Məhkəmə qərarları › İş №2(125)-4404/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4404/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4404/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun aralarında olan xx.xx.2010-cu il tarixdə onun mülkiyyətində olan QAZ-31105120 markalı, 2006-cı il buraxılışlı, **-CK-*** dövlət qeydiyyatlı minik avtomobilinə dair razılaşmanın alqı-satqı müqaviləsi kimi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun aralarında faktiki alqı-satqı müqaviləsinin qaydalarını tətbiq edərək cavabdehin mülkiyyətində olan 2006-cı ildə buraxılmış QAZ 31105 120 markalı, dövlət qeydiyyat nişanı 20CK951 olan minik avtomobilinə 6850 ABŞ dolları məbləğində pul ödəyərək, cavabdehin nümayəndəsi X2 etibarnamə alıb. O isə etibarnamə vasitəsi ilə atasının istifadəsinə və sahibliyinə vermiş. Atası və o, hal-hazırda həmin avtomobili birgə idarə edirlər. Həmin avtomobilin atasının adına sənədləşdirəndə onlara məlum oldu ki, cavabdehin "xxxx" ASC-yə borcu olduğu üçün özgəniləşdirilə bilməz. Özgəniləşdirməyə məhdudiyyət xx.xx.2023-cü il tarixə qoyulmuşdur. Bu şəbədən, o, məcbur olub cavabdehin etibarnamə üzrə nümayəndəsi ilə onun arasında olan xx.xx.2010-cu il tarixli avtomobilə dair olan razılaşmanı məhkəmə vasitəsi ilə alqı-satqı müqaviləsi kimi tanıtmaq üçün məhkəmə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının təmsilçisini dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AB 410428 nömrəli qeydiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında sedan tipli, qara metallik rəngli, 2006-cı il buraxılışı olan **-CK- *** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur və nəqliyyat vasitəsi İKB "xxxx" ASC Gəncə filialının icazəsi olmadan özgələşdirə bilməz. İş materiallarında olan xx.xx.2010-cu tarixli və xx.xx.2029-cu il tarixədək qüvvədə olan etibarnaməyə əsasən X1 2 saylı DNK tərəfindən xx.xx.2009-cu il tarixli 7E-18-5912 nömrəli reyestri etibarnamə əsasında Cavabdeh nümayəndəsi İddiaçı 2006-cı il buraxılışı olan 20CK951 dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir; həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, M a d d ə 2 7 . Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İİ. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; M a d d ə 3 2 . Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası İ. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiyaaxtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. İİ. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarına 2 saylı Əlavənin 2-ci bəndinə əsasən, Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları növündə daşınar əmlakın rəsmi reyestrlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aparır. Hazırkı iş üzrə iddiaçı mübahisəli avtomobilə dair cavabdehlə aralarında əldə edilmiş razılaşmanın alqı-satqı müqaviləsi kimi tanınmasını xahiş etmiş, ödənişdən sonra sahiblik və istifadəsinə verilən avtomobilin Bankın razılığı olmadan iddiaçının adına qeydiyyata alına bilməməsi ilə tələbini əsaslandırmışdır. Məhkəmə mülki işin tədqiq edilmiş hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, mübahisəli daşınar əmlak fiziki şəxslərə məxsus ola bilən nəqliyyat vasitəsidir və onun rəsmi reyestri, habelə, alqı-satqısı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Məhkəmə nəzərə alır ki, mülki qanunvericiliyə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə olan halda, mübahisəli nəqliyyat vasitəsinə dair qanunvericiliyin tələblərinə riayət edilmədən bağlanmış müqavilə etibarsız olduğundan hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar