Məhkəmə qərarları › İş №2(125)-441/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-441/2023

13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-441/2023 13.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cərimə ödənişinə görə 1080 manat, maşının tərkib hissələrinin sökülməsinə görə vurulmuş 7000 manat olmaqla, ümumilikdə 8080 manat maddi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla arasında qeydə alınmış rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(044)-4051/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Buna dair 21 avqust 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə o, “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişdir. Buna dair onun adına 942886 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. O, həmin nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh 20 avqust 2020-ci ildə 8 il 5 ay 29 gün müddətinə etibarnamə vermişdir. Cavabdeh həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Sözügedən nəqliyyat vasitəsi etibarnamə əsasında onun tərəfindən idarə edilən zaman yol hərəkəti qaydalarının pozuntusuna görə cərimə yazılmışdır. Bu günədək həmin cərimə məbləği onun tərəfindən ödənilməmişdir. Həmin məbləğin üzərinə dəbbə pulu hesablandığına görə cərimə məbləği artır. Həmçinin, cavabdeh həmin nəqliyyat vasitəsinin şüşələrini, oturacaqlarını, təkərlərini, akkumulyator, stater, polosunu sökərək satmış və maşını tamamilə istifadəyə yararsız hala gətirmişdir. Hazırda həmin maşın cərimə meydançasındadır. Cavabdeh maşına yazılan cərimələrin onun adına gəlməməsi üçün özünə verilmiş etibarnaməni də birtərəfli qaydada ləğv etdirmişdir. Cavabdeh sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə edərkən törətdiyi qanun pozuntularına görə yazılmış cərimə məbləği 1080 manat təşkil edir. Maşının müxtəlif hissələrinin sökülməsinə görə isə maşına 7000 manat rnəbiəğinuə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ 031143 saylı etibarnamənin surətindən görünür ki, X1 tərəfindən İddiaçı VAZ-21154 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. İş materiallarına əlavə edilmiş AD 942886 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 609 DKA” avtobus markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh qızı arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli elektron qərardan görünür ki, “Mercedes Benz 609 DKA” avtobus markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: 1) nəqliyyat vasitəsinin cərimə ödənişinə görə pulun tutulması; 2) nəqliyyat vasitəsinin tərkib hissələrinin sökülməsinə görə vurulmuş zərərin əvəzinin tutulması. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (1108.2). Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir (1108.3). Mülki Məcəlləyə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar birbiri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir (509). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir (25.8). İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır (122.2). Hazırkı iş üzrə iddiaçı inzibati tənbeh vermə haqqında qərar əsasında dövlət büdcəsinə ödənilməli olan pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, həmin məbləğin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, mübahisəli avtomobilin idarə edilməsi zamanı törətdiyi inzibati xətalara görə cavabdehə tətbiq edilmiş inzibati cərimələrin iddiaçı tərəfindən ödənilməsi və reqres hüquq əsasında tələb irəli sürüldüyünə dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tələbini cərimələrin ödənilməməsi nəticəsində mübahisəli nəqliyyat vasitəsinin cərimə meydançasında yerləşdirildiyi ilə əsaslandırsa da, həmin avtomobilin hazırda kimin mülkiyyətində, hansı səbəbdən, harada olması barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı nəqliyyat vasitəsinin tərkib hissələrinin sökülməsinə görə vurulmuş zərərin əvəzinin tutulmasını xahiş etsə də, həmin hissələrin cavabdeh tərəfindən sökülməsi, bunun nəticəsində tələb etdiyi məbləğdə ziyanın vurulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi fotoşəkillər isə iddia tələbini təsdiqləyən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, əsaslılığı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar