Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4374/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və ödənilməyən aliment borcunun cavabdehdən alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün onun xeyrinə əvvəl müəyyən olunmuş 120 manat alimentin artırılaraq hər uşağa 220 manat olmaqla, üç uşağa 660 manat sabit pul məbləğində müəyyən edilərək cavabdehin gəlir və qazancından aliment tutulması və ödənilməyən aliment borcunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə el adəti ilə toyları olmuşdur. Cavabdeh ilə birgə nikahlarından 3 övladları vardır. xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8. xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. 2017-ci ildə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)109/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. 2019-cu ildə uşaqların saxlanılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-448/2019 nömrəli qətnaməsi ilə övladlarının saxlanılması üçün hər uşağa 120 (bir yüz iyirmi) manat məbləğində cavabdehin gəlir və qazancından aliment tutulması barədə qətnamə qət edilmişdir. Hazırda o, heç bir yerdə işləmir və övladlarının birinin səhhətində “onkoloji” ciddi problemi vardır, O, uşağın ödənişli müalicələrini daima öz valideyinlərinin maddi dəstəyi ilə həyata keçirmişdir. İXM-528.1-ci maddəsi ilə cavabdehin barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-1263/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarı mövcuddur. Cavabdeh vaxtında alimenti ödəmir yenə gecikmələr vardır. O, övladlarının saxlanılması üçün aliment məbləğinin artırılması ilə bağlı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki cavabdeh öz övladları ilə maraqlanmır. Cavabdeh məhkəmə ilə kəsilən və öhdəliyinə düşən 360 manatdan hər ay 200 manat ödəniş etməli olduğu halda, onu da vaxtında ödəniş etmir. Övladlarının səhhəti ilə bağlı məhkəmə ilə təyin olunmuş 360 manat məbləğ belə çox azdır. Artıq 4 ildir ki, o, alimentin artırılmasına dair iddia qaldırmamışdır. Düşünmüşdür ki, cavabdeh özü insafa gələr alimenti artırar. Lakin belə olmadığı üçün məcbur qalıb məhkəmədə alimentin artırılmasına dair iddia qaldırmışdır. Çünki övladları artıq böyümüş və xərcləri də artmışdır. Böyük qızları Yağmur 12 yaşındadır, 2-ci övladları Tahir 10 yaşındadır və 3-cü övladları Zəhrə artıq 8 yaşındadır və üçü də məktəb şagirdidir. Uşaqların ödənişli hazırlıq kursları vardır, bunlar nəzərə alınmalıdır. Bunlar hamısı uşaqların cəmiyyət üçün yararlı şəxsiyyət kimi yetişməsinə görə lazımdır. Məlumdur ki, bahalaşma vardır, həm ərzaqda, həm geyim əşyalarında. Cavabdeh bir dəfə də olsun uşaqlarla bağlı əlavə xərclərdə iştirak etməmişdir. Cavabdehin maddi vəziyyəti hazırda yaxşıdır, Bakı-Gəncə reysi üzrə sürücü işləyir, valideynlərinin də qazancı vardır və vəziyyətləri çox yaxşıdır. Hazırda yaz mövsümüdür, uşaqlar meyvə-tərəvəz və meyvə şirələri içməlidirlər və yaxşı qidalanmalıdırlar ki, immunitetləri yaxşı olsun. Cavabdeh mediasiyanın tətbiqi barədə təklifi almış və mediasiyadan xəbəri olmuş, lakin iştirak etməmişdir. Cavabdehin ilkin mediasiya prosesində iştirak ettməməsi barədə mediator tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞG/1-01691 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış mövcuddur. AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyininin tabeliyində X6 X1 Filialı tərəfindən verilmiş xx.xx.2023 tarixli 3-17/2-2/Q-34002-2023 nömrəli arayışına əsasən mediyasının xidmət haqqından azad edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından 3 uşaqları vardır. Hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment kəsilmişdir. Cəzaçəkmə müəssisəsində olduğuna görə 16 000 manat aliment borcu yığılmışdır. Borcunun 10000 manatdan çox hissəsini birdəfəyə ödəmiş, 4800 manat borcu qalmışdır. Kafel-metlak işi ilə məşğul olur və daimi gəliri yoxdur. Borcunu birdəfəlik ödəmək imkanı olmadığına görə 360 manat alimentdən başqa borcun silinməsi üçün hər ay 40 manat olmaqla 400 manat ödəniş edir. Bacısının evini aylıq kirayə haqqı 200 manat olmaqla kirayəyə vermiş, oradan əldə etdiyi pulu da hər ay iddiaçıya ödəyir. Borcun silinməsi üçün daha artıq məbləğdə pul ödəmək istəsə də, maddi imkanı yoxdur. Hazırda 4800 manat aliment borcu qalmışdır. Aliment məbləğinin artılacağı təqdirdə ödəyə bilməyəcəyini qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 063476, AZ-İİ 708826 və AZ-İİİ 408373 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Tahir, xx.xx.2011-ci il tarixdə Yağmur və xx.xx.2015-ci il tarixdə Zəhra adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-448/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 , xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1-01691 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:20də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiyanın xidmət haqqından azad edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-448/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Təyin olunmuş 360 manat məbləğində aliment uşaqların saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 448/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını və uşaqlardan birinin səhhətində probləmlərin olmasını əsas gətirərək təyin olunmuş alimentin miqdarının artırılmasını tələb etmişdir. «X11» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iddiaçı tərəfindən cavabdehin əmlak vəziyyətində dəyişiklik olması və gəlirləri ilə bağlı müvafiq sübutların təqdim edilməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin cəzaçəkmə müəssisəsində olduğu dövrdə yaranmış 16860 (on altı min səkkiz yüz altmış) manat aliment borcundan 12400 manat ödəniş etməklə yerdə qalan borcunu hissə-hissə ödəməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə anadan olmuş X2, xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-448/2019 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 120 (bir yüz iyirmi) manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4374/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4374/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver