Məhkəmə qərarları › İş №2(125)-4349/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4349/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4349/2024 27.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 19 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Cavabdehlə birgə nikahlarından 20 iyul 2009-cu il təvəllüdlü X5 adında 1 övladları anadan olmuşdur. Hazırda övladı onun himayəsindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli, 2(044)-1644/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə rəsmi nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından anadan olmuş, 20 iyul 2009-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılmaqla cavabdehə bir uşağa görə sabit pul məbləğində 60 (altmış) manat alimetin tutulması qət olunmuşdur. Hazırda cavabdehlə birgə nikahlarından anadan olmuş övladının 60 manat alimentlə saxlamaq mümkün deyildir. Belə ki, hazırda bazarda olan ərzaq məhsulları və ümumi tələbat məhsullarının qiyməti əhəmiyyətli dərəcədə artmışdır. Bununla bağlı bir uşağın saxlanması ilə bağlı ümumi istehlak məbləğinin qiyməti dəyişdirilərək 235 manat olmuşdur. Lakin buna baxmayaraq, hazırda bazarda yaranmış qiymət dəyşiklikliyi ərizədə qeyd olunan halların doğruluğunu təsdiq edir. Hazırda cavabdehin birgə nikahlarından anadan olmuş övladlarının saxlaması üçün ödədiyi alimentin məbləği uşağını saxlamağına imkan vermir və həddən artıq azdır. Hər uşağın yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən ehtiyac meyarı müəyyən olunmuşdur. Həmin meyar mütəmadi olaraq uşaqların maraq və mənafeləri nəzərə alınaraq artırılır. Hazırda dövləti tərəfindən bir uşağın yaşayış meyarı 235 manat müəyyən edilmişdir ki, bu da bazar dəyərləri ilə minimum səviyyədə hesablanmışdır. Bundan sonra İddiaçı məhkəmənin 12 avqust 2024-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 20 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunan alimentin məbləğin artırılaraq hər ay sabit pul məbləğində 235 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, uşağın hər gün tələbatları artır və buna görə də təkbaşına uşağın ehtiyaclarının ödənilməsini çatdıra bilmir. Həmçinin, 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumuna münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3518/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği çox aşağıdır. Ona görə də aliment məbləğinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh olan oğlu Cavabdeh satıcı işləməklə 300 manat əmək haqqı alır. Buna görə də iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi mümkün deyildir. Cavabdehin maddi vəziyyəti yaxşı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 165723 nömrəli, 14 noyabr 2013-cü il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 noyabr 2013-cü il tarixdə 196 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Muradova”, qadına “Həsənova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 456159 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 20 iyul 2009-cu il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: X4r. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1644/2013 nömrəli, 26 avqust 2013-cü il tarixli qətnamədən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X6 arasında 19 aprel 2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 195 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları 20 iyul 2009-cu il təvəllüdlü X1 anası cavabdeh X2 himayəsində saxlanılması, 23 iyul 2013-cü il tarixdən başlayaraq, 20 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X2 xeyrinə hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2306/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4383/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3518/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2306/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməsi və həmin hissədə 140 manat müəyyən edilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG1/MT007/2024/01155 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı və Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” tələbinə dair müraciəti əsasında xx.xx.2024-cü il tarixində, 11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2306/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4383/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3518/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2306/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməsi və həmin hissədə 140 manat müəyyən edilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 140 (bir yüz qırx) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən uzun müddət keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3518/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı mediasiya xərcini tələb etmədiyindən həmin məbləğ iddiaçıya aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 60 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 720 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3518/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar