Məhkəmə qərarları › İş №2(125)-4437/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4437/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4437/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə normal münasibətləri olmuş, cavabdeh, iddiaçıya müraciət edərək ona pul lazım olduğunu və ona kömək etməyini xahiş etmişdir. O, da öz növbəsində Cavabdeh 2000 manat məbləğində pul vermiş və aralarında 2021-ci ilin oktyabr ayının 22-də borc müqaviləsi bağlanmışdır. Həmin şifahi borc müqaviləsinin təsdiqi kimi Cavabdeh öz imzası ilə sənədə imza atmışdır ki, xx.xx.2021-ci il tarixdə götürdüyü 2000 manat məbləğində pulu 4 ay müddətində qaytaracaqdır. Lakin ödəniş etməyərək, pulunun olmamasını bildirərək borcu qaytarmaqdan imtina etmişdir. Hazırda da cavabdehdən ona olan borclarını ödəməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırır, müxtəlif bəhanələr gətirir. Ona görə də, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Cavabdeh ondan 2000 manat borc almış və həmin puldan heç bir ödəniş etməmişdir. Odur ki iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 2000 manat borc aldığını və həmin borcun 400 manatını ödədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan əlyazma sənəddən görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Cavabdeh İddiaçı 4 aya qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul almışdır. Məhkəmədə izahat verərkən Cavabdeh həmin qəbzdə yazılanların doğru olduğunu bildirərək, iddiaçıdan 2000 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutlarla bağlı tələblərinə əsasən belə halda cavabdehin iddiaçıdan 22 oktyabr 2021-ci il tarixdə 2000 manat məbləğində borc pul alması işin faktiki halı kimi təsdiq olunur. Cavabdeh izahatında həmin məbləğdən 400 manat qaytardığını bildirsə də, işin bu halını təsdiq edə bilən başqa heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Öz növbəsində iddiaçı cavabdehin aldığı borcdan ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər arasında 22 oktyabr 2021-ci il tarixdə borc müqaviləsi bağlanmış, cavabdeh həmin vaxt iddiaçıdan 2000 manat məbləğində borc almış, lakin həmin sənəd üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı 2000 manat borcu ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, yazılı sənəd üzrə borc alan Cavabdeh yazılı sənəd üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia 2000 manat tələbi hissədə təmin edildiyindən, ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40(qırx) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar