Məhkəmə qərarları › İş №2(125)-43/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-43/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-43/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3200 manat pulun və 65 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təxminən 6 ay olar ki, Cavabdeh qeyd olunan ünvanın 5-ci mərtəbəsindən mənzil almışdır. O, həmin binanın 4-cü mərtəbəsində yaşayır. Cavabdeh dəfələrlə onun evinə su axıtmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, təxminən 10 gün olar ki, evi su basmışdır. O, məcbur olub 102 xidmətini yığmış, polis əməkdaşları gəlib çəkiliş aparmışlar. Cavabdeh ona vurduğu ziyana görə maddi sübut olaraq video çəkiliş və şəkillər var. Cavabdeh onunla razılaşmadığı üçün məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, Gəncə şəhəri, Atatürk prospekti-237, ev 2A ünvanında yerləşən 10 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İş üzrə baxış keçirilməsi üçün tədqiqat obyekti yerləşdiyi ünvan 2 ünvana gəldim. Lakin qeyd olunan 10 saylı mənzilə baxış keçirən zaman, mənzilin tam təmirli vəziyyətdə olduğu müəyyən edilmiş və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (1111.2). İddiaçı onun mənzilinə cavabdeh tərəfindən su axıdılması nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 3200 manat pulun tutulmasını xahiş etmişdir. İş üzrə xüsusi bilik tətbiq edilməsi zərurəti yaranmışdır, lakin iddiaçıya məxsus mənzil tam təmirli olduğu üçün ekspert tərəfindən araşdırma aparılması mümkün olmamışdır. İddiaçı isə ona məxsus mənzilə cavabdeh tərəfindən su axıdılması nəticəsində, əvəzini tələb etdiyi məbləğdə ziyan dəyməsini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyi üçün ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar