Məhkəmə qərarları › İş №2(125)-4256/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4256/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4256/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3500 manat borcun və ödənilmiş 55 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər ana-qız olmaqla əvvəllər onunla qonşuluqda yaşamışlar, hər iki cavabdehlə normal münasibətdə olmuşdur, 2022-ci ilin aprel ayının ilk günlərində cavabdehlər onun yaşadığı evə gələrək, onu özlərinə yaxın bildiklərindən ondan problemlərinin həllinə köməklik üçün 3500 manat borc istəmişlər, iddiaçı isə həmin miqdarda pulun onda olmadığını və bir tanışından bir neçə aylıq götürüb verə biləcəyini demişdir. Sonra cavabdehlər 2022-ci ilin aprel ayının 8-də onun yaşadığı ünvana gəlmişlər, iddiaçı tanışından borca götürdüyü 3500 manat məbləğində pulu Cavabdeh1 təqdim etmişdir, digər Cavabdeh2 isə pulu 4 ay müddətində qaytaracaqları barədə söz verərək kağıza qol çəkməklə imzaladığı kağızı ona təqdim etmişdir. Lakin 4 ay keçdikdən sonra cavabdehlər ondan aldıqları 3500 manat pulu qaytarmamışlar. O isə 3500 manat pulu borc aldığı şəxsə qaytarmalı olduğu üçün 1500 manat hissəsini “Unibank”dan və 2000 manat hissəsini isə bir şəxsdən faizə götürüb sahibinə qaytarmalı olmuşdur. Hazırda isə həmin borcun faizini ödəyir. Dəfələrlə cavabdehlərdən onlara verdiyi 3500 manat pulun ona qaytarılmasını tələb etsə də, onlar müxtəlif bəhanələr edərək ödəməkdən yayınır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ona olan borcunu qaytarmaq üçün iddiaçını yaşadığı evə çağırmışdır. O isə pulu götürmək üçün həmin evə getmişdir. Evin qapısını döyəndə cavabdehlərdən Cavabdeh1 qapını açaraq onu evə dəvət etmişdir. O evə girən kimi sonradan adı ona məlum olan Rəşad adlı bir şəxs İlahimənin yoldaşı olduğunu bildirmiş, daha sonra mətbəxdən bıçağı götürərək onun üzərinə hücum çəkərək həmin ünvana gəlməyinə etirazını bildirmişdir. Bu zaman İlahimə onun əlindən bıçağı almışdır, lakin Rəşad adlı şəxs onun saçından tutaraq əli ilə ona müxtəlif xəsarətlər yetirmişdir. Bundan sonra iddiaçı evdən pulu almadan çıxaraq “102” xidmətinə məlumat verib, Gəncə şəhəri 2-ci Polis Şöbəsinə gedib olanlarla bağlı rəsmi şikayətini etmişdir. Gəncə şəhər 2-ci Polis Şöbəsi tərəfindən hadisə ilə bağlı düzgün araşdırma aparılmamış, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Sonda, yenə də cavabdehlər tərəfindən ona olan 3500 manat məbləğində borc qaytarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı ilə 10 ildən artıqdır ki, qonşu kimi münasibətləri olub, onunla tez-tez görüşürərək xoş münasibətdə olmuşlar. 2022-ci ilin təxminən aprel ayının ortaları Cavabdeh2 iddiaçıdan 1500 manat 10 faizlə borc almış, 1500 manata görə hər ay 150 manat ödəmişdir. Eyni zamanda cavabdehlərə məxsus evin sənədləri hazırda iddiaçıdadır. Buna baxmayaraq, hazırda cavabdehlər evin sənədini ondan istəyəndə evin sənədinin onda olmadığını deyərək qaytarmamış, bildirmişdir ki, “pulu faizi ilə ödə, sonra sənədini götür”. İddiaçı, pulu verərkən cavabdehlərdən sənəd istəmiş, Cavabdeh2 da iddiaçının evində əlyazma ilə ondan 1500 manat aldıqları barədə qeyri-rəsmi kağız vermişdir. Cavabdeh2 həmin öhdəliyin bir hissəsini, yəni aldığı pulun 1100 manatını qaytarmışdır. Belə ki, etiraza görə cavabdehlər iddiaçıdan heç vaxt 3500 manat pul almamışlar. Cavabdeh2 əvvəllər işlədiyi dövrdə maaş kartını iddiaçıya təqdim edərək bildirmişdir ki, maaş kartından çəkəsi olsa kartdakı məbləği tam götürsün, çünki işdən çıxacaq və anasını Türkiyəyə aparacaq. Cavabdeh2 maaş kartı iddiaçıda qaldığı üçün iddiaçı, hər ay maaşı götürmüşdür. Sonra isə Cavabdeh2 iddiaçıya 500 manat əlavə pul qaytarmışdır. İddiaçı əlyazmada düzəliş edərək 1500 manatı 3500 manat kimi göstərmişdir. Həmçinin etiraz ərizəsində qeyd edilmişdir ki, 17 aprel 2023-cü il tarixdə iddiaçı borcunu istəmək üçün onların evinə gəlmişdir, onu Cavabdeh1 qarşılamışdır, iddiaçı onu itələyərək otağa girmiş, iddiaçını otaqda Cavabdeh2 həyat yoldaşı Rəşad qarşılamışdır. O, Rəşadı nalayiq sözlərlə təhqir etmiş, Rəşad başqa otağa keçəndə isə iddiaçı həyətdən daş götürüb Rəşada atmış, pəncərənin şüşəsini qırmışdır. Daha sonra iddiaçı 102 xidmətinə zəng etmiş, onun zəngindən sonra cavabdehləri Gəncə şəhəri 2-ci polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində araşdırma aparılarkən iddiaçı ekspertdən saxta rəy almaq istəyəndə ekspert ona xəsarəti olmayana yalandan xəsarət rəyi verə bilmədiyini bildirmişdir. Beləliklə Gəncə şəhər 2-ci X1 şöbəsində əməldə heç bir cinayət tərkibi olmadığından iddiaçının verdiyi şikayət ərizəsinə imtina verilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, etirazda cavabdehlər məhkəmədən evin sənədinin qaytarılması üçün köməklik edilməsi, iddia tələbinin isə əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, cavabdehlərin ona 3500 manat borcu olmasını təsdiq edən sadə yazılı qəbz vardır. Onun kserosurətini məhkəməyə təqdim etmişdir, əsli hazırda onda deyil. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, pulu götürəndə satıcı işləyirdi, borca 1500 manat pul götürmüşdür, kart iddiaçıda olduğundan may, iyun, iyul aylarında kartdan 380 manat pul çəkmişdir. Borcundan ümumilikdə 1100 manat qaytarmışdır. Digər cavabdeh olan anasının bu pula heç bir aidiyyəti yoxdur. İddiaçının iş materiallarına təqdim etdiyi sadə yazılı qəbzdə saxtakarlıq edilibdir, orada 1500 manat yazılmışdı, sonradan 1500 manat düzəliş edilərək 3500 manat edilmişdir. Məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh1 izahatında iddiaçıdan heç vaxt hər hansı məbləğdə pul almadığını, qüyd edilən 1500 manat pulun isə qızı İlahimə tərəfindən götürüldüyünü bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında 1500 manat məbləğində borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh2 iddianı qəbul edərək bu barədə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində müvafiq qeydlər apararaq iddiaçı ilə aralarında iddiaçıdan 1500 manat məbləğində borc alması barədə müqavilənin olmasını etiraf etmiş və bütövlükdə borcundan 1100 manat hissəni iddiaçıya qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh2 ilə arasında 1500 manat məbləğində borc müqaviləsi bağlandığını və beləliklə də həmin cavabdehin ona sözügedən məbləğdə öhdəliyinin yaranmasını sübuta yetirmişdir. Həmçinin, sözügedən müqavilə üzrə öhdəliyin icrası vaxtı çatmışdır. Məhkəmə qeyd edir ki, həmin cavabdehin qeyd edilən hissədə iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməlidir. Bununla belə, Cavabdeh2 1500 manat məbləğdə borc müqaviləsini bağladığını bildirsə də borcundan 1100 manatını qaytardığını qeyd etmiş, lakin bu qeyd etdiklərini təsdiq edən, o cümlədən iddianı 1500 manat hissədə aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 sözügedən müqavilə üzrə yaranmış 1500 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia qismən təmin edilməli, 1500 manat pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə digər 2000 manat hissədə, o cümlədən digər Cavabdeh1 qarşı hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də iddiaçı bu hissədə iddia tələbinin əsasını sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Bununla bağlı, nəzərə alınmalıdır ki, MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. Eyni zamanda MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə tərəfindən işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Məhkəmə, MPM-in istinad olunan maddələrindən irəli gələn vəzifələrə riayət edərək iddiaçının sübut qismində təqdim etdiyi - cavabdehlərin ona 3500 manat borclu olmasını təsdiq edən sadə yazılı qəbzin kserosurət olduğunu tərəflərə elan etmiş, qeyd olunan halı tərəflərlə müzakirə edərək onun əslini təqdim etməyi iddiaçıya təklif etmiş, lakin iddiaçı həmin qəbzin əslini məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi digər sənəddən – Gəncə şəhəri 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Sarif Həsənov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan da cavabdehlərin iddiaçıdan 3500 manat məbləğində pul alması görünmür. Əksinə həmin qərardan müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh2 izahatında iddiaçıdan 1500 manat məbləğində borc aldığını bildirmişdir. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar