Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-449/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz avtomaşını ilə ona məxsus 1 (bir) baş inəyi vurub öldürməklə ona vurulmuş 1000 manat maddi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 16 avqust 2022-ci il tarixdə saat 11:30 radələrində özünə məxsus iri-buynuzlu heyvanlarını yaşadığı İlxıçılar kəndi ərazisində yerləşən örüş sahəsindən evə gətirən zaman ondan 15 metr aralı məsafədə qarşıda gedən 1 iri-buynuzlu düyə heyvanı İlxıçılar kəndi ərazisindən keçən asfalt yolda hərəkətdə olan Cavabdeh məxsus «Kamaz» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən vurularaq hadisə yerində ölmüşdür. Bu fakt Tərtər rayon X2 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən çıxarılmış «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 avqust 2022-ci il tarixli qərarı və Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən «İXP 48781083 nömrəli X5 Protokolu» ilə tam sübut olunur. Belə ki, Cavabdeh AR İXM-nin «Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması» adlanan 327.1-ci maddəsi ilə təqsirli bilinməsi və 40 manat cərimə olunması da bu faktı tam təsdiq edir. Yəni, həmin hadisə ilə bağlı Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Hesab edir ki, Cavabdeh maşını ilə onun 1 (bir) baş düyə heyvanını öldürməsi nəticəsində ona ən azından 1000 (bir min) manat maddi zərər vurmuş və həmin zərərin əvəzi ödənilməlidir. Cavabdehə ona vurduğu maddi zərərin əvəzini ödəməsi üçün dəfələrlə müraciət etsə də, cavabdeh ona vurduğu zərərin əvəzini ödəməkdən imtina etmişdir. Ona görə də hüququndan istifadə edərək «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, şəxsi təsərrüfatında mal-qara saxlayır. Həmin malları hər gün örüşə aparır. 16 avqust 2022ci il tarixdə o, həmin heyvanları örüşdən gətirən zaman təxminən saat 11:30 radələrində yol ilə dörd yol istiqamətindən “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın yüklü vəziyyətdə gəlmişdir. O da dörd yol istiqamətindən İlxıçılar kəndi istiqamətinə gəlib kəndlərinə çatmışdır. Onun heyvanları yolun sarı xəttinin içərisində getmiş, həmin maşın da yolun öz hərəkət zolağı ilə getmişdir. Bu zaman ona məxsus təxmini 2 yaşı olan düyə buynuzu ilə milçək qovan zaman heyvanın buynuzu qəfil maşının arxasında olan qoşquya dəymiş və həmin an heyvanın arxası gəlib maşının qoşqusunun altına girmişdir, yəni heyvanın ayağı ilə budu maşının qoşqusunun altında qalmış və heyvan ölmüşdür. Heyvanı yolun içərisi ilə aparmasına səbəb yolun sağ hissəsində maneənin olması olmuşdur. Hadisə gündüz vaxtı baş vermiş və həmin vaxt o, heyvanın yanında olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 16 avqust 2022-ci il tarixdə, saat 11:30 radələrində sürücülük hüququ olmaqla və ayıq vəziyyətdə idarə etdiyi “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdam rayonu, Dörd yol ərazisindən, Tərtər rayonu, İlxıçılar kəndi istiqamətində asfalt yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olan zaman həmin istiqamətdə iri-buynuzlu heyvanların asfalt yolun sağ tərəf sarı düz xətt zolağının kənarı ilə getdiyini görmüş, heyvanı vurmamaq üçün yüklü olan avtomobilini asfalt yolun ortasına çəkmiş, lakin həmin heyvanlardan biri buynuzunu maşının qoşqusuna çırpmış və nəticədə heyvanın arxa ayaq və bud hissəsi maşının qoşqusunun təkərinin altında qalmış və heyvan ölmüşdür. O, həmin heyvanı vurmamış, əksinə heyvan özünü yüklü olan yük avtomaşının qoşqusuna çırpmışdır. Həmin vaxt iddiaçı ölən heyvanın ona məxsus olduğunu bildirmişdir. Onun həmin hadisədə heç bir təqsiri yoxdur. Heyvan birbaşa yolun ona aid hərəkət hissəsinə çıxdığı və avtomaşının qoşqusuna özünü vurduğu üçün hadisə baş vermişdir. Heyvanı yoldan keçirmək üçün həmin ərazidə xüsusi nişan da olmamışdır. Onun barəsində manevr qaydalarının pozulması ilə bağlı qəbul edilmiş qərarın həmin heyvanın vurulması ilə heç bir bağlılığı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, HK-1/1408 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilməyindən cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş “manevr etmə qaydasını pozma” inzibati xətasının tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tərtər RPŞ-nin X10 bölməsinə göndərilməsi qərara alınmışdır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X5 ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 12:15-də “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı vasitəni idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 50 nömrəli, 05 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı avtomaşın ilə ona məxsus 14 kq diri çəkidə olan 1 (bir) baş düyəsinin təxmini bazar qiymətinə dair arayışın alınıb Gəncə Şəhər Məhkəməsinə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, 114 kq diri çəkidə olan 1 (bir) baş düyənin təxmini bazar qiyməti 1368 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərtər X6 Mərkəzinin MİKO/1.2.62-2-2022-146 nömrəli, 13 dekabr 2022-ci il tarixli rəyində bildirilmişdir ki, halhazırki dövr üçün 1 baş iri buynuzlu 2 yaşlı doğmamış dişi inəyin (düyənin) orta bazar qiyməti yerli cins mallarda təxminən 1000-1500 manat, xarici cins mallarda isə 2000-2500 manat təşkil edir. 16 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Tərtər rayonu, İlxıçılar kəndi ərazisindən keçən magistral yolda Gəncə şəhəri, ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 1 (bir) baş iribuynuzlu heyvanı vurduğu yerdir. Baxış keçirilən zaman Cavabdeh Bərdə rayonundan Tərtər rayonu istiqamətində hərəkətdə olan zaman Tərtər rayonu, İlxıçılar kənd sakini İddiaçı məxsus bir baş qonur rəngli dişi iribuynuzlu heyvanın asfalt yola çıxması nəticəsində heyvanı vurmuşdur. Baxış keçirilən yerin ətrafında fərdi yaşayış evləri yerləşir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilən yerin şəkilləri “Samsung” markalı mobil telefon ilə çəkilmişdir və fotocədvəl formasında baxış protokoluna əlavə edilmişdir. Avtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsinin 328 nömrəli, 24 avqust 2022-ci il tarixli rəyinə əsasən “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşına Tərtər TXS-nin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomaşına heç bir ziyan dəymədiyi müəyyən edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə Tərtər rayonu, İlxıçılar kəndində anadan olmuş, Tərtər rayonu, İlxıçılar kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 16 avqust 2022-ci il tarixdə Cavabdeh “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər rayonu, İlxiçılar kəndi ərazisindən keçən asfalt yolun sağ tərəf hərəkət zolağı ilə Tərtər şəhəri istiqamətində hərəkətdə olan zaman Tərtər rayonu, İlxıçılar kəndində yaşayan İddiaçı məxsus 1 (bir) baş iribuynuzlu düyə Cavabdeh idarə etdiyi yük avtomobilinin qoşqusuna çırpılmış və nəticədə hadisə yerində ölmüşdür. Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Cavabdeh avtomaşını ilə onun 1 (bir) baş iribuynuzlu heyvanını öldürməsi nəticəsində ona ən azından 1000 (bir min) manat maddi zərər vurduğunu və həmin zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Cavabdeh isə həmin heyvanı vurmadığını, heyvan özünü maşının qoşqusuna çırpdığını bildirmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı cavabdehin təqsiri nəticəsində ona ziyan vurulmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Müki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldə çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 47-ci maddəsinin vı bəndinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı məxsus 1 (bir) baş iri buynuzlu düyə Cavabdeh idarə etdiyi yük avtomobilinin hərəkət etdiyi istiqamətdə asfalt yolun sağ hərəkət zolağının kənarı ilə İlxıçılar kəndi istiqamətində hərəkətdə olan zaman həmin heyvan Cavabdeh idarə etdiyi avtomobilə dəyməməsi və yol-nəqliyyat hadisəsi baş verməməsi üçün sonuncu avtomobilini asfalt yolun əks hərəkət zolağına çıxarmış, lakin həmin heyvanın buynuzu avtomobilin qoşqusuna dəyməsi nəticəsində avtomobilin altına düşmüş və avtomobilin qoşqusunun altında qalaraq ölmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı məxsus 1 (bir) baş iri buynuzlu düyəni bilavasitə Cavabdeh idarə etdiyi “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurmamış, cavabdeh bütün texniki vasitələrdən istifadə etməsinə baxmayaraq iddiaçıya məxsus 1 (bir) baş iri buynuzlu düyə özünü cavabdehə məxsus avtomobilin qoşqusuna çırpmış, nəticədə hadisə yerində ölmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş baxış protokoldan və fotoşəkillərə əsasən hadisə yolun cavabdehin avtomaşının hərəkət etməli olan zolağında baş vermiş, həmin ərazidə heyvanları keçirmək üçün hər hansı bir işarə verici yol nişanı olmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, hadisənin baş verməsinin, yəni iddiaçıya məxsus 1 (bir) baş iri buynuzlu düyənin cavabdehin idarə etdiyi “MAZ-54323” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusuna çırpılması və nəticədə ölməsinin səbəbi İddiaçı onun təsərrüfatında olan heyvanları yolun hərəkət olan hissəsi ilə aparması və onlara lazımi nəzarət etməməsi olmuşdur. Halbuki Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 47-ci maddəsinin Vİ bəndinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) malqaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə malqaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan hallar mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-449/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-449/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver