Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4286/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1075 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 188-190 saylı binada ticarət avadanlıqları mağazasında satıcı işləyir. Mağazada müxtəlif növ ticarət avadanlıqları, mallar, elektrik avadanlıqları və müxtəlif tipli soyuducular satılır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Məhrəsə bağı ev 15, mən 21-də yaşayan Cavabdeh onun işlədiyi mağazaya gəlmiş və ondan bir ədəd 440 litrlik dondurucu almış, malın pulunu 7 ay müddətinə hər ay hissə-hissə verməsi barədə razılaşmışlar. Həmin dondurucunun qiyməti 1000 manatdır. Cavabdeh ilkin olaraq 50 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, cəmi 300 manat vermişdir. Cavabdehin həmin dondurucuya görə 700 manat borcu qalmışdır. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən işlədiyi mağazaya gəlmiş və qiyməti 700 manat olan bir ədəd dondurucu götürüb maşınla “Sərçə” bazarına aparmışdır. 75 manat yol pulunu hər ikisində də özü vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh ona 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat vermişdir. Cavabdehin ona cəmi borcu 1075 manat təşkil edir. Cavabdeh qiymətləri 1000 manat və 700 manat olan dondurucuları X6 və X4 iştirakı ilə mağazadan götürmüşdür. O, məcburi köçkündür, mağazada satıcı işləyir, ailəsini çətinliklə saxlayır. Cavabdehin onu aldatması, borcunu qaytarmaması onun işsiz qalmasına səbəb ola bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda cavabdehin əlyazmasını təqdim edərək cavabdehlə mübahisənin məhkəmədənkənar qaydada həlli üçün bir daha cəhd etdiyini, cavabdehin isə əlyazma şəklində ondan dondurucuları alması və 1075 manat borcunun qalması barədə qəbz verdiyini, məhkəmə iclasında isə iştirak etmək istəmədiyini dediyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahid X6 ifadə verərək bildirdi ki, iddiaçı onun əmisi oğludur. İddiaçı fərdi sahibkar kimi Gəncə şəhəri, N.Nərimanov prospektində vitrin soyuducularının və dondurucuların satışını həyata keçirən mağaza işlədir. O, tez-tez iddiaçının işlədiyi mağazaya gedir. Təxminən 1 il bundan əvvəl mağazada iddiaçı ilə söhbət edən zaman Cavabdeh mağazaya gələrək 1000 manat dəyərində dondurucu almış və dəyərini hissə-hissə ödəmək barədə Vaqiflə razılaşmışlar. Digər dondurucu isə onun yanında alınmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahid X7 ifadə verərək bildirdi ki, o, yük maşını ilə sürücü işləyir. İddiaçı Gəncə şəhəri, N.Nərimanov prospektində soyuducu və dondurucuların satışını həyata keçirən mağaza işlədir. O da həmin mağazaya yaxın ərazidə dayandığı üçün tez-tez mağazadan mal alan müştərilərə əşyaların daşınması xidmətini göstərir. Təxminən 1 il əvvəl iki ayrı vaxtda Rahilə adlı qadının iddiaçıdan aldığı iki ədəd dondurucunu “Sərçə bazarı” adlanan bazara aparmışdır. Həmin dondurucuların qiymətini bilmir, lakin həmin dondurucuları cavabdehin nisyə qaydada aldığı ona məlumdur. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Kəlbəcər rayonu Vergilər şöbəsində sahibkar kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş əlyazma qəbzdən görünür ki, Cavabdeh həmin qəbzdə xx.xx.2022-ci il tarixdə Vaqif Xudaquluyevdən dondurucu aldığını, daha sonra dəyəri 700 manat olan dondurucu aldığını, bir miqdar ödədiyini, borcunun 1075 manat qaldığını, hər ay 50 manat pul ödəməyi öhdəsinə götürdüyünü göstərmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında şifahi qaydada nisyə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı satıcı kimi öz öhdəliyini icra edərək alınan malları cavabdehə təhvil vermişdir. Göstərilən xüsusatlar cavabdehin əlyazma qəbzi və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh malın dəyərini ödəmək öhdəliyini tam icra etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək satılmış malın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçı məcburi köçkün olduğu üçün Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. İddia təmin edildiyindən ödənilməli olan 30,75 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360, 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə 1075 (bir min yetmiş beş manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,75 manat (otuz manat yetmiş beş qəpik) pul tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-4286/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4286/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver