Məhkəmə qərarları › İş №2(125)-4492/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4492/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4492/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə 20 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 05 avqust 2010-cu il tarixdə X9 və 12 fevral 2012-ci il tarixdə X10 adlı 2 uşaq anadan olmuşdur. Onunla Cavabdeh arasında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Yaşayış minimumu ilə əlaqədar xərclərin artmasına görə onun maddi vəziyyəti pisləşmişdir. Cavabdeh isə uşaqların saxlanması üçün alimentdən başqa ona heç bir maddi yardım göstərmir. O, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların maddi xərclərini çətinliklə ödəyir. Buna görə də alimentin miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdeh maddi imkanının aşağı olduğunu bəhanə gətirir və alimentin artırılmasına razı olmur. Lakin cavabdehin maddi vəziyyəti həqiqətən pis olsaydı, o ikinci dəfə ailə qurmaz və ailə planlaşdırılması zamanı birinci nikahdan olan uşaqların dolanışığını nəzərə alardı. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hazırda o, «Gəncə Dövlət Universiteti»nin X6də işləyir və aylıq 374 manat əmək haqqı alır. Buna baxmayaraq, iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəmək üçün çalışır. İddiaçı ilə onun arasında olan nikah pozulduqdan sonra, o başqa şəxslə nikaha daxil olmuşdur. Həmçinin onun gözündə problem olduğuna görə, o əməliyyat olunmalıdır. Lakin əmək haqqının 70 faiz hissəsi aliment ödənilməsinə sərf edilir. Qeyd olunan səbəblərdən onun maddi vəziyyəti yaxşı deyildir və hətta o, öz maddi tələbatlarını çətinliklə ödəyir. Sonda Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, 05 avqust 2010-cu il tarixdə anadan olmuş X3 və 12 fevral 2012-ci il tarixdə anadan olmuş X4 X1 yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh X2 xeyrinə tutulması müəyyən edilmişdir İş materiallarında olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müəllim vəzifəsində işləyir və aylıq 653 manat əmək haqqı alır. İşdə olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh «Gəncə Dövlət Universitetinin X6» X8 fəhlə-sənətkar vəzifəsində işləyir və aylıq 374 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyyarının həddi» haqqında Azərbaycan Respublikası Qanununa görə 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 136 manat 60 qəpik məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)- 5269/2017 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 136 manat 60 qəpik məbləğində pul vəsaitinin 55 faizi həddində, yəni 75 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 83 manat 40 qəpik məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)-5269/2017 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(044)- 5269/2017 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 05 avqust 2010-cu il tarixdə anadan olmuş X3 və 12 fevral 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar