Məhkəmə qərarları › İş №2(125)-4421/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4421/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4421/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5650 manat pulun və həmçinin ödənilmiş 76.50 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin sentyabr ayı öz telefonunu satmaq haqqında sosial şəbəkələrdə paylaşım etmişdir. xx.xx.2022-ci il tarixində qiyabi tanışı Cavabdeh2 telefonla əlaqə saxlayıb rəfiqəsi Cavabdeh3 onda olan telefonu almaq istədiyini, ancaq pulunun bir hissəsini hissə-hissə vermək istədiyini bildirmişdir. O, telefonu 3200 manata satdığını bildirmişdir. O, Cavabdeh3 və Cavabdeh2 öz kimliklərinin sürətinə öz xətləri ilə nə qədər borcları qaldığını qeyd edib imza atmaqlarını bildirmişdir. Onlar onunla razılaşmışlar. Bir az sövdələşəndən sonra xx.xx.2022 tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 **********76252 və **********97415 imei kodlu iphone 12 pro (512) modelini qarşılıqlı razılaşmalarına görə ondan alırlar. 200 manat ilkin verib qalan 2952 manat pulu hər ay 123 manat olmaqla 24 ay ödəyəcəklərini öz kimliklərinin surətinə öz xətləri ilə qeyd edib imza atmışlar. Həmin ilin dekabr ayında Cavabdeh3 onunla əlaqə saxlayıb bacısı Cavabdeh1 telefon axtardığını demişdir. O da həmin an 13 pro max telefonunu satmaq fikrinə düşmüşdür. Onlar da elə o telefonu almaq istədiklərini bildirdilər. O, telefonu 4200 manata satdığını bildirmiş, bir az sövdələşəndən sonra 4100 manata razılaşmışlar və pulun əksəriyyətini borc şəklində ödəyəcəklərini bildirdilər. xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 **********73634 və **********21987 imei kodlu iphone 13 pro max modelini qarşılıqlı razılaşmaqlarına görə ondan alırlar. 500 manat ilkin verib qalan 3600 manat pulu hər ay 150 manat olmaqla 24 ay ödəyəcəklərini öz kimliklərinin surətinə öz xətləri ilə qeyd edib imza atdılar. 2023-cü ilin mart ayında Cavabdeh3 onunla əlaqə saxladıqda işlətdiyi 14 pro max-ı almaq qərarını bildirmişdir. O, satmaq fikrinin olduğunu, ancaq Ayselin ona borcunun çox olduğunu səbəb gətirərək yüklənəcəyini bildirmişdir. Cavabdeh3 israrla işinin yaxşı olduğunu və problem olmayacağını bildirmişdir. 4286 manata razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 öz xətti ilə öz kimliyinin surətinə **********96449 imei kodlu iphone 14 pro max modelini ondan aldığını, 200 manat verib qalan 4086 manat məbləği hər ay 227 manat olmaqla 18 aya ödəyəcəyini qeyd edib imza atdı. xx.xx.2023 tarixdə Cavabdeh3 ona cəmi 10638 manat borcdan 1630 manat pul ödədikdən sonra bütün borcları cəmləşdirib az-az ödəniş etmək istədiyini ona bildirmişdir. Cavabdeh3 öz kimliyinin surətinə qeyd edib imza atdı ki, hər ay 300 manat olmaqla 30 ay ödəyəcək. Cavabdeh3 ona xx.xx.2023-cü il tarixdən olan 9000 borcun 3350 manatını verib. Qalan 5650 manat pulu ödəməkdən boyun qaçırmışlar. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2000 manat, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3000 manat, Cavabdeh3 650 manat pulun, həmçinin ödənilmiş 76.50 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əlyazma sənədlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə İddiaçı birlikdə, nisyə qaydada mobil telefon almış, həmin malın dəyərindən ilkin olaraq 200 manat verdiklərini və hər ay 123 manat olmaqla 24 aya qaytaracaqlarını qeyd etmişlər.Həmin əlyazma sənədinin üzərində olan qeydlərdən görünür ki, nisyə qaydada satılmış malın ümumi dəyəri 2952 manat olmuş, həmin məbləğin 925 manatı cavabdehlər tərəfindən ödənilmiş, qalan 2000 manat isə ödənilməmişdir. İş materiallarında olan digər əlyazma sənədlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə İddiaçı nisyə qaydada mobil telefon almış, həmin malın dəyərindən ilkin olaraq 500 manat verdiklərini və hər ay 150 manat olmaqla 24 aya qaytaracaqlarını qeyd etmişlər. Həmin əlyazma sənədinin üzərində olan qeydlərdən görünür ki, nisyə qaydada satılmış malın ümumi dəyəri 3600 manat olmuş, həmin məbləğin 600 manatı cavabdehlər tərəfindən ödənilmiş, qalan 3000 manat isə ödənilməmişdir. İş materiallarında olan digər əlyazma sənəddən görünür ki, Cavabdeh3 xx.xx.2023cü il tarixdə İddiaçı nisyə qaydada mobil telefon almış, həmin malın dəyərindən ilkin olaraq 200 manat verdiyini və hər ay 227 manat olmaqla 18 aya qaytaracaqlarını qeyd etmişdir. Həmin əlyazma sənədinin üzərində olan qeydlərdən görünür ki, nisyə qaydada satılmış malın ümumi dəyəri 4086 manat olmuş, həmin məbləğin 3436 manatı cavabdehlər tərəfindən ödənilmiş, qalan 650 manat isə ödənilməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdehlər məhkəməyə gəlməmiş, onlara qarşı irəli sürülən iddiaya heç bir etiraz bildirməmişlər. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin halları kimi müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə İddiaçı ümumi dəyəri 2952 manat olan malı birlikdə, nisyə qaydada almış, nisyə qaydada satılmış malın dəyərindən ümumilikdə 925 manatını ödəmiş, qalan 2000 manat isə ödəməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə İddiaçı nisyə qaydada dəyəri 3600 manat olan mobil telefon almış, həmin malın dəyərindən cəmi 600 manat ödəmiş, qalan 3000 manatı isə ödəməmişlər. Bundan başqa, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə İddiaçı nisyə qaydada dəyəri 4086 manat olan mobil telefon almış, həmin malın dəyərindən 3436 manat ödəmiş, qalan 650 manatı isə ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan aşağıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Hesab edilir ki, cavabdehlər ilə bağladığı əşyaların hissə-hissə ödənilməsi nəzərdə tutulan nisyə alqı-satqı müqaviləsi üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyır. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Məhkəmə sübutlara sadalanan qanunvericilik normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən, iddiaçının cavabdehlərdən borcun tutulmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2000 manat, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3000 manat, Cavabdeh3 650 manat pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 76,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 76,5 manat dövlət rüsumu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2000 (iki min) manat məbləğində pul, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3000 (üç min) manat məbləğində pul və Cavabdeh3 650 (altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,5 (yetmiş altı) manat 50 qəpik məbləğində pul Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar