi ki, pulunu. mülki qaydada iddia qaldırmaqla tələb etsin. Bundan başqa, “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmadan olan çıxarışdan da məlum olur ki, tərəf ona borcludur və pulu tam şəkildə ödəməkdən yayınmaqdadır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş edərək izahatında bildirdi ki, cavabdeh Bahar onun iş yoldaşıdır, onu yaxşı insan kimi tanımışdır, cavabdeh Bahar keçən ilin avqust-sentyabr aylarında onun qapısına gələrək ona təcili olaraq pul lazım olduğunu bildirmişdir. O da Baharın pula ehtiyacı olduğunu görərək tanışından Bahara verməsi üçün pul istəmişdir. Cavabdeh Bahara keçən ilin təxminən avqust ayının axırında 1500 manat, sonradan isə yenidən sentyabr ayında 2500 manat olmaqla, cəmi 4000 manat məbləğində pul vermişdir. Cavabdeh Bahar dekabr ayında 5000 manat alacağının olduğunu bildirərək pulu 2023-cü ilin dekabr ayına qədər qaytarmağı öhdəsinə götürsə də, 3 ay müddətində az-az ödəməklə, borcundan cəmi 200 manat ödəmişdir. Cavabdeh Bahara ayrı-ayrı vaxtlarda 1500 manat və 2500 manat borca pul verərkən heç bir yazılı müqavilə bağlamamışdır. Pulu götürdüyü tanışı Rusiyaya getməsi ilə əlaqədar ondan pulu tələb etdiyindən qızıllarını satıb bankdan kredit götürüb tanışının pulunu qaytarmışdır. Cavabdeh Bahardan pulunu tələb etdikdə o pulu qardaşı digər cavabdeh Elnura verdiyini demişdir. Cavabdehlərdən dəfələrlə mesajlar və telefon zəngi vasitəsilə pulunu istəməsinə baxmayaraq telefonlarına cavab verilməmişdir və cavabdehlər müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışlar. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 ərizə verərək iddia tələbinin qismən təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, 2023-cü ilin sentyabr ayında iddiaçıdan 2500 manat məbləğində sələmə pul götürmüş və qardaşı digər cavabdeh Elnura vermişdir, həmin puldan özü sentyabr ayından başlayaraq dekabr ayına kimi iddiaçıya hər ay hissə-hissə 300 manat olmaqla, cəmi 1200 manat pul, qardaşı isə 200 manat pul qaytarmışdır. Ümumilikdə 2500 manat borc məbləğindən qardaşı ilə birlikdə 1400 manat pul qaytarmışlar. Dekabr ayında yenidən ona pul lazım olmuş, iddiaçıdan yenidən 1500 manat məbləğində borca pul götürüb yenə də qardaşına versə də, həmin borcundan heç bir ödəniş etməmişlər. Hazırda iddiaçıya borclu olduqları məbləğ cəmi 2600 manatdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbinin qismən təmin olunmasını xahiş etdi və digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində Cavabdeh2 səs yazılarından ibarət 1 ədəd “CD” disk və 3 ədəd “Whatsapp” sosial platformasına aid yazışmaları əks etdirən fotoşəkillər, eləcə də Gəncə şəhər BPİnin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 1 ədəd “CD” diskdə olan səs yazılarından və mesaj mətnlərindən görünür ki, Cavabdeh2 iddiaçıdan borca pul götürməsini etiraf edərək, küləkli hava şəraiti ilə əlaqədar işıqların yanmadığını, terminalların işləmədəyini, buna görə pul göndərə bilmədiyini, işıqlar yanan kimi pulunu göndərəcəyini, 150 manat alacağının olduğunu, həmin pulu alan kimi dərhal borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, Bahar adlı qadını uzun müddətdir ki, tanıyır. Təxminən 1 il əvvəl Bahar yaşadığı evə gəlib borca pul istəmiş və qısa müddətdə qaytaracağını bildirmişdir. O, Bahara inanıb tanışından hissə-hissə olmaqla ümumilikdə 4000 manat borc pul istəmişdir. Bahar həmin borcu 2023-cü ilin dekabr ayına qədər ödəyəcəyini bildirmişdir. Bahar həmin borcdan 200 manat geri qaytarsa da, 3800 manat borcunu geri qaytarmır. O, Bahardan borcunu istəyən zaman onu sözlə hədələyir. Həmçinin, qərarda qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, İndira adlı şəxsi 12 ildir ki, tanıyır. İndira onun iş yoldaşıdır. 2023-cü ildə onun pula ehtiyacı olduğu üçün İndiradan hissə-hissə olmaqla 4000 manat borc pul almışdır. O, həmin borcun faiz hissəsini qaytarmışdır. O, İndiradan pulu götürən zaman hissə-hissə qaytaracağını bildirmişdir. O, bu günə qədər hissə-hissə İndiranın borcundan bir hissə qaytarmışdır. Lakin dəqiq məbləğ yadında deyil. Hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün İndiranın borcunu geri qaytara bilmir. İndira ona verdiyi pulu tanımadığı şəxsdən alıb ona verdiyini deyir. O, İndiranı ölüm həddinə çatdırmamışdır. Qərarda qeyd qeyd edilmişdir ki, material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, İndira adlı şəxsi 5-6 ay olar tanıyır. İndira bacısı Baharın iş yoldaşıdır. İndiranı bacısı Baharın vasitəsilə ilə tanımışdır. Bir müddət əvvəl ona pul lazım olduğunu bacısı Bahara demişdir. Bacısı Bahar da İndiradan faizə borc istəmişdir. İndiranın əri onunla birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində tanımadığı şəxsin yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt o, maşında gözləmişdir. İndiranın əri 5 dəqiqə sonra geri qayıtmış və ona 1500 manat pul vermişdir. Ümumilikdə İndiraya 4000 manat faizlə borcu var. O və bacısı Bahar İndiraya həmin puldan 200 manat ödəmişlər. Qalan 3800 manatını isə hər ay 200 manat ödəyir. O və Bahar heç kimi hədələməmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında ayrı-ayrı vaxtlarda iki şifahi borc müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı Cavabdeh1 2023-cü ilin avqust-sentyabr aylarında müvafiq olaraq 1500 manat və 2500 manat pulu borc kimi verməsini, Cavabdeh1 isə 2023-cü ilin dekabr ayına kimi onu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin pul məbləğini Cavabdeh1 vermişdir, Cavabdeh1 isə həmin pul məbləğlərini cavabdeh, eyni zamanda qardaşı Cavabdeh2 təqdim etsə də, şifahi qaydada bağlanmış borc müqavilələrinin borcalan kimi Cavabdeh1 olmuş, pulun ödənilməsi üçün öhdəliyi iddiaçı qarşısında o üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının borc kimi verdiyi pul məbləğini Cavabdeh2 tələb etməsinin heç bir hüquqi əsası yoxdur. O, həmin pul məbləğini yalnız Cavabdeh1 tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanunvericiliyə uyğun olaraq iddiaçı ilə Cavabdeh1 arasında 1500 manat və 2500 manat pulun borc verilməsi barədə 2023-cü ilin avqust və sentyabr aylarında ayrı-ayrılıqda iki şifahi müqavilə bağlanmışdır. Müqavilələrə əsasən ümumilikdə 4000 manat məbləğində pulun 2023-cü ilin dekabr ayınadək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilələrdə borca görə faiz nəzərdə tutulmamışdır. Borc müqavilələri üzrə öhdəliyin icrası vaxtı çatmışdır. İddiaçı şifahi müqavilə ilə öhdəliyin yaranmasını, borcdan cəmi 200 manat qaytarıldığını, 3800 manat borcun qaytarılmadığını sübuta yetirmişdir. Cavabdeh1 həmin müqavilələri bağladığını, lakin borcunun 1400 manat hissəsini qaytardığını, iddiaçıya cəmi 2600 manat borcunun qaldığını bildirmiş, lakin bunu təsdiq edən, o cümlədən iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia qismən təmin edilməli, 3800 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsasən əsaslı olduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 58 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə - Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar