Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4501/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq – xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2114/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar anasının himayəsinə verilmişdir. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqlar anasının himayəsinə verildiyi gündən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin və uşaqların üç yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Hüseynova (Əliyeva) Arzu Anar qızına ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xasiyyətləri uyğun gəlmədiyindən məhkəməyə müraciət etmiş, sözügedən məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda uşaqları üç yaşına çatdığından məhkəmə qətnaməsi ilə ananın maddi təminatı üçün nəzərdə tutulmuş hər uşaq üçün 30 manat, cəmi 60 manat aliment dayandırılmışdır. Cavabdeh ona alimentdən başqa uşaqların saxlanmasında heç bir köməklik etmir, uşaqlar böyüyür, tələbatları artır. Cavabdehin ödədiyi aliment uşaqların saxlanılması üçün kifayət etmir. Həmçinin, cavabdeh fərdi əməklə məşğul olduğundan tələb olunan miqdarda aliment ödəməyə imkanı var. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh poçt vasitəsilə məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, alimentin artırılması tələbi əsassızdır, çünki daimi iş yeri var – Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində ədliyyə kiçik giziri rütbəsində nəzarətçi işləyir. Onun əmək haqqından bütün növ tutulmalar tutulduqdan sonra aylıq əmək haqqı 676,78 manat təşkil edir. Həmin maaşdan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2114/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 260 manat aliment üçün və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1605/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 78,39 manat qızıl zinət əşyalarına görə tutulur. Əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəməli olduğu halda, bu məbləğ iddiaçını qane etmədiyi üçün iddiaçı ondan 500 manat sabit pul məbləğində aliment tələb edir. Həmin 500 manat isə onun əmək haqqısının 75 faizini təşkil edir. Belə olacağı təqdirdə onun maddi və sosial durumu kəskin surətdə pisləşəcəkdir. Hesab edir ki, təyin edilmiş 260 manat aliment məbləği onun qazancının 1/3 hissəsindən xeyli artıq olduğundan aliment onun maaşı artırılanadək həmin qaydada davam etdirilməlidir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəf ondan aldığı 260 manatdan əlavə xeyli miqdarda sosial yardım almaq hüququ olsa da, iddiaçı özü və uşaqlara sosial müavinət almaq əvəzinə ondan 500 manat aliment tələb etməklə uşaqlardan əlavə özünün də maddi təminatını onun üzərinə qoymaq istəyir. Buna görə də hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə verərək iddia tələbini qismən qəbul etdiyini və birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün alimentin hər uşağa münasibətdə 20 manat artırılmaqla, hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat aliment ödəməyə razı olduğunu dildirdi. Cavabdeh həmçinin onu da əlavə etdi ki, əmək haqqının 260 manatı alimentə, 78 manatı qızıl zinət əşyalarına tutulur, dolanışığı üçün cəmi 320 manat qalır. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin ərizəsini, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşaqların maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşaqlarını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində əhəmiyyətli dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin iş materiallarına əlavə etdiyi arayışdan isə görünür ki, cavabdeh 2 saylı X3-nəzarət şöbəsinin nəzarətçisi ədliyyə kiçik giziri işləyir, onun əmək haqqından bütün növ tutulmalar (Vergi, DSMF, İcbari tibbi sığorta) tutulduqdan sonra aylıq əmək haqqı 676,78 manat təşkil edir. Həmin maaşdan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1605/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 78,39 manat qızıl zinət əşyalarına görə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2114/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 260 manat alimentə ödənilir. Bununla belə, cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəyə bilər. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı əhəmiyyətli dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Cavabdeh tərəfindən məhkəməyə əmək haqqı barədə arayış təqdim edilsə də, əmək haqqının əvvəlki və sonrakı məbləği, bu məbləğin arasındakı fərq barədə hər hansı sübut təqdim edilməmişdir. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2020-ci il üçün bu məbləğ 170 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının dəyişməsi barədə hər hansı sübutun olmamasını, cavabdehin tələb olunan sabit pul məbləğində alimenti ödəməyə qismən razılığını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay, hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu hal üzrlü olmadığından iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən və iddia qismən təmin edildiyindən iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2114/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4501/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4501/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver