Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-431/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat pulun və 36 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin giriş qapısını düzəltdirmək üçün Cavabdeh ilə şifahi razılığa gəlmişlər. Razılaşmaya əsasən, cavabdehlə birlikdə dəmirçi sexindən yaşadığı evə gəlmişlər. Cavabdeh qapının qoyulacağı yerin ölçülərini götürmüş, görəcəyi xidmətə görə ona 1500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Aralarında olan şifahi podrat müqaviləsinin təminatı kimi əvvəlcədən Cavabdeh 800 manat beh vermişdir. Cavabdeh vəd etmişdir ki, 20 may 2022ci il tarixdə qapını təhvil verəcək. Şərtləşdikləri gün cavabdehin işlədiyi sexə getmiş və orada sexin bağlı olduğunu görmüşdür. Dəfələrlə mobil telefonuna zəng etsə də, cavab verməmişdir. Gəncə şəhər 2 saylı Polis Şöbəsinə müraciət etsə də, cavabdeh barədə cinayət işinin başlanması rədd edilmişdir. Onunla cavabdeh arasında bağlanan əqd podrat müqaviləsidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona verdiyi 800 manat behdir. Beh müqaviləsi Cavabdeh təqsiri ucbatından pozulduğundan ona verilmiş behin 2 misli ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək cavabdehlə aralarında beh barədə yazılı razılaşma tərtib olunmadığını bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun oğludur və eyni ünvanda yaşayırlar. Oğlu evin giriş qapısını düzəltdirmək üçün Cavabdeh ilə razılığa gəlmişldir. Cavabdeh hesablamışdı və onların xərci 1500 manat idi. Oğlu Cavabdeh 800 manat beh vermişdi. Bundan sonra Cavabdeh nə onların evində iş görmüş, nə də ki, oğlunun beh kimi verdiyi 800 manat pulu qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1). Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (491). Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (492). Mülki işin tədqiq edilmiş halları əsasında müəyyn edilmişdir ki, tərəflər arasında qapının hazırlanması işinin görülməsi barədə razılıq əldə edilmiş, cavabdehin tələbi üzrə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə iddiaçı 800 manat ödəniş etmiş, lakin cavabdeh tərəfindən hər hansı iş icra edilməmişdir. Hazırkı iş üzrə iddiaçı işin icra edilməməsində cavabdehin məsuliyyət daşımasına əsaslanaraq ödənilmiş pulun iki mislinin tutulmasını xahiş etmişdir. Lakin iddiaçının tələbinin əsaslandığı əqd qanunvericiliyin tələbi üzrə yazılı formada bağlanmamışdır, buna görə beh barədə əqd etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Əqd etibarsız hesab edilməli olduğundan behin iki mislinin qaytarılmasına dair qanunvericilik müəyyən edilmiş qayda tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Qeyd edilənlərə əsasən, əqd etibarsız hesab edilməli və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, iddia qismən təmin edilməli, cavabdehdən 800 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 18 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-431/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-431/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver